...

Azərbaycanda süd vəzisi xərçənginə tutulma riski böyük olan qadınlar üçün nadir əməliyyatın aparılmasına başlanılıb

Cəmiyyət Materials 3 Aprel 2014 16:44 (UTC +04:00)
Azərbaycan səhiyyəsində dünyanın çox az ölkəsində aparılan yeni əməliyyatın həyata keçirilməsinə başlanıb. Ölkədə ilk dəfə olaraq, süd vəzisi xərçənginə tutulma riski böyük olan qadın yeni həyata keçirilməyə başlanan nadir əməliyyat sayəsində bu xəstəlikdən qurtula bilib.
Azərbaycanda süd vəzisi xərçənginə tutulma riski böyük olan qadınlar üçün nadir əməliyyatın aparılmasına başlanılıb

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan səhiyyəsində dünyanın çox az ölkəsində aparılan yeni əməliyyatın həyata keçirilməsinə başlanıb. Ölkədə ilk dəfə olaraq, süd vəzisi xərçənginə tutulma riski böyük olan qadın yeni həyata keçirilməyə başlanan nadir əməliyyat sayəsində bu xəstəlikdən qurtula bilib.

Azərbaycan Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin Ümumi onkologiya şöbəsinin müdiri, əməliyyatı aparan həkim, tibb üzrə fəlsəfə doktoru Samir Qurbanov Trend-ə bildirib ki, Azərbaycanda ilk dəfə olaraq, profilaktik mastektomiya və süd vəzilərinin birmomentli rekonstruksiyası əməliyyatı aparılıb. Bu əməliyyatla insan özünü xərçəngdən 95 faizə qədər sığortalayır.

Bu yaxınlarda dünyanın ən məşhur aktrisalarından olan Ancelina Colinin də belə bir əməliyyat etdiyini xatırladan S.Qurbanov deyib ki, profilaktik mastektomiya və süd vəzilərinin birmomentli rekonstruksiyası əməliyyatının yalnız bir neçə Avropa ölkəsində və ABŞ-da aparılması mümkündür. Çünki həmin əməliyyatın aparılması üçün ölkədə molekulyar laboratoriyanın olması lazımdır.

S.Qurbanov deyib ki, əməliyyat olunan xanım 29 yaşlı həkimdir. İki uşaq anası olan bu qadının anası, nənəsi süd vəzisi xərçəngindən rəhmətə gedib: "Bu xanım bizə süd vəzilərində ağrıların olması ilə bağlı müraciət edib. Ona görə də biz ona molekulyar müayinədən keçirilməsini təklif etdik. Məlum oldu ki, xanımda süd vəzisi xərçənginin yaranması üçün çox ciddi şərait var. Onda xərçəngin yaranmasına gətirib çıxara bilən mutasiyalar əmələ gəlib".

Onun sözlərinə görə, profilaktik məqsədlə xanımın süd vəzisi əməliyyat olunub: "Onun hər iki süd vəzisinin dərisi, giləsi, areolası saxlanmaq şərtilə süd vəzisi toxuması tamamilə kəsilib götürüldü. Eyni əməliyyat seansında həm də implantasiya olundu".

S.Qurbanov bildirib ki, əgər qadının uşaq doğmaq və uşağına süd vermək fikri varsa, onda bu əməliyyatı edə bilməz: "Çünki süd vəzisi reproduktiv orqan sayılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti