...

Azərbaycanda məktəblər üçün yeni layihəyə başlanılacaq

Cəmiyyət Materials 13 Avqust 2014 13:41 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu santyabrın əvvəlindən "İlboyu bilik" şüarı ilə start götürəcək "Qardaşlaşmış məktəblər" layihəsinə başlayacaq.
Azərbaycanda məktəblər üçün yeni layihəyə başlanılacaq

Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu santyabrın əvvəlindən "İlboyu bilik" şüarı ilə start götürəcək "Qardaşlaşmış məktəblər" layihəsinə başlayacaq.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İnformasiya Təminatı sektorundan Trend-ə verilən məlumata görə, layihə ilk mərhələdə 15 sentyabr - Bilik gününə qədər Azərbaycanın 20 rayonundakı orta ümumtəhsil məktəblərini əhatə edəcək.

Geniş şagird kütləsini əhatə edə biləcək, məktəblilərin fəal və yaradıcı şəxs kimi inkişafını nəzərdə tutan "Qardaşlaşmış məktəblər" layihəsinin əsas məqsədi respublikanın orta ümumtəhsil məktəblərində təhsil alan ye­niyetmə və gənclərin biliyə marağının artırılması, Azərbaycan tarixinin və mə­­dəniyyətinin, eləcə də vətənpərvərlik ruhunun təbliğidir. Layihənin vəzifələri müxtəlif bölgələrdən olan məktəblilər arasında "bilik körpüsü"nün yara­dıl­ma­sı, onların bir-birinə yaxınlaşdırılması, şagirdlərin intel­lek­tual səviyyəsinin yüksəldilməsi və dünyagörüşlərinin genişləndirilməsi, istedadlı gənc­lərin aşkarlanması, həmçinin fəallarla yanaşı, passiv şagirdlərin də layihəyə cəlb olunmasıdır. Layihədən gələcəkdə respublikanın bütün bölgələrində təhsil alan orta məktəb şagirdlərinin faydalanması nəzərdə tutulur.

Respublikanın 10 rayonunda yerləşən 10 məktəbə ölkənin 10 digər bölgəsindəki 10 məktəbdən şagirdlər dəvət olunacaq, onlar bir-biri ilə tanış olacaq, birgə tədbirlər keçirəcəklər. Bütün məktəblərdə eyni saatda məktəb və rayon rəsmilərinin iştirakı ilə gələcək əməkdaşlığın əsasını qoyacaq "Qardaşlaşma haqqında Saziş" imzalanacaq. Sənədə əsasən, qardaşlaşmış məktəblərin birgə konfranslar, "dəyirmi masa"lar, sərgilər, konsertlər, muzey və tarixi yerlərə ekskursiyalar, hər iki rayon rəsmiləri, mədəniyyət və incəsənət xadimləri ilə görüşlər keçirməsi nəzərdə tutulur.

Layihə çərçivəsində məktəblilərin mədəni-tarixi yerlərə ekskursiyası təşkil olunacaq. "Qardaşlaşmış məktəblər" layihəsi xüsusilə etnik müxtəlifliyi ilə seçilən regionlarda şagirdlər arasında bütün xalqlara, fərqli mədəniyyətlərə hörmət və dözümlülük aşılayacaq, azərbaycançılıq məfkurəsinin dərin kök salmasına xidmət edəcək. Şagirdlərin cəbhə bölgələrinə yaxın rayonlarda yerli əhali və ya mümkün olduqda əsgərlərimizlə görüşü isə onlarda vətənpərvərlik hisslərinin formalaşmasına təkan verəcək.

Layihədə yalnız məktəblilərin deyil, eyni zamanda, tələbələrin də könüllü qismində iştirakı nəzərdə tutulur.

"Qardaşlaşmış məktəblər" layihəsi sentyabrın 15-də Bilik günü münasibəti ilə respublikanın bütün rayonlarında keçiriləcək "İlk dərs"lə davam edəcək. Bilik Fondunun layihəsinə əsasən, Azərbaycanın istedadlı alim və pedaqoqları yeni tədris ilinin ilk günü məktəblilər qarşısında dövlətçiliyimiz, azərbaycançılıq və vətənpərvərlik mövzusunda məruzə edəcəklər.

Tədris ilinin ikinci yarısında layihənin davamı olaraq qarşı tərəfin ev sahibliyi edəcəyi nəzərdə tutulur. Növbəti tədris ilində Bilik Fondu "Qardaşlaşmış məktəblər" layihəsini digər regionlarda da davam etdirəcək.

Xatırladaq ki, Bilik Fondunun "Dini abidələrdə tarixin izləri" adlı ilk layihəsi üzrə işlər davam etdirilir. Layihə çərçivəsində Azərbaycan ərazisində yerləşən məscidlər, ziyarətgahlar, kilsələr, sinaqoqlar, məbədlər və imamzadələrdə tarixi-elmi tədqiqatlar aparılacaq, abidələr hərtərəfli öyrəniləcək, eləcə də Azərbaycan tarixi üçün faydalı məqamlar üzə çıxarılacaq, ehtiyac olduqda müəyyən bərpa işləri aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti