...

"Bir çox ölkələr Azərbaycanda uğurla icra olunan gənclər siyasətindən nümunə götürə bilərlər" (FOTO)

Cəmiyyət Materials 22 Dekabr 2014 15:44 (UTC +04:00)
Binəqədi rayonunda "Azərbaycan Gənclərinin Maarifçilik Forumu" keçirilib.
"Bir çox ölkələr Azərbaycanda uğurla icra olunan gənclər siyasətindən nümunə götürə bilərlər" (FOTO)

Azərbaycan, Bakı, 22 dekabr /Trend/

Binəqədi rayon İcra Hakimiyyətinin inzibati binasında Binəqədi rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsi, Gənclər üçün Təhsil Mərkəzi və "Mənim Təhsilim, Mənim Gələcəyim!" kampaniyasının birgə təşkilatçılığı ilə "Azərbaycan Gənclərinin Maarifçilik Forumu" keçirilib.

İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, Binəqədi rayon İcra Hakimiyyətinin akt zalında keçirilən Forumun rəsmi hissəsində rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Azərbaycan gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə, "Mənim Təhsilim, Mənim Gələcəyim!" kampaniyasının rəhbəri Rövşən Nəcəfov, Gənclər üçün Təhsil Mərkəzinin rəhbəri Fəxrəddin Həsənzadə, gənclər təşkilatlarının rəhbərləri və fəal gənclər iştirak ediblər.

Əvvəlcə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov qonaqları və Forum iştirakçılarını salamlayaraq Forumun rəsmi hissəsini açıq elan edib. Azərbaycanın Dövlət himni səsləndirildikdən sonra Binəqədi rayonunda gənclərin təşəbbüslərinin dəstəklənməsini əks etdirən qısametrajlı film nümayiş etdirilib.

Sonra gənclər və idman nazirinin müavini İ.Babayev çıxış edərək ölkəmizdə həyata keçirilən gənclər siyasəti haqqında ətraflı məlumat verib. O bildirib ki, bu gün dünyanın bir çox ölkələri Azərbaycanda uğurla icra olunan gənclər siyasətindən nümunə götürə bilərlər. Ölkəmizdə gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, eləcə də sağlamlığının müdafiəsi və möhkəmləndirilməsi istiqamətində məqsədyönlü layihələr reallaşdırılır. İ.Babayev Binəqədi rayonunda gənclərə göstərilən diqqət və qayğını yüksək qiymətləndirib.

Sonra Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri V.Quliyev çıxış edərək ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən danışıb. O, bu gün gənclər sahəsində reallaşdırılan çoxsaylı və müxtəlif yönümlü tədbirlərin dövlət tərəfindən gənclərin potensiallarının artırılması istiqamətində atılan addımların məntiqi nəticəsi kimi qiymətləndirib.

Binəqədi rayon İcra Hakimiyyətinin başçısı X.İsgəndərov çıxış edərək gənclərlə görüşməkdən məmnun olduğunu bildirib. O, qeyd edib ki, bu gün gənclərimiz onlar üçün yaradılmış əlverişli şəraitdən səmərəli istifadə etməli, vətənimizə və dövlətimizə sadiq olmalıdırlar. Rayon İcra Hakimiyyətinin başçısı hər zaman gənclərin təkliflərini dinləməyə hazır olduğunu bildirib. Eyni zamanda qeyd edib ki, gənclər rayonda görülən işlərdə yaxından iştirak etməli və nümunəvi davranışları ilə dövlət başçısının etimadını doğrultmağa çalışmalıdırlar.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru F.Hacıyev çıxış edərək dövlət tərəfindən gənclərin şəxsi təşəbbüslərinin dəstəklənməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, Gənclər Fondunun yaradılmasından keçən 3 il müddətində ictimai təşkilatlarla yanaşı, gənclərin fərdi layihələrinə də dəstək göstərilib.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Ş.Seyidzadə çıxışında Azərbaycanda gerçəkləşdirilən gənclər siyasətinin dünyada artıq bir nümunə kimi qəbul olunduğunu vurğulayıb.

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının tələbəsi, "Müasir İqtisad Məktəbi" layihəsinin rəhbəri Mahmud Məmmədzadə layihəsi haqqında iştirakçılara məlumat verib və rayonda gənclər üçün yaradılmış şəraitə görə rayon rəhbərliyinə təşəkkürünü bildirib.

"Mənim Təhsilim, Mənim Gələcəyim!" kampaniyasının rəhbəri R.Nəcəfov, Gənclər üçün Təhsil Mərkəzinin rəhbəri F.Həsənzadə çıxış edərək Forumun keçirilməsində göstərilən dəstəyə görə təşkilatçılara təşəkkürlərini bildiriblər.

Daha sonra "Kaspi" qəzeti, "Modern.az" xəbər portalı, Azərbaycan Televiziya və Radio verilişləri Qapalı Səhmdar Cəmiyyəti, "Asan Könüllüləri Gənclər Təşkilatı" İctimai Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Uşaqlar Birliyi, ADA University Student Government, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının TGT, Bakı Ali Neft Məktəbi TGT, Xəzər Universiteti Tələbə Məclisi, "Edu-Active.com" təhsil portalı, Addım Yaradıcı Gənclər Assosiasiyası və Azərbaycan Dillər Universiteti TGT fəxri fərmanla təltif ediliblər.

Forum çay fasiləsindən sonra ikinci paneldə iştirakçıların "Dağlıq Qarabağ həqiqətləri gənclər müstəvisində" mövzusu ətrafında müzakirələri ilə davam etdirilib. Müzakirələrdə Azərbaycan Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şuranın sədri, "Virtual Qarabağ" İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin əlaqələndiricisi Nurəddin Mehdiyev, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Ş.Seyidzadə, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin nümayəndəsi Cavid Vəliyev iştirak ediblər. Qarşılıqlı diskussiya şəklində keçən müzakirələrdə Forum iştirakçıları çıxışçılara onları maraqlandıran suallar ünvanlayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti