Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir İ.İsabalayeva, E.Mehdiyev/
Bu gün Bakıda Azərbaycan Müəllimlərinin XIV Qurultayı keçirilir. Trend-in məlumatına görə, qurultayda təhsil naziri Mikayıl Cabbarov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Azərbaycan Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, Baş nazirin müavini Elçin Əfəndiyev, dövlət rəsmiləri, millət vəkilləri, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbər işçiləri, QHT nümayəndələri, nüfuzlu müəllim və ziyalılar iştirak edir. Ümumilikdə, qurultaya 900-ə yaxın təhsil ictimaiyyətinin nümayəndələri qatılıb.
Hər 5 ildən bir keçirilən qurultayda ölkə təhsilinin inkişafında görülən işlər, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"ndan irəli gələn məsələlər, qarşıya qoyulan vəzifələr müzakirə olunacaq.
Tədbiri açıq elan edən təhsil naziri Mikayıl Cabbarov deyib ki, Azərbaycan müəllimlərinin ilk qurultayı 1906-cı ildə keçirilib. Qurultayda o dövrün tanınmış ziyalıları iştirak ediblər.
Nazir bildirib ki, son illərdə Azərbaycanda bir çox sosial obyektlər tikilərək istifadəyə verilib: "İndiyədək qazandığımız nailiyyətlərin qoruyub saxlamaq üçün əlimizdən gələni etməliyik. Bu, bir reallıqdır ki, müasir dövrdə ölkələr təhsil sahəsinin hesabına inkişaf edə bilərlər. Bu baxımdan Prezident İlham Əliyevin uzaqgörənliklə dediyi kimi, neft kapitalını insan kapitalına çevrilməliyik".
M.Cabbarov qeyd edib ki, ölkəmizin qarşıdakı illərdə sosial-iqtisadi inkişafını müəyyənləşdirən "Azərbaycan-2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası təsdiqlənib. Bu konsepsiya təhsil sisteminin dəyişdirilməsini, təhsilin əhəmiyyətinin artırılmasına yardım edəcək.
Nazirin sözlərinə görə, dövlət başçısı İlham Əliyevin yeni prezidentlik dövründə ilk imzaladığı sənəd "Azərbaycan Respublikasının Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası" olub. Bu sənəd təhsillə bağlı olan bütün subyektləri əhatə edir. Dövlət strategiyasında kadr hazırlığının gücləndirilməsi, müəllim peşəsinin nüfuzunun qaldırılması və s. əsas hədəflər kimi götürülüb. Bu sənəd ölkəmizin modernləşdirilməsi üçün ölkəmizin lazım olan kadr hazırlığının həyata keçirilməsinə imkan verəcək.