Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir İ.İzzət/
"Xocalıya ədalət" kampaniyasından Xocalıda hər iki valideynini itirmiş gənclərə dəstək verilir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu gün "Xocalıya Ədalət" Kampaniyasının təşəbbüsü ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Xocalı soyqırımı nəticəsində hər iki valideynini itirmiş 25 gənclə görüş keçiriblər.
Xocalı soyqırımının 22-ci ildönümünə təsadüf edən görüş gənclərin "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyasına müraciəti əsasında baş tutub. Görüş zamanı DQİDK sədri Elşad İskəndərov bildirib ki, Azərbaycan xalqına qarşı törədilmiş ən qatı cinayətlərdən olan Xocalı soyqırımı təkcə xalqımıza qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş hadisədir.
E.İskəndərov qeyd edib ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə Xocalı soyqırımı haqqında həqiqətlər artıq beynəlxalq ictimaiyyət tərəfindən tanınmaqdadır: "Bu illər ərzində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində bu səpkidə bir sıra mühüm işlər görülüb. Nəticədə artıq bir sıra ölkələrin parlamentləri, həmçinin beynəlxalq təşkilatlar tərəfindən Xocalı faciəsi soyqırım kimi tanınıb. Gələcəkdə də bu istiqamətdə işlər davam etdiriləcəkdir".
Görüşdə kampaniya çərçivəsində Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş gənclərin sosial problemlərinin həlli istiqamətində atılacaq addımlar müzakirə edilib. Qeyd olunub ki, gənclərin işlə təmin edilməsi, o cümlədən sosial həyatda, ictimaiyyətdə daha möhkəm mövqe tutması üçün kampaniya tərəfindən bütün zəruri tədbirlər həyata keçiriləcəkdir. Kampaniyanın "Sosial həmrəylik" layihəsi çərçivəsində bir sıra gənclərin dini icmalar tərəfindən qəyyumluğa götürüləcəyi qeyd edilib.
Görüşdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov isə bildirib ki, rəhbərlik etdiyi qurumla "Xocalıya ədalət" kampaniyası arasında həyata keçirilən "Sosial həmrəylik" layihəsi çərçivəsində Xocalı gəncləri "ASAN xidmət" mərkəzlərində işlə təmin olunacaqlar. Bundan əlavə, kampaniya çərçivəsində 25 gəncin sosial problemlərinin həlli istiqamətində aidiyyəti qurumlara müraciət ediləcək.
Görüşdə Xocalı faciəsində hər iki valideynini itirmiş gənclər də çıxış edərək bildiriblər ki, onlar dövlətin dəstəyini yüksək qiymətləndirirlər. Gənclər sosial problemlərinin həlli ilə bağlı göstərilən diqqət və qayğıya görə kampaniyanın təsisçisi Leyla Əliyevaya təşəkkürlərini bildiriblər. Onlar bu addımların gənclərin milli vətənpərvərlik ruhunun daha da yüksəldilməsi üçün təkan olacağına inandıqlarını ifadə ediblər.