...

Kampusların yaradılmasının təşviqi

Cəmiyyət Materials 7 Mart 2014 17:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir İ.İsabalayeva/

İlk dəfə olaraq XVIII əsrdə Prinston Universitetinin ərazisində kampus yaratmaqla tarixə düşən ABŞ-ın bu təcrübəsi zaman-zaman dünyada yayılmağa başladı. Ötən əsrlərdə kampuslar əksər ölkələrin universitetlərində təhsil sistemlərinin yüksək nailiyyətləri kimi ortaya çıxsa da, SSRİ-nin mövcud olduğu illərdə sovet respublikalarında bu təcrübədən istifadə edilmədi. Uzun müddət sovet təhsil sisteminin əsas idarəedici ölkəsi olan Rusiya da artıq yalnız auditoriya və tələbə-müəllim heyətindən ibarət olan universitet modelindən uzaqlaşaraq, kampuslar yaratmağı qarşısına məqsəd qoyub.

Təhsilin kampus zərurəti

"Təhsil haqqında" qanuna görə, kampus müvafiq maddi-texniki bazaya və infrastruktura malik təhsil kompleksi, başqa sözlə, şəhərciyidir. Ölkədə müxtəlif tipli təhsil müəssisələri təhsil kompleksi və kampus formasında fəaliyyət göstərə bilər. Azərbaycan Prezidentinin 29 dekabr 2012-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" Konsepsiyasında ali təhsil müəssisələri üçün kampuslar və müvafiq texnoparkların yaradılması, 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda isə kampusların yaradılmasının təşviqi məsələsi öz əksini tapıb.

Ali məktəblərimizin çoxu paytaxtın mərkəzində yerləşdiyindən bu gün onların əksəriyyəti üçün kampus yaratmaq qeyri-mümkündür. Bu səbəbdən kampus yaratmaq istəyən məktəblər üçün Bakı ətrafında və bölgələrdə torpaq sahələrinin ayrılması vacib sayılır. İdeyanı dəstəkləyənlər bu fikirdədirlər ki, bu halda şəhər daxilində tıxacların yaranmasının qarşısı alınar. Əslində bu bir həqiqət olsa da, kampusların yaradılması ölkəmizə yalnız tıxacların aradan qaldırılması üçün lazım deyil. Mütəxəssislərin fikrincə, müasir universitet tələbələrin intellektual, fiziki və mənəvi inkişafında böyük rol oynamalıdır. Bu da müasir dövrdə kampussuz mümkün deyil.

Hesab edilir ki, müasir universitetin ondan tələb olunan ehtiyacları ödəyə bilməsi üçün imkanları daha geniş olmalıdır. Müasir informasiya texnologiyalarına, yüksək tələblərə cavab verən avadanlıqlara malik olmayan universitet müəyyən bir müddətdən sonra zamanla ayaqlaşa bilməyərək öz funksiyasını yerinə yetirə bilməyəcək. Tədris olunan dərslərin effektivliyini artırmaq üçün müasir texnologiyaların olduğu sinif otaqlarının, laboratoriyaların, müasir və zəngin kitabxananın, bir çox sosial təsisatların (idman zalları, dərnəklər şöbəsi və s.) olması zəruridir. Hətta yerləşdiyi ərazinin mənzərəsi belə təhsilin keyfiyyətinə birbaşa təsir edən amillərdəndir.

Ekspertlər bu fikridədirlər ki, kampuslar yalnız xarici görünüşün gözəl olmasına görə yaradılmalı deyil. Bu şəhərçiklər elə qurulmalıdır ki, orada elmlə məşğul olmaq istəyənlər üçün çox gözəl şərait olsun.

Kampusun yoxluğu ucbatından qət edilən yollar

Ekspertlərin qənaətincə, kampuslar xarici ölkələrdən tələbələrin cəlbində, tələbələrin sosiallaşmasında da mühüm rol oynayır. "XXI əsr" Təhsil Mərkəzinin sədri Etibar Əliyevin fikrincə, bu gün ölkədə kampusların olmaması tələbələrin sosiallaşmasına imkan vermir, onlar bir-biri ilə yaxşı ünsiyyət qura, bilik mübadiləsi apara bilmirlər. Kampus yoxluğu tələbələrin informasiya texnologiyalarından mobil şəkildə istifadəsinin, gənclərin kitabxanalara cəlb edilməsinin qarşısını alır: "Bu gün dünyanın aparıcı universitetlərinin çox yaxşı kitabxana fondları var. Bizim tələbələr isə çox təəssüf ki, hər hansı materialı əldə etmək üçün kampusun yoxluğu ucbatından uzun məsafə qət edərək bu və ya digər kitabxanaya gedirlər".

Dünyanın ən gözəl kampusları

Məşhur jurnal olan "Forbes"in xahişi ilə dünyanın aparıcı arxitektor və dizaynerləri ən gözəl kampusları müəyyənləşdiriblər. Bu siyahıya ABŞ-ın Prinston, Stenford, Kaliforniya, Virciniya universitetlərinin, BBC Akademiyasının, Böyük Britaniyanın Oksford, İrlandiyanın Triniti, Çinin Sinxua, İtaliyanın Bolonya və s. universitetlərin adı daxil edilib. Kampusları canlı şəkildə görə bilməyənlər onlarla virtual olaraq da tanış ola bilərlər. Youvisit.com saytına daxil olan istənilən şəxs xarici ölkə universitetlərinin bir-birindən maraqlı kampuslarına virtual səyahət edə və onların imkanlarını öz ali məktəblərimizin mövcud imkanları ilə müqayisə edə bilər.

Kampus təcrübəsi çox az olan Azərbaycanın "universitet şəhərcikləri"nə isə fərqli yanaşmalar var. Bəzi mütəxəssislər onları kampus hesab etsə də, digərləri bu fikirdədir ki, müasir tələblərə cavab vermədiyindən ali məktəblərimizin mövcud "şəhərcikləri"ni tam olaraq kampus hesab etmək olmaz. Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı hesab edir ki, Azərbaycanda ən böyük kampus Naxçıvan Dövlət Universitetinindir. Ondan sonra nisbətən kiçik kampus Qafqaz Universiteti və ADU Universitetindədir.

Azərbaycanda kampuslarla bağlı tədbirlər planı hazırlanır

Təhsil Nazirliyindən verilən məlumata görə, hazırda ölkədə kampusların yaradılması ilə əlaqədar nazirlikdə müvafiq tədbirlər planı hazırlanır və hüquqi bazanın yaradılması istiqamətində iş aparılır.

Ekspertlərin fikrincə, kampusların yaradılmasına ilk növbədə məktəb rəhbərləri maraq göstərməli və bununla bağlı ideyalarını ortaya qoymalıdırlar. E.Əliyevin sözlərinə görə, universitet rəhbərləri özləri şəhərin mərkəzindəki binaların, torpaq sahələrinin əvəzinə mərkəzdən kənarda başqa yerin ayrılması təklifi ilə çıxış edə və orada kampus yarada bilərlər: "Ancaq bu gün Azərbaycandakı universitet rəhbərlərinin çoxu şəhərin mərkəzində fəaliyyət göstərməyi daha üstün tutur".

H.İsaxanlı isə hesab edir ki, kampusların yaradılmasına marağı məktəb rəhbərlərində zorla yaratmaq olmaz. Bu işlə kampus arzusunda olan məktəblər məşğul olmalıdırlar: "Azərbaycanda bu işin əhəmiyyətini başa düşən az sayda məktəb kampus quracaq. Bəzi ali məktəblər isə kampus yaratmağa maraq göstərməyəcəklər. Düşünürəm ki, hökumət müəyyən təşəbbüsləri dəstəkləsə, Azərbaycanın təhsil sistemində çox mühüm addımlar atılacaq".

Təklif olunan modellər

Dövlətin kampusların təşkili sahəsində apardığı siyasəti vacib amil hesab edən H.İsaxanlının fikrincə, mülkiyyətindən asılı olmayaraq, heç bir ali məktəb dövlətin dəstəyi olmadan bu işi təkmil şəkildə qura bilməz. ABŞ-ın bir neçə əsrlik kampus təcrübəsini nümunə göstərən professor deyib ki, hələ 1862-ci ildə prezident Avraam Linkoln kampus yaradılması üçün 100-ə qədər universitetə pulsuz torpaq sahəsinin ayrılması barədə qərar vermişdi. Azərbaycanda isə kampus yaratmaq istəyənlər üçün torpaqlar pulsuz ayrılmasa da, onlara bu ərazilər daha ucuz qiymətə satıla bilər.

Kampusların yaradılması ilə bağlı ikinci ən önəmli məsələ maliyyə vəsaitidir. Məsələn, rəhbəri olduğu məktəb üçün şəhərciyin olmasını çox istədiyini deyən "Odlar Yurdu" Universitetinin rektoru, millət vəkili Əhməd Vəliyev hazırkı maliyyə imkanlarının məhdudluğu üzündən bu işə başlaya bilmədiyini söyləyir.

H.İsaxanlı isə bildirib ki, bir neçə il əvvəl beynəlxalq maliyyə qurumlarından birinə kampus yaratmaq üçün maliyyə vəsaitinin ayrılması məqsədi ilə müraciət etsə də, təklif edilən şərtlər çox ağır olduğundan bu işi gerçəkləşdirə bilməyib. Belə çətinliklərin öhdəsindən gəlmək üçün hökumətin dəstəyini vacib sayan H.İsaxanlı təklif edir ki, kampus qurmaq istəyənlər üçün maliyyə vəsaiti 2 yolla - dövlət və ya banklardan uzunmüddətli borc, yaxud kredit verilməklə ayrıla bilər. Həmin vəsaitin geri qaytarılmasına isə 15 ildən sonra başlanılmalıdır.

Kampusların qurulmasının maliyyələşdirilməsi üçün təklif edilən digər model isə şəhərcik yaratmaq arzusunda olanların özlərinin bu işə sahibkarları, müəyyən fondları cəlb etməsidir. Belə ki, kampus qurmaq istəyənlər özləri özəl sektor, sahibkarlarla razılığa gələ və onların iqtisadi maraqlarını təmin etməklə birgə şəhərcik yarada bilərlər.

Dövlət və özəl ali məktəblər arasında fərq qoyulmalıdırmı?

Kampus yaratmaq istəyən dövlət ali məktəbləri üçün xüsusi imkanların yaradılmasına gəldikdə, H.İsaxanlı hesab edir ki, bu məsələdə dövlət və özəl məktəblər arasında ayrı-seçkilik qoymaq olmaz. Çünki həm özəl, həm də dövlət ali məktəbləri təhsil verməklə məşğul olur: "Dövlət ali məktəbə pul verəcək ki, gedin, kampusu qurun. Bu, düzgün deyil. Onlar özləri də çalışmalıdırlar. Dövlət məktəblərinə binanı, laboratoriyanı, işçilərinə maaşı verir. Özəl universitetlərə bunların heç biri verilmədiyindən onlara kampus yaratmaqda daha çox yardım göstərilməlidir".

Universitet infrastrukturunun çox böyük sərmayələr hesabına qurulduğunu deyən Qafqaz Universitetinin prorektoru Şahin Durmaz da hesab edir ki, özəl universitetlərə qoyulan özəl sərmayənin məhdud olması onların bir çox - daha böyük ərazilərdə yerləşmək, qapalı sosial təyinatlı binalar tikmək imkanlarını məhdudlaşdırır. Lakin dövlət universitetlərinə ərazi dövlət tərəfindən verildiyindən onların böyük ərazilərdə yerləşmə imkanları olur: "Özəl və dövlət ali məktəbləri arasında ayrı-seçkilik qoyulmamalıdır. Ölkə iqtisadiyyatına çox böyük təsir etmək gücü olan universitetlər dövlət və ya özəl olmasından asılı olmayaraq, dövlət tərəfindən dəstəklənməli, onlara infrastrukturun qurulmasında, professor-müəllim heyəti ilə təminatında yaxından kömək göstərilməlidir".

Kampusların yaradılmasına biznes sektoru cəlb edilməlidir

Kampusların yaradılmasına biznes sektorunun cəlb edilməsini vacib sayan Ə.Vəliyev deyir ki, Türkiyədə bizneslə məşğul olan böyük təşkilatlar bu sahədə daha fəaldırlar. Lakin o, çox təəssüflə bildirib ki, Azərbaycanda nəinki bu təcrübə, hətta ona meyl göstərən təşkilat yoxdur.

Milət vəkilinin qənaətinə görə, biznes sektorunun kampusların yaradılmasında iştirak etməsinə maraq oyatmaqdan ötrü bu məsələnin qanunvericiliyə daxil edilməsinə çalışmaqdan çox, insanların təfəkkürünü dəyişdirmək lazımdır.

H.İsaxanlı isə hesab edir ki, sahibkarları prosesə cəlb etməkdən ötrü onlarda buna iqtisadi maraq yaradılmalıdır. Sahibkarı bu işə necə cəlb etmək isə artıq kampusu quran şəxsin işi olmalıdır: "Kampusu quran bir şəxs sahibkarı bu prosesə uğurla, digəri uğursuz cəlb edə, başqa birisi, ümumiyyətlə, cəlb etməyə bilər. Dövlət yer ayırdıqdan və böyük məbləğdə borc verdikdən sonra sahibkar olmadan da kampus yaratmaq olar".

Özəl sektorla uğurlu əməkdaşlıq quran Ş.Durmaz deyir ki, "BP Caspian" şirkəti ilə həyata keçirilən müştərək layihə nəticəsində universitetdə kimya və mexanika mühəndisliyi bölməsi açılıb. "Universitet şəhərciyi"ndəki çox sayda laboratoriyaların istifadəyə verilməsinə müxtəlif şirkətlər dəstək göstəriblər. Universitet rəsmisi hesab edir ki, bütün bunlar Azərbaycanın gələcək iqtisadi inkişafına dəstək verən çox mühüm sərmayələrdir.

Yazı Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə müsabiqəsinə təqdim etmək üçün hazırlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti