Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycanda istehlakçı aktivliyi xeyli artıb. Bunu Trend-ə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev deyib.
İstehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarının keyfiyyətsiz və təhlükəli mallardan qorunması istiqamətində bir sıra işlər gördüklərini deyən Z.İsayev qeyd edib ki, maarifləndirmə işində informasiya texnologiyalarından daha çox istifadə edilir. Bunun üçün 2013-cü ildən indiyədək respublikada fəaliyyət göstərən mobil operatorların 6 milyon 330 mindən artıq abunəçisinə istehlakçı hüquqları pozulduqda Dövlət Xidmətinə müraciət etmələri barədə qısa mesajlar göndərilib. Yeyinti məhsullarının istehsalı, bu məhsulları alarkən və ya xidmətlərdən istifadə edərkən istehlakçıların nələrə diqqət etməsi barədə 4 maarifləndirici məlumat 500 mindən artıq elektron ünvan sahibinə göndərilib.
Z.İsayev deyib ki, bu ilin yanvar-sentyabr ayları ərzində istehlakçı hüquqları ilə bağlı 2354 müraciətə baxılıb. Bu qəbildən baxılmış müraciətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1328, təmin olunmuş müraciətlərin sayı 752 müraciət artıb.
Xidmət rəisinin sözlərinə görə, görülən işlərin nəticəsi olaraq, son zamanlar istehlak bazarında satılan malların keyfiyyət və təhlükəsizliyi ilə bağlı bir sıra müsbət dəyişikliklər müşahidə olunmaqdadır: "Malların etiketlərində istehlakçılara daha dolğun və daha düzgün məlumatlar verilir. Bu gün ticarət obyektlərində aparılan nəzarət tədbirləri zamanı belə malı aşkar edilən hər bir təsərrüfat subyektinə fərdi qaydada maarifləndirici məktub göndərilir və icrasına xüsusi nəzarət olunur. Nəticədə etiketlərində istehsalçının adı, ünvanı, malın tərkibi, saxlanma şəraiti, enerji dəyəri, istehsal və son istifadə tarixi və qanunvericiliklə müəyyən edilmiş digər məlumatlar tam və düzgün verilməyən məhsullara son zamanlar demək olar ki, rast gəlinmir".
Z.İsayev qeyd edib ki, malların etiketlərində saxlama müddətinin göstərilməməsi halları demək olar ki, aradan qaldırılıb. İstehlak bazarında dövriyyədə olan malların ilk baxışdan gözlə görünməsi mümkün olmayan keyfiyyət və təhlükəsizlik göstəricilərinin laborator şəraitdə qiymətləndirilməsi zamanı normativ sənədlərlə və ya etiket göstəriciləri ilə müqayisədə kənarlaşma aşkar edilən malların xüsusi çəkisi getdikcə azalır. Qeyd etmək lazımdır ki, bu tendensiya laborator müayinələrə cəlb edilmiş məhsulların sayının əvvəlki dövrlərlə müqayisədə bir neçə dəfə artımı fonunda müşahidə edilir.