...

"İki sahil" qəzeti Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb

Cəmiyyət Materials 22 Sentyabr 2014 14:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 sentyabr /Trend/

20 sentyabr - Neftçilər Günündə işıq üzü görən 204 səhifəlik Xüsusi buraxılış ölkə iqtisadiyyatının onurğa sütunu kimi dəyərləndirilən neft-qaz sənayesinin 20 ildə keçdiyi inkişaf yolunu əks etdirən maraqlı yazıları, rəngli şəkilləri və yüksək poliqrafik tərtibatı ilə diqqət çəkir.

1994-cü il sentyabrın 20-də müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin qətiyyəti və səyləri nəticəsində dünyanın tanınmış neft şirkətləri ilə "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinsulu hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişin - tarixə "Əsrin müqaviləsi" kimi daxil olan neft müqaviləsinin imzalanmasından sonra ölkəmizin ictimai-siyasi, iqtisadi həyatında yeni mərhələnin başlanması Xüsusi buraxılışın ana xəttini təşkil edir. Tarixin vərəqlənməsi fonunda bu reallıq bir daha təsdiqini tapır ki, ümummilli lider Heydər Əliyev tərəfindən işlənib hazırlanan və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji strategiyası 20 ildə Azərbaycana bir-birindən əhəmiyyətli uğurlar qazandırıb. Bu gün böyük fəxr və inam hissi ilə qeyd edirik ki, Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələr dünyanın enerji xəritəsini dəyişir.

20 ilə baxışı özündə əks etdirən xüsusi buraxılışın ayrı-ayrı səhifələrində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin "Əsrin müqaviləsi"nin dünənimiz, bu günümüz və gələcəyimizlə bağlı əhəmiyyətini özündə əks etdirən fikirləri yer tutur. Dahi şəxsiyyət Heydər Əliyevin "Bizim bütün təbii sərvətimiz xalqa məxsusdur və bu sərvətlərdən istifadə olunmasında heç kəsin müstəsna haqqı yoxdur" fikirinin davamı olaraq Prezident İlham Əliyevin "... Bu gün Azərbaycan qarşıda duran bütün əsas enerji məsələlərini uğurla icra edibdir. Azərbaycan öz müstəqil iqtisadiyyatını təmin edibdir, müstəqilliyini möhkəmləndirə bilibdir" tezisi gələcəyimiz barədə aydın təsəvvür yaradır.

Ulu öndər Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə "Neftçilər günü"nün təsis edilməsi, hər il 20 sentyabr ərəfəsində neçə-neçə qabaqcıl neftçinin yüksək dövlət mükafatları ilə təltif edilməsi cəmiyyətimizin avanqard qüvvəsi olan neftçilərin əməyinə verilən qiymətin, onlara diqqətin bariz nümunəsidir. Xüsusi buraxılışda dövlət başçısı İlham Əliyevin 19 sentyabr 2014-cü il tarixli "Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında", "Azərbaycan Respublikasının neft sənayesi işçilərinə fəxri adların verilməsi haqqında", "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında" sərəncamları yer alıb.

Yubiley buraxılışında Azərbaycan neft sənayesinin çoxəsrlik tarixinə işıq salınaraq, 20 ildə imzalanmış beynəlxalq neft sazişlərinin iqtisadiyyatımızın dinamik inkişafında müstəsna rol oynadığı diqqətə çatdırılır. Xüsusi olaraq qeyd edilir ki, həmin tarixdən başlayaraq görülən işlər bugünkü və gələcək nəsillərə xidmət edir.

Azərbaycan tarixində, onun iqtisadiyyatının inkişafında, xüsusilə dövlət müstəqilliyinin möhkəmləndirilməsində "Əsrin müqaviləsi"nin əhəmiyyəti xüsusi buraxılışda dərc olunan yazıların hər birində geniş təhlil olunur, bu günün uğurları fonunda perspektivlər müəyyənləşdirilir və həlli yolları diqqətə çatdırılır.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin Azərbaycanın neft sənayesi işçilərinə bayram təbrikində bildirilir ki, Azərbaycan neftçiləri həmişə olduğu kimi, bu il də peşə bayramlarını sonsuz iftixar hissi və böyük ruh yüksəkliyi ilə qarşılayırlar. Azərbaycanın neft-qaz sənayesi əməkçiləri ilbəil böyük uğurlara imza atırlar. Ölkəmiz son illər beynəlxalq qaz tədarükü sisteminə inamla daxil olaraq, bu sahədə yeni-yeni nailiyyətlər qazanmışdır.

Təbrikdə o da qeyd edilir ki, dünya enerji bazarında etibarlı neft, qaz və neft məhsulları ixracatçısı kimi özünü təsdiq etmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti inkişaf yolu ilə inamla irəliləyir. Modern, innovativ, çevik, beynəlxalq səviyyəli sənaye kompleksinə çevrilmiş Şirkət regional və qlobal əhəmiyyətli neft və qaz layihələrində dövlətimizi ləyaqətlə təmsil edir. ARDNŞ respublikamızın sosial-iqtisadi həyatında yaxından iştirak edir. Cəmiyyətimizin avanqard qüvvəsi olan neftçilər ölkənin iqtisadi yüksəlişi naminə dövlət və xalq qarşısında cavabdehlik hissini heç zaman unutmurlar.

Məktubda bu əminlik bir daha ifadə olunur ki, çoxminli neftçilər ordusu bundan sonra da qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün var qüvvə ilə çalışacaqlar.

ARDNŞ-in prezidenti R.Abdullayevin "Azərbaycanın möhtəşəm enerji strategiyası" yazısında qeyd edilir ki, əslində müstəqil Azərbaycan dövlətinin iqtisadi cəhətdən qüdrətlənməsinin təməl daşları ulu öndər Heydər Əliyevin 70-80-cı illərində atdığı məqsədyönlü siyasi addımlar, neft sənayesinin texniki cəhətdən müasirləşməsi xətti ilə qoyulmuşdur. Azərbaycanın keçmiş ittifaqda neft sənayesinin avanqard qüvvəsinə çevrilməsi istiqamətində o dövrdə aparılmış gərgin, məqsədyönlü fəaliyyət gələcəyə hesablanmış və strateji əhəmiyyət daşımışdır.

Yazıda tarixə "Əsrin müqaviləsi" kimi daxil olan neft müqaviləsinin əhəmiyyəti geniş təhlil olunur. Bu fikir xüsusi qeyd edilir ki, artıq həmin dövrdən 20 il keçir. Azərbaycan müstəqil dövlət kimi təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmində olduğunu təsdiqləmiş, suverenliyinin mühüm təminatına çevrilmiş bu kontrakt çərçivəsində qazanılmış nailiyyətlər göz qabağındadır. İqtisadiyyatı sürətli templərlə inkişaf edən respublikamız dünyanın neft-qaz ixrac edən aparıcı dövlətləri sırasında iri addımlarla irəliləyir.

Azərbaycanın geosiyasi əhəmiyyəti və nüfuzu yüksəlmiş, Qərb dünyası ilə münasibətləri strateji müstəvi üzərinə keçmişdir. Bu gün artıq Azərbaycan regionun lider dövləti kimi beynəlxalq birliyin əsas partnyorudur. Enerji müstəqilliyimiz tam təmin olunmuş, Azərbaycan təbii qaz idxal edən ölkədən beynəlxalq miqyasda mühüm qaz ixracatçısına çevrilmişdir. Hazırda Xəzər dənizinin Azərbaycan sektorunda hasil edilən təbii qaz həcmləri Gürcüstan, Türkiyə, Rusiya, İran və Yunanıstana ixrac olunur. Yeni yataqlar açılmış, regional və qlobal əhəmiyyətli digər layihələrin gerçəkləşməsi üçün müsbət təməl yaranmışdır.

Yazıda o da qeyd edilir ki, neft sənayesinin yüksəlişi, iqtisadi resurslar möhtərəm Prezidentimiz İlham Əliyevin də qeyd etdiyi kimi, "məqsəd yox, vasitədir". Enerji strategiyası cəmiyyət həyatının bütün sahələrinə inkişaf və tərəqqi bəxş edir, ümummilli yüksəlişin əhəmiyyətli amili rolunu oynayır.

Yazıda bir daha xüsusi vurğulanır ki, müstəqil Azərbaycanın beynəlxalq nüfuz və mövqeyinin möhkəmləndirilməsi, dövlətimizin iqtisadi qüdrətinin durmadan artırılması naminə gecə-gündüz çalışan fədakar neftçilərimiz yaxşı bilirlər ki, çəkilən əziyyət, görülən işlər son nəticədə xalqımızın rifah halının yüksəldilməsinə xidmət edir. Onlar inanırlar ki, Azərbaycan dövləti müdrik Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında xalqımızı daha işıqlı sabahlara aparır.

Xüsusi buraxılış ümumilikdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti strukturlarının fəaliyyəti, onların əlamətdar günü - neftçilərin peşə bayramını hansı nailiyyətlərlə qeyd etməsi və qarşıda hansı vəzifələrin dayandığı barədə dolğun təəssürat yaradır. Şirkətin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin "Təqvimin bir günü və tarixin iyirmi ili", iqtisadi məsələlər üzrə vitse-prezident Süleyman Qasımovun "Yeni neft strategiyasının uğurlu icrası Azərbaycanı dünyaya etibarlı tərəfdaş kimi təqdim etdi", sərmayələr və marketinq üzrə vitse-prezident Elşad Nəsirovun "Azərbaycanın şaxələndirilmiş ixrac imkanları ilbəli genişlənir", emal üzrə vitse-prezident David Məmmədovun "ARDNŞ-nin Emal Kompleksi 1994-2014-cü illərdə böyük inkişaf yolu keçib", vitse-prezident Mikayıl İsmayılovun "20 ildə əldə edilmiş nailiyyətlər neftçilərdə gələcəyə böyük inam yaradır", sosial məsələlər üzrə vitse-prezident Bədəl Bədəlovun "Strateji məqsəd: Neftçilərin əmək təhlükəsizliyinin və sosial müdafiəsinin təminatı", kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezident Xalik Məmmədovun " Prioritetimiz neft kapitalını insan kapitalına yönlətməkdir", neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezident Rəhman Qurbanovun "Ölkəmizin qaz təsərrüfatında önəmli dəyişikliklər baş vermişdir", ekologiya üzrə vitse-prezident Rəfiqə Hüseynzadənin "Ekoloji təhlükəsizliyin təmin olunması ARDNŞ-nin əsas vəzifələrindəndir", strateji inkişaf üzrə vitse-prezident Tofiq Qəhrəmanovun "Strateji inkişaf istiqamətlərinin düzgün seçimi öz bəhrəsini verməkdədir", Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyevin "Neft strategiyasının həlli ilə Azərbaycanın tarixində yeni bir mərhələnin başlanğıcı qoyuldu", "Azneft" İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərovun "Azərbaycan neftçiləri dünya neft sənayesinin inkişafına çox böyük töhfələr vermişdir", "Azəriqaz" İB-nin baş direktoru Əkbər Hacıyevin ""Əsrin müqaviləsi" müasir Azərbaycan iqtisadiyyatının təməl daşıdır", "Azərkimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayevin "Dinamik inkişafın uğurları", "Kompleks Qazma İşləri" Trestinin müdiri İskəndər Şirəlinin "ARDNŞ-nin uğurlarından yeraltı zənginliyə yol açan fədakar qazmaçılara da xüsusi pay düşür", "Neftqaztikinti" Trestinin müdiri, Respublikanın əməkdar mühəndisi Mirkazım Abasovun ""Neftqaztikinti" Tresti 2014-cü ilin birinci yarısını yüksək istehsal göstəriciləri ilə başa vurmuşdur", Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun direktoru Elman İsmayılovun "Neftayıranlar "Əsrin müqaviləsi"ni yüksək göstəricilərlə qarşılayırlar", "Azərneftyağ" Neft Emalı Zavodunun direktoru Rövşən Həsənovun "Azərbaycanın inkişafına daha sanballı töhfələr verək!", Geofizika və Geologiya İdarəsinin rəisi Vaqif Abdullayevin "Geofizika və Geologiya İdarəsi yüksəliş dövrünü yaşayır", Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyevin "ARDNŞ Avropada öz fəaliyyət sahələrinin genişləndirilməsində köklü irəliləyişə nail olmuşdur", Neft Kəmərləri İdarəsinin rəisi Vasif Əmirovun " Neft Kəmərləri İdarəsi kollektivi Neftçilər Gününü yüksək göstəricilərlə qeyd edir", Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Ədnan Əhmədzadənin ""Əsrin müqaviləsi" Azərbaycanı regional və qlobal layihələrin aparıcı iştirakçısı kimi tanıdıb", "Neftqazelmitədqiqatlayihə" İnstitutunun direktoru Fəxrəddin İsmayılovun "Neft-qaz sənayesinin inkişafında neftçi alimlərin müstəsna rolu var", Nəqliyyat İdarəsinin rəisi Elçin Zülfüqarovun "Nəqliyyat İdarəsi ARDNŞ-nin bütün müəssisə və təşkilatlarına yüksək səviyyədə xidmət göstərir", "Qaz İxrac" İdarəsinin rəisi Qağaməli Seyfullayevin "Məqsədimiz ili yüksək nailiyyətlərlə başa vurmaqdır", İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin rəisi İlham Aslanovun "Müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqində yeni mərhələ", Qaz Emalı Zavodunun direktoru Aqşin Paşayevin ""Əsrin müqaviləsi"ndən ötən 20 il Azərbaycan tarixində zəngin inkişaf dövrü kimi yadda qalıb", Təhlükəsizlik İdarəsinin rəisi Rəşad Əliyevin "Mühafizənin gücləndirilməsi zamanın tələbidir", Sosial İnkişaf İdarəsinin rəisi Qasım İbrahimovun "İdarəmiz sosial Dövlət Proqramlarının icrasında fəal iştirak edir", Ekologiya İdarəsinin rəisi Azər Əliyevin "Ətraf mühitin mühafizəsi sahəsində mühüm strategiya", Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun "Kadr hazırlığı nailiyyətlərin əsasıdır", Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanovun "Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin uğurları davam edir", Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun direktoru Ayaz Qarayevin "Heydər Əliyev adına BDÖZ Azərbaycan neft sənayesinin inkişafında öz sözünü deməkdədir", Dalğıc və Qəza-xilasetmə işləri İdarəsinin rəisi Pənah Həsənovun "Bayrama böyük qələbələrlə", "Neftçi İdman Klubu" İctimai Birliyi İdarəetmə Aparatının rəhbəri, "Neftçi" PFK-nin prezidenti, MOK-un İcraiyyə Komitəsinin üzvü Sadıq Sadıqovun "Yeddi ilin ən yaxşı idman cəmiyyəti" və "İki sahil" qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadənin ""Əsrin müqaviləsi" yüzilliyin möcüzəsi kimi reallaşdı" məqalələrində "Əsrin müqaviləsi"nin imzalanmasından sonra ölkəmizin neft-qaz sektorunda əldə olunan uğurlar diqqətə çatdırılır və ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının təntənəsi kimi dəyərləndirilir.

Məqalələrdə bu fikir də xüsusi yer alır ki, neft gəlirlərinin idarə olunmasında şəffaflığın yüksək səviyyədə qorunması məqsədilə 1999-cu ildə Dövlət Neft Fondunun yaradılması da ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi. Hazırda ölkənin hərtərəfli inkişafına xidmət edən sosial-iqtisadi layihələr Dövlət Neft Fondunun vəsaitləri hesabına gerçəkləşdirilir. Azərbaycanın ən böyük maliyyə vəsaiti tələb edən layihəni həyata keçirmək gücündə olması barədə səsləndirilən fikirlər də bu günümüzün reallıqlarına, şəffaflıq kriteriyaları üzrə nümunəvi qurum kimi dəyərləndirilən Dövlət Neft Fondunun vəsaitlərinə əsaslanır.

Xüsusi buraxılışda Prezident İlham Əliyevin bu əminliyi də xüsusi qeyd edilir: "Əminəm ki, ölkəmizin uğurlu inkişafı gələcək illərdə də davam edəcəkdir. Əminəm ki, enerji məsələlərinin həlli ilə bağlı bütün təşəbbüslərimiz reallaşacaqdır. İyirmi il ərzində görülən işlər və təcrübə onu göstərir ki, başladığımız istənilən layihə uğurla nəticələnir." Bu fikirlərin təsdiqi kimi Xüsusi buraxılışda xüsusi yer tutan "Neft strategiyasının mühüm addımları"nı izləmək kifayətdir.

Bu gün Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü ölkəmizin artan qüdrətinin və nüfuzunun göstəricisidir. Enerjiyə olan tələbatını tam şəkildə ödəyən Azərbaycanın bu gün digər ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bu günün reallıqları ulu öndər Heydər Əliyevin ""Əsrin müqaviləsi" ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkan yaradacaq. İnanıram ki, XXI əsr Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaq" fikirlərinin təsdiqidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti