...

Azərbaycanın təhsil müəssisələri "Microsoft Office 365" məhsulunun tətbiqində maraqlıdır

Cəmiyyət Materials 7 May 2014 10:53 (UTC +04:00)
Azərbaycanın təhsil müəssisələri “Microsoft” Korporasiyasının “Office 365” məhsuluna və onun məktəb və universitetlərdə tətbiqinə maraq göstərir.
Azərbaycanın təhsil müəssisələri "Microsoft Office 365" məhsulunun tətbiqində maraqlıdır

Azərbaycan, Bakı, 7 may /Trend/

Azərbaycanın təhsil müəssisələri "Microsoft" Korporasiyasının "Office 365" məhsuluna və onun məktəb və universitetlərdə tətbiqinə maraq göstərir.

Şirkətdən Trend-ə verilən məlumata görə, "Office 365" proqram paketi ilə məktəblər elektron mühit quraraq "müəllim-şagird" ünsiyyətini daha da asanlaşdıra bilir. Buraya bir neçə proqram təminatı daxildir ki, bunların vasitəsilə müəllim və şagirdə elektron poçt açmaq, müəssisədaxili veb-sayt yaratmaq, online konfrans və ya online dərslər təşkil etmək mümkündür.

"Office 365" kommersiya məhsuludur və şirkətlərə satılmasına baxmayaraq, təhsil müəssisələrinə tam pulsuz olaraq təqdim olunur. Bu məhsul Azərbaycanda 1 ildən artıqdır təklif olunur ki, həm Təhsil Nazirliyi (müəllimlər üçün), həm bir neçə universitet "Office 365"dən fəal istifadə edir. Bu müddət ərzində 10 mindən artıq müəllim "Office 365" üzərində qeydiyyatdan keçib, onların hamısının fərdi elektron poçtları və sadalanan alətlərə çıxışları mövcuddur. Bu alətlər vasitəsilə məktəbin həm inzibati heyəti işlərini daha səmərəli edib, ünsiyyəti düzgün qura biləcək, həm də təhsil prosesi daha açıq, şəffaf, sürətli və əlçatan olacaq. Yəni müəllim və şagird istədiyi zaman sinxron və asinxron ünsiyyətdə ola biləcək. Ümumiyyətlə, hazırda "Microsoft Azerbaijan" şirkəti sözügedən məhsulun təhsil müəssisələrində geniş yayılması üzərində işlərini davam etdirir.

Sözügüdən məhsulu tətbiq edən Bakı Modern Məktəbinin İKT üzrə direktor müavini Gülnarə Səlimovanın sözlərinə görə, 2012/2013-cü tədris ilindən fəaliyyətə başlayan Bakı Modern Məktəbinin əsas məqsədi Avropa təhsil sisteminə inteqrasiya olmaq, müasir texnologiyalara əsaslanan təlim prosesini təşkil etməklə beynəlxalq standartlara cavab verən müasir tədris-təlim sistemi yaratmaqdır: "Bizim təhsil ocağımız müasir bir məktəbdir ki, bura yüksək texnologiya avadanlıqları ilə təchiz olunub. "Microsoft Azerbaijan" şirkətinin məktəbimizdə tətbiq etdiyi "Office 365" məhsulunu buna misal olaraq gətirmək olar. Şirkətin bizə təklif etdiyi bu məhsulu çox bəyəndik və məktəbdə tətbiqinə razılıq verdik. Nəticədə bütün müəllim, şagird və valideyinlər üçün elektron poçt ünvanları açıldı, məktəbin öz e-mail yaradıldı, sənədləşmə işləri asanlaşdı".

"Office 365"in üstünlüklərindən danışan G.Səlimova həmçinin bildirib ki, bu məhsul vasitəsilə məktəbin hər bir müəllimi ona lazım olan məlumatı sərbəst əldə edib dərslərdə istifadə edir, həmçinin, sinifdaxili, digər məktəblərlə, eyni zamanda xarici məktəblərlə videokonfranslar təşkil etmək mümkündür.

"Ümumiyyətlə, "Office 365" vaxta və xərclərə qənaət, məhsuldarlığın artırılması və məktəbin fəaliyyətinin inkişafı kimi üstünlüklər əldə etməyə imkan yaradıb, işlərin daha sürətli və asan şəkildə yerinə yetirilməsini təmin edib", - deyə G.Səlimova qeyd edib.

Məktəbin rəsmisi onu da əlavə edib ki, təlim prosesinin yeni təhsil yanaşmaları, səmərəli metod və texnologiyalar üzərində qurulması gələcəkdə yaxşı mütəxəssis olması üçün şagirdlərin erkən yaşlarından müasir peşə bacarıqları ilə yaxından tanış etdirilməsinə imkan verir: "400 şagird və 100 müəllimi olan Bakı Modern Məktəbi hazırda innovativ məktəb şəbəkəsinə qoşulub ki, distant şəkildə xarici ölkələrlə təcrübə mübadiləsi apara bilir. Məktəbimizin bütün şagirdləri planşetlə təmin olunub və hazırda məktəbdə 14 internet-kafe fəaliyyət göstərir ki, bu da şagirdlərin sinif mühitindən çıxıb daha innovativ dərs keçməsinə imkan yaradır".

G.Səlimova, həmçinin əlavə edib ki, hazırda Bakı Modenr Məktəbinin rəhbərliyi təhsil ocağının nəzdində "Microsoft İT Akademiyası"nın açılması barədə düşünür.

Qeyd edək ki, Bakı Modern Məktəbinin dördmərtəbəli tədris binası, geniş həyətyanı sahəsi var. Müasir maddi-texniki bazaya malik olan məktəbdə 35 tədris otağı, fizika, kimya, biologiya laboratoriyaları, kompyuter otaqları, linqafon kabineti, foto-laboratoriya, geniş kitabxana, yeməkxana, tibb otağı və müasir idman zalı var. Tədris otaqları və laboratoriyalarda masaüstü kompyuterlər, notebooklar, multimedia və interaktiv lövhələr, elektron kitabxana şagirdlərin ixtiyarına verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti