Azərbaycan, Bakı, 31 mart /Trend/
Azərbaycan Dövlət Dillər Universitetinin Fransız dili leksikologiyası kafedrasının əməkdaşları Bilik Fondunun universitet üzrə nümayəndəsi Pərvin Babayeva ilə görüşüblər.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İnformasiya Təminatı sektorundan Trend-ə verilən məlumata görə, kafedranın dosenti, fəlsəfə elmləri doktoru Vəfa Quliyeva professor-müəllim heyətinin Bilik Fondunun işində daha da yaxından iştirak etmək niyyətini çatdırıb, Fondun həyata keçirdiyi layihələrə qatılmaq arzuladıqlarını bildirib.
P.Babayeva Bilik Fondunun son layihələri barədə ətraflı məlumat verib, əhalinin maarifləndirilməsində universitet müəllimlərinin xüsusi rolu olduğunu vurğulayıb.
Fransız dili leksikologiyası kafedrasının professoru Çəmən Babaxanova bütün müəllimlərin ölkə üzrə maarifləndirmə işinə həvəslə qoşulacağını, rayonlarda müxtəlif mövzularda mühazirələrə cəlb olunmaq istədiklərini dilə gətirib.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu bütün rayonlarda sosial sifarişlər əsasında mühazirələr təşkil edir. Artıq Fondun mütəxəssisləri müxtəlif sahələrə dair 200-dək mühazirə deyiblər.