...

Ərdəbil - Şah İsmayıl Xətainin uyuduğu diyar (FOTO)

Cəmiyyət Materials 7 İyun 2014 13:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir T.Cəfərov/

Ərdəbil əyaləti İranın şimal qərbində yerləşir. Trend-in məlumatına görə, bu əyalət şimaldan Azərbaycan Respublikası, cənubdan Zəncan əyaləti, qərbdən Şərqi Azərbaycan və şərqdən Gilan əyaləti ilə qonşudur.

Ərdəbil əyalətinin 4 şəhəri Azərbaycan Respublikası ilə 382 kilometr uzunluğunda sərhədə malikdir. Ərdəbil azərbaycanlıların kompakt yaşadığı tarixi şəhərdir. İranın Ərdəbil əyalətinin mərkəzidir. Azərbaycanlılar isə Ərdəbili daha çox Şah İsmayıl Xətai və onun əcdadlarının və davamçılarının ideologiya mərkəzi kimi xatırlayır. Şəhərə gələn turistlərə ilk növbədə bu insanların əksəriyyətinin uyuduğu Şeyx Səfi türbəsinə ziyarət etmək məsləhət görülür. Şeyx Səfiəddin Şah İsmayıl Xətainin ulu babası və sufizm ideologiyasının banisidir.

Şeyx Səfi ilə Şah İsmayılın yaşadığı dövr arasında iki əsrlik tarix olub. Səfiəddin xalqın arasında böyük nüfuza malik bir şəxs imiş. O hazırda dəfn olunduğu məqbərədə təhsil verirmiş. Ona görə də bəzən təhsil alan tələbələrdən, orada yaşayan insanlardan kimsə öləndə elə oradaca basdırılırmış. Daha sonra Çaldıran, Suvar, Gəncə döyüşlərində də ölən əsgərlərin bəziləri həmin yerdə dəfn edilib. Bu məqbərədə onların qəbirlərini görmək mümkündür. Türbənin divarının hər yerinə Allah-Allah sözləri yazılıb. Ona görə də bəzən bura Allah-Allah türbəsi də deyilir. Məqbərənin içəridəki divarında şəkillər qızıl tozu ilə çəkilib. Salon boyunca xalça toxunubmuş və onun naxışlarının əksi tavana çəkilib. Lakin Qacar dövründə tavan uçub. Xalça özü isə satılıb və hazırda Viktoriya və Albert Muzeyində saxlanılır. Hazırda xalçadakı naxışlar olduğu kimi başqa bir xalçaya köçürülüb və məqbərədə qorunur.

Şeyx Səfiəddinin, Şeyx Heydərin, onların oğullarının hamısının məzarı bu məqbərədədir. Səfəvilər dövlətinin qurucusu Şah İsmayıl öldükdən sonra onun da cənazəsini Təbrizdən Ərdəbilə gətirərək bu məqbərədə dəfn ediblər. Hazırda onun qəbri İran dövləti tərəfindən qorunur. Qəbirin üstündəki qoruyucu sandığın üzəri fil dişləri ilə bəzədilib. Bu məqbərə 2010-cu ildə YUNESKO-nun mədəni irs abidələri siyahısına daxil edilib.

Ərdəbil əl işləri muzeyi ilə də məşhurdur. Muzeydə müxtəlif növ əl işləri məmulatları hazırlanır, sərgiyə və satışa çıxarılır. Saxsı qablar, xırda taxtalardan böyük bir əsərin yığılması, Ərdəbilə məxsus məmulatların hazırlanması turistlərin diqqətini daha çox çəkir. Ərdəbil İranın ən unikal əyalətlərindən sayılır. Əhali yayda bu ərazidə havanın temperaturunun İranın digər bölgələrinə nisbətən 12-18 dərəcə sərin olduğunu deyir. Qışda isə bu fərq 3 dərəcə təşkil edir. Bölgədə 70 isti su bulağı var. Şorəbil - Ərdəbil şəhərinin cənubunda yerləşən gözəl bir göldür. Şorəbil İranda yeganə göldür ki, şəhər daxilində yerləşir. Qədim zamanlarda bu gölün suyu şor olub, lakin sonrada ora şirin sular axıdıldığından suyun şorluğu azalıb. Hazırda bu göldə qızıl balıq yetişdirilir. Gölün ətrafında əyləncə mərkəzi yaradılıb və insanlar istirahət üçün bu gölün ətrafındakı park və əyləncə mərkəzinə üz tuturlar.

Ərdəbil əyalətinin gəzməli və görməli yerlərindən biri də Səreyn şəhəridir. Bu şəhər Ərdəbildən təxminən 30 km uzaqlıqda Savalan dağının ətəyində yerləşir. Ərdəbil əhalisi demək olar ki, istirahət vaxtlarının çoxunu bu yerdə keçirirlər.

Səreyni İranın turizm şəhəri adlandırmaq olar. Savalan dağının ətəyində olan digər yerlər kimi bura da yerin altından çıxan isti suları ilə məşhurdur. Bu sular əsasən 11 bulaqdan çıxır. Həmin suların həm temperaturu bir-birindən fərqlidir, həmdə hər biri müxtəlif xəstəliklərin müalicəsi üçün nəzərdə tutulub. Səreyndə bir neçə isti su sanatoriyası yaradılıb və nəinki İrandan, o cümlədən başqa ölkələrdən turistlər buraya axın edirlər.

Bizimlə söhbətləşən 72 yaşlı alman da bu əraziləri çox bəyəndiyini və tez-tez Səreynə gəldiyini dedi. Suya girmək üçün 2 saata bizim pulla təxminən 1-2 manat ödəməlisən. Burada başqa yerlərdən gələn əhalinin rahat qalması üçün hotellər var və tikilməkdədir. Səreyn şəhərinin başçısı Atif Naseri bizimlə söhbətində bildirdi ki, yayda burada havanın temperaturu İranın digər bölgələrinə nisbətən 15 dərəcə aşağı olur. Qışda isə burada temperatur mənfi 8 dərəcə təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti