...

Azərbaycan texnogen qəzalardan necə xilas ola bilər?

Cəmiyyət Materials 18 Dekabr 2014 23:30 (UTC +04:00)

Rus xəbərlər xidmətinin rəhbəri

Seymur Əliyev - Trend:

SSRİ dağıldıqdan sonra yaranmış müstəqil ölkələrdə son 20 il ərzində "sovet keçmişindən xilas olmaq" ifadəsi tez-tez və ya aradabir işlədilir. Lakin siyasi mənada bir çox dövlətlər, o cümlədən Azərbaycan buna nail olsa da, iqtisadi, infrastruktur baxımından sonrakı illər əksini göstərə bilər.

Bu yaxınlarda Rusiyada baş vermiş hadisə istənilən halda postsovet məkanının keçmiş ölkələrinə, həmçinin Azərbaycana toxunur. Belə ki, noyabrın ortalarında Rusiyanın iri elektrik stansiyası olan Sayano-Şuşenski su elektrik stansiyasının (SES) yenidən qurulması başa çatıb. 2009-cu ildə həmin SES-də 75 nəfərin həyatına son qoymuş ən iri sənaye texnogen qəzalardan biri baş verdi.

Qəzaya səbəb avadanlığın mənəvi cəhətdən köhnəlməsi və fiziki cəhətdən tükənməsi oldu. Yəni hələ Sovet dövründə yaradılmış infrastruktur sadəcə olaraq dağılmağa başladı. "The Independent" qəzetinin yazdığına görə, baş vermiş hadisə Sovet dövrü infrastrukturunun amansız tənəzzülündən xəbər verir.

Sovet dövründə yaradılmış infrastruktur keçmiş SSRİ-nin bütün ölkələrində var. Ancaq hər bir dövlətin yeni infrastrukturun yenidən qurulması, modernləşdirilməsi, yaradılması üçün maliyyə imkanları yoxdur.

Xoşbəxtlikdən Azərbaycan başqa yolla getdi. Neft-qaz gəlirləri ölkədə infrastrukturun inkişafına yatırılır. Hazırda Azərbaycanda vəsait qoyuluşlarının 70 faizi daxili investisiyaların payına düşür. Onların 70 faizdən çoxu tikinti-montaj işlərinə yatırılmış dövlət vəsaitlərinin payına düşür.

Nümunə kimi, ölkədə son 10 ildə yeddi aeroportun tikilməsi və yenidən qurulmasını, təyyarə parkının yenilənməsini, yeni gəmilərin alınmasını, gəmiqayırma zavodunun tikilməsini, avtomobil yollarının yenidən qurulmasını, dəmiryol infrastrukturunun modernləşdirilməsini, yeni limanın inşasını, yeni neft və qaz emalı kompleksinin yaradılacağını və digər sənaye müəssisə şəbəkələrini göstərmək olar.
Lakin mövcud infrastrukturun modernləşdirilməsi və köhnəlmiş güclərin dəyişdirilməsi məqsəd ola bilməz. Yeni müəssisələr yaratmaq, daha əvvəl tətbiq edilməmiş texnologiyaları mənimsəmək və ixracı əvəz edən və ixrac yönümlü istehsalların yaradılması lazımdır.

Azərbaycan bu istiqamətdə işləyir. 2020-ci ilə alternativ və bərpa olunan enerjinin həcminin ümumi istehsalda payının 20 faizə çatacağı gözlənilir. Yüksək texnologiyalara böyük diqqət ayrılır, texnoloji parklar yaradılır, orbitə peyk çıxarılıb və respublika peyk qruplaşması yaratmaq niyyətindədir.

Yeni istehsal sisteminin yaradılması Azərbaycana təkcə məhsuldarlığı artırmağa deyil, həm də texnogen qəzalardan yayınmağa imkan verəcək.

Lakın keçmiş SSRİ-nin heç də bütün ölkələrinin belə imkanları yoxdur və mənən və fiziki cəhətdən köhnəlmiş infrastrukturdan istifadə davam edir ki, bu da texnogen qəzalara və ağır fəsadlara gətirib çıxara bilər.

Bu cür çox təhlükəli potensial obyektlərdən biri də Ermənistanın "Metsamor" atom elektrik stansiyasıdır (AES). 1970-ci ildə tikilən AES 1988-ci ildə baş vermiş dağıdıcı zəlzələdən sonra bağlanmışdı. 1995-ci ildə isə beynəlxalq etirazlara baxmayaraq, stansiyanın fəaliyyəti bərpa edildi, üstəlik, ikinci reaktor işə salındı. Regionun ekoloqlarının və alimlərinin fikrincə, yeni model reaktor tikilsə belə, həmin ərazinin seysmik aktivliyi Metsamorda istismar olunan atom stansiyasını olduqca təhlükəli müəssisəyə çevirir.

Texniki problemlər azmış kimi, üstəlik, inzibati idarəetmə elədir ki, bu yaxınlarda iri həcmdə vəsaiti mənimsəməkdə və kobud maliyyə pozuntularında şübhəli bilinən rəhbərlik həbs edilib. Stansiyaya ayrılmış vəsaitdən oğurlanan hər dollar onu mümkün qəzaya yaxınlaşdırır. Həmin qəzanın fəsadlarını isə hətta düşünmək belə vahiməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti