...

Babək Şamilov: “Mənim fikrimcə, orta əsrlərdə olduğu kimi, indi də dünyada aparıcı memarların sayı elə, inkişaf etmiş aparıcı dövlətlərin sayı qədərdir” (MÜSAHİBƏ)

Cəmiyyət Materials 11 Avqust 2014 12:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 avqust /Trend/

Azərbaycanlı memar Babək Şamilovun müsahibəsi

- Bir çox memar hesab edir ki, ictimai interyerlər daha çox özəl, bəzən olduqca cəsarətli ideyaları reallaşdırmaga imkan verir. Sizcə, bir memar ücün yaradıcılıq imkanları daha çox harada genis ola bilər? İctimai obyektlərdə və ya yaşayış məkanlarında?

- Mənim fikrimcə, məsələ heç də layihənin tipində deyil. Əsas məsələ memarın düşüncə və ideyalarının layihəyə tətbiq etmə bacarığındadır. Çox qabarıq və aydın şəkildə görünən ideyalar, nə qədər cəsarətli görünsə də, həmişə, müəmmalı və sirli bir formada, gec qavranılan, zərif nəzərə çarpan ideyalara məğlub olur. Ümumiyyətlə, istər memarlıqda, rəssamlıqda, musiqidə istərsə də, diqər sahələrdə sənətkarın fikrini hamının, yəni, istənilən adamın tez və aydın başa düşməsi, ortaya qoyulmuş ideyanın çox bəsit olmasına sübutdur. Birincisi, memar, yaxud sənətkar, istedadla doğulmalıdır. Kiçik yaşlarından özünü büruzə verən qabiliyyət, illərin təhsil və təcrübəsindən sonra, zahirən, sakit vulkana bənzəyir. Amma əsil istedad, içindəki vulkanı gizlədən və özünü sadə apararaq yaratdıqlarında hamıya asanlıqla bəlli olmayan, sirli bir fikir, ideya qoyan sənətkardır. Leonardo da Vinçi "Monaliza"sında gizlətdiyi vulkan kimi, müəmmalı, sirli, qeyri-adi və hər an partlaya biləcək bir dəhşətdən qabaqki sakitlik kimi...

- Siz öz işinizdə hansısa universal, özünuzəməxsus detallar tətbiq etmisinizmi? "Müəllif dəsti xətti" anlayışına necə yanaşırsınız?

- Mən və mənim yaşıdlarım, Sovet dönəmində oxumuşuq. Bizim babalarımız Sovet hakimiyyətindən bir neçə əsas məsələyə görə qorxublar. Birincisi, ümumiləşmək və individuallığını itirmək, ikincisi, dinsiz olmaq və Allahı tanımamaq, üçüncüsü kökünü və tarixini bilməmək və yeni yazılan Sovet tarixini öyrənib, simasız olmaq...
Amma, quruluş dəyişsədə, zəmanə dəyişmədi. Dünyada gedən qloballaşma siyasəti hər şeydə özünü gözə soxur və adət-ənənələr gerilik kimi ortadan qeyb olur, yerini isə, sürətlə məhv etdiyimiz təbiətin yerində qurduğumuz, bir-birindən seçilməyən, beton və şüşə yığnağına bənzər şəhərlər tutur. Və belə sürətli bir axının içində seçilmək əlbəttə, çox çətindir. Müasir texnoloqiya imkan verir ki, bütün memar olmaq istəyənlər bir dəqiqədə bütün olmuşları və olanları önünə gətirsin. Artıq, dünya çox kiçilib. Müvəqqəti də olsa, başqalarından seçilmək üçün, internetdən və proqramlardan sürətlə istifadə edib, başqa ölkələrdə tikilməkdə olan layihələrə bir az əl qəzdirib, özününküləşdirmək və sifarişçilərin bilqisizliyindən istifadə edərək, yeni bir imza kimi ortaya çıxmaq mümkündür. Amma, mənim fikrimcə, orta əsrlərdə olduğu kimi, indi də dünyada aparıcı memarların sayı elə, inkişaf etmiş aparıcı dövlətlərin sayı qədərdir. Qalan çox saylı memarlar isə bir-birindən, yalnız, müəyyən olunmuş çərçivələr daxilində işlədikləri layihələri başa düşməsi, işinə münasibəti və mühiti çirkləndirməsi ilə seçilir.

- Universal, mükəmməl, canlı interyeri necə təsvir edirsiniz?

- Təbii ki, hamı eyni interyerdə, özünü müxtəlif cür hiss edəcək. Bu zövqdən, gördüyü işdən, tutduğu mövqedən, psixi durumundan, intellektdən və təbii ki, maraq göstərdiyi elmi sahədən də asılıdır. Məsələn, adamlardan soruşanda ki, necə interyerdə yaşamaq istəyir? İnanıram və təcrübəmə əsaslanıb deyə bilərəm ki, 80-90% insan nə istədiyini və məhz hansı interyerin ona yaraşdığını qətiyyən bilmir. Adətən, televizyanın və reklamların təlqini ilə yaşayan insanlar böyük əksəriyyətlə filimlərdən və reklamlardan düşdüyü təsir altında danışır. Yalnız, fərdi düşünmək qabiliyyətinə malik yaradıcı insanlar, həqiqətən bu və ya digər memarın yaradıcılığı barədə fikir yürüdə bilərlər. Düşünürəm ki, mən özümü bir-birinin tam əksi olan bir neçə müxtəlif interyerdə daha yaxşı hiss edərəm. Mənim seçimim daha çox ailəm və yaxınlarımla birqə ola biləcəyim rahat, komfortlu, mehriban və səmimi interyerdir. Bu, şəhərdə, maksimum sadələşmiş minimalizm tipli mənzil, çox mürəkkəb, orta əsrlər qəsrinə bənzər saray, yaxud, sevə-sevə getdiyimiz Oğuzdakı şale də ola bilər.

- Nece hesab edirsiniz, memarlıq geniş, əhatəli ixtisasdır ya əksinə dar, çərçivəli sahədir?

- Məsələn, mənə hərbiçilər üçün kazarma layihəsi sifariş olunmayıb. Amma, inanıram ki, belə sifarişim olsa, mən yenə də, yüksək zövq və yaradıcılıqla bu layihəyə nə isə əlavələr etmək istəyəcəm. İstənilən layihənin üzərində işə başlamaq mənim üçün çox çətin və həddindən artıq ağır bir işdir. Ölçüsündən asılı olmayaraq yerinə yetirdiyim sifarişlər zamanı, hər dəfə günlərlə vaxtımı kitabxanada keçirirəm. İşimə aidiatı olmasa belə çox mütaliə edirəm. Özümü yalnız, müəyyən vaxtdan sonra, hazır hiss edəndə, işə başlayıram. Çox zaman, memarları ilk dəfə olduğu məclislərdə və uzaq səfərlərdə, həkimə, tarixçiyə, astronoma, rəssama və hətta mahir fırıldaxçıya oxşadırlar. Bu ondan irəli gəlir ki, memarlıq- çoxlu mütaliə, geniş əhatəli bilik, səthi də olsa, bütün elmlərdən məlumatlı olmaq, tələb edən bir sənətdir.

- Memar hər şeyi layihələşdirə bilərmi?

- Sovet dönəmində bir neçə il oxuduqdan sonra memarlar ixtisaslara bölünürdü. İndi də memarlar, müəyyən tipli layihələr üçün ixtisaslaşmış qruplar üzrə universiteti bitirirlər. Uzun illər işlədikdən sonra, yalnız, bir neçə tip layihə üzrə profesionallaşırlar. Bu baxımdan, bizim hər cür layihənin öhtəsindən gəlməyimiz bir az təcüblü görünür. Çünki, şəhər salma ilə məşğul olan memarın, körpü tikməsi, yaxud böyük texnolojiyə söykənən göydələn ucaltması, yalnız, uzun və ağır təhsili olan Avropa və Amerika universitetlərini bitirdikdən sonra, mümkün ola bilər ... Memarın hər şeyi bacarması və öhdəsindən bacarıqla gəlməsi, mənim üçün əl çatmazdır. Belə insanlara qibtə edirəm və hesab edirəm ki, bir memarın ömrü yalnız bir neçə kamil, bitkin, hamı tərəfindən sevilməsə də, bilicilər tərəfindən seçilən layihəni həyatə keçirməyə çatar. Binalar da insanlar kimidir, yüngül xasiyyətli, quşbeyin, həyasız, sırtıq, manyak, başdan ayağa tatulu və pirsinqli, yaxud, ağır, samballı, sözün və hərəkətin yerini bilən sadə və mehriban ağsaqqal bir baba kimi. Amma, deyəsən indi əksəriyyətə heç samballı baba lazım deyil, elə ona görə də, axır vaxtlar babaların əksəriyyəti də "yüngülləşib"...

- Sizcə, memarlığın hansı üslubu gələcək nəslin maraqlarına cavab verir?

- Mən bunu dəqiq deyə bilmərəm. Çox sürətlə inkişaf edən texnoloji gələcək nəsilin həyatına hər sahədə güclü təsir göstərir. Mən inanıram ki, yaxın gələcəkdə, bir zamanlar utopiya kimi görünən ideyalar, artıq həqiqətə çevriləcək və əksər insanlar, daimi yaşayış üçün, plastik və aliminiumdan hazırlanmış, çox kiçik mobil evlərdə yaşamağa, bəlkə də məcbur olacaqlar. Çünki, artıq, texnoloji, qida və enerjini əlinə tam keçirən böyük korparasiyalar, insanları istədikləri kimi idarə etmək üçün, onları gecə-gündüz düşünmədən işləyən, hissiyatsız robotlara çevirir. Ağıllı adamların getdikçə azalan e'tirazlarına baxmayaraq, həyatımza müdaxilə edən texnoloji, gələcək nəsili zövqsüz, mənəviyyatsız və düşüncəsiz, xaos içində yaşayan kütlə halına salır. Bu artıq, hər yerdə mobil telefonla oynamaqdan ayrıla bilməyən, etinasız, öz-özünə danışıb-gülən gənclərin solğun bənizindən görünür.
Məncə, gələcək nəsilin sevə biləcəyi memarlıqdan danışmaq hələ tezdir. Ola bilər ki, insanlar bir az da robotlaşsın, ailə, cəmiyyət və dövlət kimi məhfumlar unudulsun. Onda, təbii ki, onların, bizə lazım olan şeylərə tələbatı olmasın və işdən sonra, böyük anqarlara yığılıb, heç kimə fikir vermədən doyunca telefonla oynasınlar.

- Gənc mütəxəssislərdə tez-tez hər şeyi atmaq arzusu yaranır. Ümidsizliyin və özunə inamsızlığın artdığı anlar. Sizdə necə, belə anlar olub?

- Axır illər Şumerlərin tarixi ilə bağlı çoxlu məlumat əldə etmişəm. Qumilyov, Murad Adji, Zaxariya Zitçin, Fadlun Əfəndi və saymaqla bitməyən müəlliflərin əsərləri mənim fikirlərimi qarışdırıb. Bəzən elə olub ki, gördüyüm iş mənə çox mənasız gəlib. Həmişə fikirləşmişəm ki, kimin üçünsə böyük canfəşanlıq və əziyyət hesabına iş görüb, sonra yazıq-yazıq (yekəxana) sifarişçinin üzünə baxmaqdansa,elə rəssam, yaxud yazıçı,ya da tarixçi olub, özünə qapanmaq,özü ilə <>daha şərəfli işdir.

Amma, zaman insanı bərkidir, daha dözümlü edir. Təbii ki, çalışdığımız kontingent də dəyişir. Son illər çalışdığımız sifarişçilər daha həssas, savadlı və ən başlıcası, me'marı başa düşməyi bacaran adamlardır. Me'marları başa düşmək və dəyər vermək isə, həqiqətən hər insanın işi deyil. Bunun üçün çox səbirli və geniş əhatəli biliyə malik, zövqlü insan olmaq lazımdır.

- Siz bir çox Avropa ölkələrində olmusunuz. Daha çox hansı memarlıq üslubunu bəyənirsiniz?

- Əlbəttə, orta əsrlər klassik memarlığı ... Gələcəkdə klassik sayılacaq bir neçə müasir me'marların layihələrini də çox sevirəm və düşünürəm ki, onların əsərləri bizim zəmanəni əks etdirən ən güclü abidələr olacaq. Zaxa Xadid, Rem Kolxas və digər eyni cür düşünən, zəmanəmizin məşhur memarları, həqiqətən qibtə və tərənnüm ediləcək insanlardır. Hər bir ziyalı və dünyagörmüş adam, istənilən Avropa şəhərinə düşən kimi, tarixi yerləri və klassik memarlığı seyr etmək arzusunda olduğunu bildirir. Çünki, əski memarların qoyduğu hər daşdan, məhəbbət və səmimi qayğı ilə dolu işıq süzülür. Hər işində, bir ilahi sevgi və məna qoyan memarın yaratdığı, təbii ki, yüz illərə sinə gərəcək və sanki əbədiyyətə qədər insanların təəccüb dolu gözlərini cəlb edəcək. Biz də, bugün, gözəl Bakımıza gələn qonaqları, fəxrlə İçərişəhərə -Qız qalasına və Şirvanşahlar kompleksinə baxmağa dəvət edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti