...

Vergidən yayınan sahibkar barəsində cinayət işinin istintaqı tamamlanıb

Cəmiyyət Materials 2 Fevral 2015 17:11 (UTC +04:00)
Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən araşdırılan növbəti çoxepizodlu və mürəkkəb tərkibli cinayətin ibtidai istintaqı başa çatmışdır.
Vergidən yayınan sahibkar barəsində cinayət işinin istintaqı tamamlanıb

Azərbaycan, Bakı, 2 fevral /Trend/

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən araşdırılan növbəti çoxepizodlu və mürəkkəb tərkibli cinayətin ibtidai istintaqı başa çatmışdır.

Nazirlikdən Trend-ə verilən məlumata görə, istintaq zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının vətəndaşları, əvvəllər məhkum olunmuş Abbasov İlkin Cahangir oğlu İsmayılov Ələkbər Hüseyn oğlu ilə qabaqcadan əlbir olaraq bir neçə nəfərdən ibarət mütəşəkkil cinayətkar dəstə yaradaraq 2011-2013-cü illər ərzində külli miqdar təşkil edən 1 milyon 702 min 467 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bu məqsədlə o, cəmi 106 sayda müəssisə yaradaraq, külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmaqla cinayət əməlləri törətmişdir.

İ.Abbasov Ə.İsmayılovu təsis etdiyi "Nur Yapı Group" MMC-yə, Kazımov Fikrət Əliəkbər oğlunu "Venta Group" MMC-yə, Mirzəyev Allahyar Adaşil oğlunu 54 sayda MMC-yə, Əsgərov Dərgah Fəzail oğlunu 23 sayda MMC-yə, Fətullayev Samir İzmir oğlunu isə 28 sayda MMC-yə direktor vəzifəsinə təyin etdirsə də, bu müəssisələrə faktiki özü rəhbərlik etmiş, cəmiyyətlərin nizamnamələrinə uyğun sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsini nəzərdə tutan əməliyyatlar aparmış, vergi ödəyicilərinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.4, 16.1.6, 53,1, 72, 77.3, 78.1, 104.1, 105.1, 155.1, 157, 177.1, 177.2 və 220.1-ci maddələrinin tələblərini pozaraq vergi orqanına ya bəyannamə təqdim etməmi, yaxud təqdim etdiyi bəyannamələrə gəlirlər və xərcləri barədə bilərəkdən təhrif olunmuş məlumatlar daxil etməklə, külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır.

İlkin Abbasov atası - əvvəllər dəfələrlə məhkum edilmiş, sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsininn 04.12.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, hazırda həmin iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında saxlanılan Abbasov Cahangir Oktay oğlu ilə də cinayət əlaqəsinə girərək, atasının direktor olduğu "Qlobus M" MMC-nin Samux rayonunun Poylu və Salahlı kəndlərində yerləşən hər biri 180 yerlik orta məktəb binalarının tikintisi zamanı görülmüş işlərin təhvil verilməsinə dair aktları (forma 2) atasının əvəzinə imzalayaraq onunla birlikdə 2011-ci ilin dekabr ayı üzrə cəmi 152 min 446 manat məbləğində əlavə dəyər vergisini dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Müəyyən edilmişdir ki, Cahangir Abbasov "Qlobus M" MMC-nin təsisçisi Ələkbər İsmayılov, Dərgah Əsgərov və öz oğlu İlkin Abbasovla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, müxtəlif vaxtlarda onları "Qlobus M" MMC-yə direktor vəzifəsinə təyin etmiş, lakin həmin məhdud məsuliyyətli cəmiyyətə faktiki özü rəhbərlik edərək, 914 min 338 manat, bundan əlavə "Tərtər inşaat" MMC-nin fəaliyyətinə də faktiki rəhbərlik edərək 3 milyon 748 999 manat, ümumilikdə külli miqdar təşkil edən 4 milyon 663 min 338 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır.

Ə.İsmayılov "Nur Yapı Qroup" MMC-nin direktoru vəzifəsində işləyərkən I və II məsuliyyət səviyyəli bina və qurğuların tikinti-quraşdırma işlərinin aparılmasına dair xüsusi razılıq (lisenziya) almadan "Cənubtikintiservis" ASC-nin Bakı şəhəri G. Əliyev küçəsi-25 ünvanından elektrik avadanlıqlarının yeni tikilmiş elektrik stansiyasının binasına köçürülməsi, kabel xətlərinin çəkilməsi, şəbəkəyə qoşulması və layihə topoqrafik planalma işlərinin yerinə yetirilməsi üzrə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq xeyli miqdar təşkil edən 2 milyon 863 min manat məbləğində gəlir əldə etmişdir. O, "Səma inşaat" MMC-nin direktoru vəzifəsində işləyərkən də Salyan rayonu Yolüstü-Kürsəngi kəndlərini birləşdirən avtomobil yolunun əsaslı təmiri işlərini qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq yerinə yetirmiş və külli miqdar təşkil edən 722 min 895 manat məbləğində gəlir əldə etmişdir.

Araşdırma zamanı mütəşəkkil cinayətkar dəstənin üzvləri dəfələrlə törətdikləri əməllərdən yaxa qurtarmaq və istintaqı çaşdırmaq, həqiqətin ortaya çıxmasına maneçilik törətməyə çalışmış, Abbasov İlkin Cahangir oğlu, Əsgərov Dərgah Fəzail oğlu və Mirzəyev Allahyar Adaşil oğluisə müəyyən müddət istintaq orqanından gizlənmişlər. Lakin qeyd olunan şəxslər tərəfindən sadalanan cinayət əməllərinin törədilməsi ibtidai araşdırma zamanı toplanmış təkzibolunmaz sübutlarla - ilkin mühasıbatlıq sənədləri, şahid ifadələri, telefon əlaqələrinin təhlili və yoxlanması, tanınma protokolları, keçirilmiş baxışlar, ekspertiza rəyləri və digər istintaq dəlilləri ilə tam təsdiqini tapmışdır.

Cinayət işi üzrə mütəşəkkil cinayətkar dəstənin üzvlərinə qarşı verilmiş mülki iddianın ümumi məbləği 6 milyon 611 min 96 manat təşkil etmişdir.

Qeyd olunanlara əsasən cinayətkar dəstənin bütün üzvlərinə 24 dekabr 2014-cü il tarixdə Cinayət Məcəlləsinin 213.2.1 və 213.2.2-ci maddələri üzrə ittihamlar elan edilmişdir. Bakı şəhəri, Yasamal rayon məhkəməsinin qərarı ilə 2014-cü ilin dekabr ayında cinayətkar dəstənin digər üzvləri barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Cinayət işi ittiham aktı ilə təsdiq olunması üçün Respublika Baş Prokurorluğuna göndərilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti