Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Aerokosmik Agentliyinin əməkdaşları ilə görüş keçiriblər.
İnstitutdan Trend-ə verilən məlumata görə, görüşün önəmindən bəhs edən Riyaziyyat və Mexanika institutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov elmi əməkdaşlığın ölkənin müdafiə sənayesinin inkişafına tövhə olacağını bildirib: "Elm işçilərinin prioritet sahə üzrə birgə işləmələri həm elmin, həm də müdafiə sənayesinin inkişafına təkan verəcək. Belə ki, Milli Aerokosmik Agentliyinin əməkdaşları tədqiqat işlərini institutun elmi jurnalına çap etdirə biləcəklər".
Agentliyin direktoru Alçın Şirinzadə görüşün keçirilməsinin təqdirəlayiq hal olduğunu ifadə edərək belə görüşlərin tez-tez keçirilməsinin vacibliyini vurğulayıb. O, Azərbaycanda bu il ilk dəfə keçiriləcək ümumdünya sərgisinə hazırlıq üçün Riyaziyyat və Mexanika institunun alimlərinin fikirlərinə ehtiyac olduğunu bildirib.