Azərbaycan, Bakı, 26 may /Trend/
Danimarkada fəaliyyət göstərən "Vətən" Cəmiyyəti bu ölkənin Helsinqor şəhərində keçirilmiş mədəniyyət festivalında təmsil olunub.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ildə bir dəfə təşkil olunan mədəniyyət festivalında Danimarkada yaşayan xalqların və millətlərin nümayəndələri iştirak edirlər. Hər bir xalqın nümayəndələri öz mədəniyyətini, incəsənətini, milli geyim və mətbəxini festivalda nümayiş etdirir.
"Vətən" Cəmiyyətinin nümayəndələri Azərbaycan incəsənətinə aid kitab, broşür, milli geyim nümunələri və Azərbaycan mətbəxinə aid şirniyyatları festival iştirakçılarına təqdim ediblər. "Cırtdan" uşaq yaradıcılıq qurupunun hazırladığı Azərbaycan nağıllarından parçalar və rəqslər qonaqlara xüsusi zövq verib. Festivalın sonunda "Cırtdan" uşaq yaradıcılıq qrupuna festival təşkilatçıları adından hədiyyələr təqdim edilib. Azərbaycan rəqsləri şənliyə xüsusi gözəlik verib.
Ümumiyyətlə, mədəniyyət festivalında Azərbaycan guşəsi iştirakçıların xüsusi marağına səbəb olub.