...

Belaruslu ginekoloq: Azərbaycan qadınlarının başlıca problemləri düzgün qidalanmamaq, düzgün olmayan həyat tərzi ilə əlaqədardır (MÜSAHİBƏ)

Cəmiyyət Materials 24 Yanvar 2014 17:44 (UTC +04:00)
Azərbaycana təcrübə mübadiləsi məqsədilə səfər edən Belarusun tanınmış ginekoloqu, alim Aleksand Barsukovun Trend-ə müsahibəsi
Belaruslu ginekoloq: Azərbaycan qadınlarının başlıca problemləri düzgün qidalanmamaq, düzgün olmayan həyat tərzi ilə əlaqədardır (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycana təcrübə mübadiləsi məqsədilə səfər edən Belarusun tanınmış ginekoloqu, alim Aleksand Barsukovun Trend-ə müsahibəsi

- Azərbaycana növbəti səfərinizdə məqsəd nədir? Azərbaycanda olduğunuz müddətdə neçə əməliyyat həyata keçirdiniz?

- Yanvarın 21-dən Azərbaycanda səfərdəyəm. Səfər martın 1-dək davam edəcək. Bu müddətdə Respublika Diaqnostika Mərkəzinin (RDM) həkimləri ilə birgə əməliyyatlar edəcəyəm, həkimlər üçün master-klasslar, Mərkəzə gələn xəstələrə yardım göstərmək üçün konsultasiyalar keçirəcəyik. Artıq bir necə əməliyyat etmişəm. Nazirliklərimiz arasında mövcud əməkdaşlıq çərçivəsində müxtəlif vaxtlarda müxtəlif ixtisaslı həkimlər, o cümlədən neontoloqlar, pediatrlar, endokrinoloqlar, ginekoloqlar gəliblər. Bu dəfə isə mən tək gəlmişəm. Martın 1-dək RDM-in həkimləri üçün master-klasslar keçirməklə yanaşı, həmkarlarımın vəziyyətlərini mənimlə müzakirə etmək istədikləri ağır xəstələrə baxış keçirəcək, həmçinin bizim apardığımız əməliyyatları nümayiş etdirəcəyəm.

Məlumdur ki, tibb sahəsində müxtəlif məktəblər var. Bilirəm ki, burada mamalıq, cərrahiyyənin texniki məsələlərində əsasən Türkiyə məktəbinin təcrübəsi əldə edilir. Belarusda isə Rusiya məktəbinin təcrübəsindən istifadə olunur.

- Ginekoloji baxımdan Azərbaycan qadınlarının sağlamlıq vəziyyətini necə dəyərləndirirsiniz?

- Ginekoloji baxımdan Azərbaycan qadınlarının sağlamlıq vəziyyəti digər ölkələrdəki qadınların vəziyyətindən hansısa xüsusiyyəti ilə seçilmir. Amma ilk növbədə gözəçarpan yeganə məsələ, xüsusən də mamalıq sahəsində həkimlərə bir qədər inamsızlığın müşahidə edilməsidir. İkinci tərəfdən, yumşaq desək, qarşılaşdıqları vəziyyətlərdə ailələrdə son qərarı qadınlar vermir, yekun qərarı qayınana və ya ər qəbul edir. Bu, düzgün deyil. Onlar vəziyyəti heç vaxt düzgün qiymətləndirə bilməzlər. Həkim bir söz deyir, qayınana isə "yox, bunu belə etmək lazım deyil" deyir. Sonda isə bu, pis nəticələnir. Hesab edirəm ki, burada kifayət qədər savadlı, yaxşı həkimlər var. Əgər həkim pasiyentə nəyisə tövsiyə edirsə, onu yerinə yetirib-yetirməmək pasiyetin öz seçimi, öz hüququdur. Amma mən pasiyentlərin həkimlərə inanmamağı üçün səbəb görmürəm.

- Bizim qadınlar ginekoloji baxımdan özlərinin sağlamlıqlarının qayğısına qalırlarmı?

- Mənim burada müşahidə etdiklərimə görə, Azərbaycan qadınları öz sağlamlıqlarının qayğısına qalırlar - həkimə müraciət edir, onunla məsləhətləşirlər. Bu, mənə bir az qeyri-adi gəldi. Bizdə, adətən, qadın həkimə özü gəlir. Çünki ginekoloq qadına individual, şəxsi baxımdan müxtəlif suallar verə bilər. Belarusda ölkə qanunvericiliyinə uyğun olaraq, pasiyent yaxınları ilə bərabər gəlsə belə, maraqlanıram ki, həmin şəxslərin iştirakı ilə qadından müvafiq sualları soruşa bilərəmmi? Əgər qadın "bəli" deyirsə, intim və s. xarakterli suallar da daxil olmaqla, müxtəlif sualları verirəm. Amma Azərbaycanda elə anlar olub ki, mənimlə məsləhətləşmək istəyən həmkarlarımla xəstəni müayinə edən zaman məndən otaqdan çıxmağı xahiş ediblər. Pasiyent deyir ki, "istəmirəm ki, mənə kişi baxsın". Ola bilər ki, buna sizin mentalitetiniz, dininiz və məzhəbiniz imkan vermir. Onlar unudurlar ki, mən küçədə kişi sayılıram, burada isə sadəcə həkiməm.

- Azərbaycan qadınları arasında daha çox hansı xəstəliklərə təsadüf olunur və bunun səbəbi nədir?

- Allah bizim hamımızı eyni yaradıb. Biz müxtəlif şəraitlərdə yaşayır, fərqli, spesifik xüsusiyyətlərə malikik. Amma demək olar ki, qadınların hamısında eyni xəstəliklər müşahidə edilir. Azərbaycan qadınlarının başlıca problemləri düzgün qidalanmamaqla, düzgün olmayan həyat tərzi ilə əlaqədardır. Qarşılaşdığım hallardan birini qeyd edim. Artıq çəkinin təsirindən aybaşı dövrünün pozğunluğuna rast gəldiyim qızdan soruşuram ki, siz idmanla məşğul olursunuzmu, yürüş və ya hərəkət edirsinizmi? Cavab verir ki, atam icazə vermir, ancaq universitetə gedib-gəlirəm. Əgər artıq çəkinin təsirindən hormonal fon dəyişirsə, sonra bu qızdan necə yaxşı, reproduktiv sağlamlıq gözləmək olar? O gələcəkdə hamiləlik dövrü və doğuş prosesini necə keçirəcək? Düzdür, Azərbaycan standartlarına görə bu gün Avropa səviyyəsinə qalxır, amma insanların təfəkkürünü də dəyişmək lazımdır. Bu əsrdə qızı harasa buraxmamaq qeyri-adidir. Halbuki uşağın tərbiyələndirilməsi zamanı ilk növbədə ona inam göstərilməli, eyni zamanda, onun bu qədər həyəcan keçirməməsindən ötrü valideynlər uşaqları düzgün tərbiyə etməlidirlər.

- Azərbaycanda daha çox xaricdən gələn həkimlərə maraq göstərilir...

- Əlbəttə, burada çox yaxşı həkimlər var. Hər bir həkim hansısa istiqamət üzrə - kimisi mamalıq, kimisi ginekologiya, kimisi perenatal diaqnostika üzrə dərindən ixtisaslaşıb. Burada yaxşı komanda formalaşıb. Qadınların başqa ölkələrdən olan həkimlərlə maraqlanmasını isə izah edə bilmirəm. Keçən səfərimdə çox gözəl müəssisədə - Respublika Perenatal Mərkəzində, böyük qadın məsləhətxanasında olmuşam. Amma keçən dəfə bir vəziyyət mənim üçün qeyri-adi oldu. Qadınlarla bağlı ambulator klinikada çalışan həkimdən soruşuram ki, bəs qadın harada doğacaq, o isə deyir, mən bilmirəm. Bizdə isə belə bir anlayış yoxdur. Bizdə hər bir qadın məsləhətxanası hansısa bir doğum evinə bağlıdır. Əgər qadın həmin doğum evini istəmirsə, kart mübadiləsi etməklə digər doğum evinin baş həkiminin yanına getməlidir. Orada doğum evinin yükündən asılı olaraq, ona doğuşun həmin müəssisədə olması üçün icazə verilir və ya verilmir. Çünki doğuşlar olduqca çoxdur, həkim və ya növbətçi həkim patologiyanı buraxa bilərlər. Bir xəstəxana həddindən artıq dolu, digəri isə boşdursa, bu şərait doğum evində anormal sanitar vəziyyət, həmçinin personala anormal yük yarada bilər. Sizdə isə xəstə özü hara istəsə gedə bilər. Hətta qadın elə vəziyyətdə xəstəxanaya gəlir ki, uşağın başı demək olar ki, artıq xaricdədir. Bu, düzgün deyil. Onlar öz sürətləri ilə istədikləri vaxt, istədikləri yerə gedirlər. Elə vaxt gəlirlər ki, həkim artıq başqa bir pasiyentə görə əməliyyat otağındadır. Hətta elə patologiyalarla daxil ola bilərlər ki, onlara yardım belə etməyə zaman olmaz.

Bizdə isə qadın gedəcəyi klinikanı dəqiq bilir. Təcili yardım onu hansı xəstəxanaya aparacağını bilir. Çünki bizdə ölkə, şəhər üzrə vahid qrafik mövcuddur. Bu da yardımın göstərilməsində müəyyən nizam-intizam yaradır. Əgər qadın qanaxma və digər kritik hallara məruz qalarsa, həkim ağır xəstə gətirilməsi ilə bağlı klinikaya zəng edib xəbərdarlıq edir. Ona görə də bu gün bizim ölkəmizdə bu sahədə yüksək göstəricilərə nail olunub.

- Sizcə, Azərbaycan ailələrində sonsuzluq halları daha çox qadınların, yoxsa kişilərin səhhətlərində yaranmış problemlə əlaqədar yaranır? Ailələrdə sonsuzluq hallarının baş verməsinin günahını kimdə - qadında, yoxsa kişidə axtarmaq lazımdır?

- Əvvəllər sonsuzluq hallarında qadınları günahlandırardılar. Amma bu gün sizdə, bizim ölkədə, eləcə də bütün dünyada vəziyyət dəyişib. Kişilər çox yeyir, piçə içir, piylənməyə məruz qalırlar. Bu da bizdə olduğu kimi, Azərbaycanda da kişilərdə funksiyaların pozulması, spermanın tərkibinin pisləşməsi ilə nəticələnir. Bütün dünyada kişilərdə spermatozoidlərin sayı, həcmi azalıb. Bu gün bizdə qadın-kişi nisbəti arasında sonsuzluq problemlərinin səbəbləri 50-50-yədir. Sonsuzluq səbəblərinin hətta 60 faizi kişilərin, 40 faizi isə qadınların payına düşür. Sizdə də eyni vəziyyətdir.

Konsultasiyalarda görürəm ki, problem partnyorların ya hər ikisindədir, ya da əsas kişilərdədir. Qadınlarda sonsuzluq halları daha çox hormonal halların pozulması ilə bağlıdır. Kişilərdə isə bu sahədə mütəxəssis olmasam da, deyə bilərəm ki, onlarda daha çox iltihabi xarakterli, həmçinin valideynlərin vaxtında diqqət yetirmədiyi uşaqlıq dövründən yaşanan problemlər olur. Qızlar kimi oğlanlar da ölkənin reproduktiv ehtiyatları sayılırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti