...

Azərbaycanda səhiyyənin maliyyələşmə və idarəedilməsində yeni metod tətbiq ediləcək

Cəmiyyət Materials 12 Sentyabr 2014 12:00 (UTC +04:00)
Azərbaycanda səhiyyənin maliyyələşmə və idarəedilməsində yeni metod tətbiq ediləcək. Trend-in məlumatına görə, bunu Baş nazirin müavini Əli Əhmədov "Azərbaycan" qəzetinə müsahibəsində deyib.
Azərbaycanda səhiyyənin maliyyələşmə və idarəedilməsində yeni metod tətbiq ediləcək

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda səhiyyənin maliyyələşmə və idarəedilməsində yeni metod tətbiq ediləcək. Trend-in məlumatına görə, bunu Baş nazirin müavini Əli Əhmədov "Azərbaycan" qəzetinə müsahibəsində deyib.

Ə.Əhmədov bildirib ki, səhiyyə sahəsində islahatlar aparılır, yeniliklər tətbiq edilir: "İcbari tibbi sığortaya keçid səhiyyə sahəsində ən mühüm islahatdır. Bununla səhiyyə təkcə maliyyələşmənin deyil, həm də idarəetmənin yeni metodunu tətbiq etməyə başlayacaq. Mövcud şəraitdə başlıca göstərici səhiyyə müəssisələrinin (söhbət dövlət səhiyyə müəssisələrindən gedir) mövcudluğu və onların fəaliyyət göstərməsidir. Lakin bu fəaliyyətin keyfiyyəti, səmərəliliyi və nəticəsi həlledici göstərici sayılmır".

Baş nazirin müavinin sözlərinə görə, səhiyyə müəssisəsinin dövlətin ayırdığı vəsait hesabına indiki formada maliyyələşməsi onun fəaliyyətində kreativ yanaşmalara, daha yaxşı xidmət təklif etməyə, vəsaitlərdən səmərəli istifadə etməyə və s. stimul yeri qoymur: "Təqdim olunan xidmətin keyfiyyətindən asılı olmayaraq səhiyyə müəssisəsi ayrılan dövlət vəsaitini alır, həkimlərin və tibb personalının məvacibləri isə vaxtlıvaxtında ödənilir. Nəticədə səhiyyə müəssisəsində bir növ, arxayınçılıq ab-havası yaranır. İcbari tibbi sığortaya keçid bu ab-havanı birdəfəlik sındırır, çünki səhiyyə müəssisəsi göstərdiyi xidmətin kəmiyyətinə və keyfiyyətinə müvafiq olaraq maliyyələşəcək. İndi artıq hər manatı qazanmaq lazım gələcək. Deməli, səhiyyə müəssisəsinin idarə olunması prinsip etibarı ilə dəyişəcək. Xəstəxana rəhbəri yalnız büdcədən ayrılan vəsaiti bölüşdürməklə öz işini bitmiş hesab edə bilməyəcək, əksinə, müəssisənin saxlanılması və məvaciblərin verilməsi üçün vəsait qazanmaq qayğısı ilə yaşamalı olacaq. Ənənəvi "baş həkim" rolu "menecer baş həkim" rolu ilə əvəzlənəcək".

Ə.Əhmədov hesab edir ki, bir çox ölkələr səhiyyə müəssisələrinin fəaliyyətindəki bu dəyişiklikləri xəstəxanaları özəlləşdirmək vasitəsi ilə həyata keçirirlər: "Hesab edirəm ki, Azərbaycanda dövlətin böyük qayğısı nəticəsində səhiyyənin infrastrukturu əsaslı surətdə yeniləşib, müasirləşib, bu səbəbdən də onların özəlləşməsinə ciddi ehtiyac yoxdur. Yaxın gələcəkdə belə bir ehtiyacın yaranacağı da inandırıcı görünmür. Lakin dövlət səhiyyə müəssisələrinin hüquqi mənsubiyyətini dəyişdirmədən onların idarə edilməsində köklü dəyişiklik edilməlidir. Xəstəxanalar özünü maliyyələşdirən hüquqi şəxs kimi fəaliyyət göstərməlidir.

Deyilənlərin fonunda səhiyyə inzibatçılığının sadələşdirilməsi gündəliyə çıxmalı olacaq. İcbari tibbi sığorta bir sıra inzibatı vəsilələri və mənasız inzibati xərcləri lüzumsuz edəcək. Düşünürəm ki, təhsilin regional idarəçiliyində həyata keçirilən islahat və yaradılan idarəçilik modeli tamamilə səhiyyə sahəsinə də tətbiq edilə bilər".

Onun sözlərinə görə, icbari tibbi sığorta sistemi istər-istəməz tibbi xidmətlərin optimal qiymətlərinin müəyyən edilməsi tələbini irəli sürür: "Tibbi xidmətləri satan səhiyyə müəssisəsi ilə onu alan icbari tibbi sığorta təşkilatı arasında münasibətlər bu qiymətlər müəyyən edilmədən mümkün deyil. Tibbi xidmətlərin qiymətlərinin müəyyənləşməsi müvafiq müayinə və müalicə standartlarının (protokolların) təsdiq edilməsini nəzərdə tutur. Belə standartlar (protokollar) olmadan müayinə və müalicə həkimin şəxsi qərarı əsasında aparıldığından konkret müayinə və müalicə zamanı heç də lazım olmayan xidmətlərin göstərilməsi, dava-dərmanın təyin edilməsi ehtimalı yüksək olur. İcbari tibbi sığorta zamanı standartlarsız (protokollarsız) müayinə və ya müalicə süni surətdə onların qiymətlərinin şişirdilməsi imkanları yarada bilər. Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunan standartlar həkimlərin fəaliyyətini zəruri bir çərçivə içərisinə salır və lüzumsuz təyinatlar və deməli, qiymətlərin süni surətdə şişirdilməsi imkanları da aradan qaldırılır. Standartların hazırlanıb qəbul edilməsi böyük vaxt və zəhmət tələb etsə də, bunlarsız keçinmək qeyri-mümkündür. Bu sahədə müxtəlif ölkələrdə böyük təcrübə toplanıb, Ümumdünya Səhiyyə Təşkilatının mütəmadi olaraq ayrı-ayrı xəstəliklərin müalicəsi ilə əlaqədar hazırladığı təlimatlar da mövcuddur. Azərbaycanın Səhiyyə Nazirliyində protokolların təsdiq edilməsi sahəsində işlər aparılır. Lakin qeyd etdiyim kimi, bu, əməktutumlu işdir və xeyli vaxt tələb edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti