...

DİN: Aşura günü qanunsuz dini təbliğatın, azyaşlı uşaqların tədbirlərə cəlb olunmasının qarşısı alınacaq

Cəmiyyət Materials 3 Noyabr 2014 16:17 (UTC +04:00)
Azərbaycanda Aşura mərasimləri ilə əlaqədar təhlükəsizlik tədbirləri həyata keçiriləcək.
DİN: Aşura günü qanunsuz dini təbliğatın, azyaşlı uşaqların tədbirlərə cəlb olunmasının qarşısı alınacaq

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanda Aşura mərasimləri ilə əlaqədar təhlükəsizlik tədbirləri həyata keçiriləcək.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Trend-ə bildirib ki, noyabrın 4-də keçiriləcək Aşura mərasimləri zamanı ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə daxili işlər naziri general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrdə dini mərasimlərin keçiriləcəyi yerlərdə təhlükəsizliyin təmin olunması üçün həmin ərazilərə polis naryadlarının təyin edilməsi tələb olunur. Eyni zamanda, sənəddə qeyd olunur ki, qanunsuz dini təbliğat aparılması, azyaşlı uşaqların bu tədbirlərə cəlb olunması, baş verə biləcək hüquqazidd halların qarşısının vaxtında alınması üçün adekvat tədbirlər həyata keçiriləcək.

Aşura günü Bakıda və respublikanın digər şəhər və rayonlarında avtomobil nəqliyyatının normal fəaliyyətinə, yol hərəkəti qaydalarına riayət olunmasına nəzarətin gücləndirilməsi, tıxacların yaranması ehtimal olunan ərazilərin əvvəlcədən müəyyən edilməklə zəruri qabaqlayıcı tədbirlərin görülməsi tələb edilir.

Qeyd edək ki, bu il Aşura günü noyabrın 4-nə təsadüf edir.

Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsi Məhərrəm ayı ilə əlaqədar qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahların siyahsını açıqlayıb. İdarədən Trend-ə bildiriblər ki, qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahlar aşağıdakılardır:

1. Yasamal rayonu "Təzə-pir" məscidi
2. Yasamal rayonu "Hacı Soltanəli" məscidi
3. Nəsimi rayonu Əjdərbəy məscidi
4. Səbail rayonu "Bibi-Heybət" məscidi
5. Səbail rayonu İçərişəhər cümə məscidi
6. Suraxanı rayonu Qaraçuxur məscidi
7. Xəzər rayonu "Mir Mövsüm ağa" məscidi
8. Nizami rayonu Keşlə qəsəbə məscidi
9. Sumqayıt şəhəri "Cümə" məscidi
10. Gəncə şəhəri "İmamzadə" məscidi
11. Mingəçevir şəhəri "Heydər" məscidi
12. Şəki şəhəri "Cümə" məscidi
13. Lənkəran şəhəri Böyükbazar məscidi
14. Bərdə şəhəri "Cümə" məscidi

Məqalədə:
Xəbər lenti

Xəbər lenti