...

Azərbaycanda uşaqların təhsildən yayınmasının səbəbləri müəyyən edilib

Cəmiyyət Materials 27 Noyabr 2013 13:05 (UTC +04:00)
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) apardığı monitorinqlər əsasında uşaqların təhsildən yayınmasının əsas səbəblərini müəyyən edib.
Azərbaycanda uşaqların təhsildən yayınmasının səbəbləri müəyyən edilib

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) apardığı monitorinqlər əsasında uşaqların təhsildən yayınmasının əsas səbəblərini müəyyən edib.

Komitədən Trend-ə verilən məlumata görə, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"na əsasən, ölkə üzrə uşaqların təhsildən yayınması və əmək fəaliyyətinə cəlb olunması hallarının monitorinqini həyata keçirən nəzarət qrupu yaradılıb. Nəzarət qrupuna AQUPDK, Təhsil, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, yerli icra hakimiyyəti orqanları və QHT-lər daxil edilib.

Uşaqların təhsildən yayınması və əmək fəaliyyətinə cəlb edilməsinin monitorinqi məqsədilə Bakı şəhərinin Xəzər, Binəqədi, Sabunçu rayonlarında, Masallı, Qusar və Sabirabad rayonlarında ümumilikdə 23 təhsil müəssisəsində, 11 internet klubunda və 4 restoran tipli obyektdə monitorinqlər keçirilib.

Komitə hesab edir ki, monitorinqlərin keçirilməsi uşaqların təhsildən yayınmasının əsas səbəblərinin müəyyən edilməsi baxımından mühüm addım olub. Uşaqların təhsilə davamiyyətinin ilk növbədə valideyin məsuliyyəti və məktəblərdə davamiyyətə olan nəzarət işlərinin təşkili ilə birbaşa əlaqədar olduğu müəyyən edilib.

Bakı şəhəri üzrə keçirilmiş monitorinqlərin nəticəsi olaraq uşaqların təhsildən yayınmasına təsir göstərən əsas faktor oğlan uşaqlarının internet klublarından istifadəsi, rayon və kənd yerlərində mövsümi işlərlə əlaqədar olaraq uşaqların ailə təsərrüfatlarında valideynlərinə kömək etməsi, həmçinin Bakı kəndlərində qız uşaqlarının valideynləri tərəfindən dərsə mütəmadi göndərilməməsi müəyyən edilib. Uşaqların təhsildən yayınmasına şərait yaradan əsas amillər kimi valideynlərin uşaqların təhsilə olan davamiyyətinə az diqqət yetirməsi və məlumatsızlığı, məktəblərdə davamiyyətlə bağlı qeydlərin aparılmasına nəzarətin zəif olması aydınlaşdırılıb.

Dövlət Komitəsindən bildirilib ki, monitorinqlər nəticəsində uşaqların təhsildən yayınmasına təsir göstərən əsas amillərin aradan qaldırılması istiqamətində həm qanunvericilikdə, həm də inzibati sahədə tədbirlərin görülməsi mühüm əhəmiyyət kəsb edir. Xüsusilə məktəblərdə Valideyin-Müəllim assosiasiyalarının fəaliyyətinin gücləndirilməsi, valideynlə müəllim arasında səmərəli əməkdaşlığın və məlumat mübadiləsinin gücləndirilməsi, məktəb psixoloqlarının fəaliyyətinin gücləndirilməsi və uşaqların bu xidmətdən istifadəsinə zəruri şəraitin yaradılması, məktəb ərazisinə yaxın yerlərdə internet klublarının və digər əyləncə obyektlərinin fəaliyyətinə nəzarətin gücləndirilməsi istiqamətində tədbirlərin aparılmasına böyük ehtiyac var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti