Azərbaycan, Bakı, 19 mart /Trend/
Bu gün "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində YAP-ın ərazi ilk partiya təşkilatının yığıncağı keçirilib.
QSC-nin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov açaraq bildirib ki, iyirminci əsrin doxsanıncı illərini hamımız yaxşı xatırlayırıq. O illər ölkənin tarixində çox ağır bir dövr idi. Ölkəmiz bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə dayanmışdı. O zaman ölkənin bir qrup vətənpərvər ziyalısı Yeni Azərbaycan Partiyasının yaradılması zərurətini başa düşdü və bu təşəbbüslə çıxış etdi. 21 noyabr 1992-ci ildə partiyanın təsis konfransı Naxçıvanda keçirildi və Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi.
C.Qurbanov bildirdi ki, gənclər hər bir ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni, humanitar həyatında mühüm rola malik potensial qüvvə kimi mühüm yer tutur. Ulu öndər Heydər Əliyev gənclərə güvənərək daim onlara böyük etimad göstərirdi. Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin hər zaman əsəs tərkib hissəsi kimi xüsusi yer tutub. Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını daim öz üzərində hiss edib.
Bu gün gəncliyə ən yaxşı nümunəni Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva göstərir. Onun təşəbbüsü ilə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində görülən işlər, "Xocalıya ədalət" şüarı adı altında dünyanın müxtəlif ölkələrində aparılan təbliğat kampaniyası gənclərimiz üçün ən layiqli örnəkdir.
Ulu öndərin təməlini qoyduğu bu siyasi kurs hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu il ilk dəfə olaraq keçiriləcək Birinci Avropa Olimpiya oyunlarının məhz Azərbaycanda baş tutması dövlət tərəfindən gəncliyə göstərilən diqqətin nəticəsi, beynəlxalq aləmin bu siyasətə rəğbətlə yanaşmasının bariz nümunəsidir.
Sonra təşkilati məsələyə baxıldı, Gülşən Muradova YAP-ın ərazi ilk partiya təşkilatının Gənclər Şurasının sədri, Z.Məmmədov və N.Abdullayeva sədrin müavinləri seçildilər.