...

Azərbaycanda 5 yaşadək uşaqlar arasında qısaboyluluq göstəricisi azalıb

Cəmiyyət Materials 14 Aprel 2015 16:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 aprel / Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda 5 yaşadək uşaqlar arasında qısaboyluluq göstəricisi azalıb.

BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycan nümayəndəliyindən Trend-ə verilən məlumata görə, bu təşkilat tərəfindən Azərbaycan Səhiyyə Nazirliyi və Dövlət Statistika Komitəsinin tərəfdaşlığı ilə hazırlanan Milli Qidalanma Sorğusuna əsasən, uşaqların qidalanma göstəricilərində müəyyən irəliləyiş müşahidə olunur. Lakin qadınlar arasında dəmir defisitli anemiyanın səviyyəsi yüksək olaraq qalır və müstəsna olaraq ana südü ilə qidalandırma göstəricisi çox aşağıdır.

Milli Qidalanma Sorğusu uşaqlar, hamilə olan və olmayan qadınların qidalanma və sağlamlıq vəziyyətinin qiymətləndirilməsi məqsədilə UNICEF tərəfindən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin tərəfdaşlığı ilə 2013-cü ilin fevral- aprel ayları arasında həyata keçirilib. Tədqiqatın tərkib hissəsi kimi 3,926 ev təsərrüfatında müsahibələr müvəffəqiyyətlə başa çatdırılıb. Ümumilikdə 3,351 qadın və 1,455 uşaq tədqiqatda iştirak edib.

Öncəki tədqiqatlarla müqayisədə bu sorğu, uşaqların əksər qidalanma göstəricilərində müsbətə doğru inkişafın olduğunu göstərmişdir. 0-59 aylıq uşaqlar arasında qısaboyluluq göstəricisi 25.1%-dən (Demoqrafik Sağlamlıq Sorğusu-DSS 2006) 2013-cü ildə 18% -ə, boya görə çəkinin az olması göstəricisi 6.6%-dən (DSS 2011) 3.1%-ə və yaşa görə çəkinin az olması göstəricisi 6.5%-dən (DSS 2011) 4.9%-ə düşmüşdür. Uşaqların yalnız 10%-də zink çatışmazlığı və 8%-də vitamin A çatışmazlığı müşahidə olunub. 0-59 aylıq uşaqlar arasında anemiyanın yayılma göstəricisi 44.4%-dən (DSS 2011) 24.2%-ə qədər azalmışdır.

Nailiyyətlərlə bərabər sorğu uşaq və qadınların qidalanma göstəricilərində daha yüksək nailiyyətlər əldə etmək üçün səylərin artırılması tələb olunan sahələri də müəyyən etmişdir. Anemiyanın hamilə və hamilə olmayan qadınlar, eləcə də uşaqlar arasında yüksək yayılma səviyyəsi ictimai narahatlıq doğuran məsələ olaraq qalır. Hamilə qadınların 40% -də hamilə olmayan qadınların 38% -də tədqiqat zamanı anemiya müəyyən edilib. Anemiyası olan qadınların 62.8% -də həmçinin dəmir çatışmazlığı aşkar edilib. Hamilə olmayan qadınların 35 və 20%-də müvafiq olaraq fol turşusu və Vit.B12 çatışmazlığı müəyyən edilib.

Sorğunun nəticələri əsasında proqramla və gərəkən araşdırmalarla bağlı müxtəlif tövsiyələr hazırlanmışdır. Əhalinin dəmir mikroelementi ilə qidalanma vəziyyətini yaxşılaşdırmaq və gələcək dəmir çatışmazlığı hallarının qarşısını almaq üçün buğda ununun zənginləşdirilməsi; ÜST və Səhiyyə Nazirliyi tərəfindən hazırlanmış rəhbərlik və təlimatların əsasında müvafiq səhiyyə işçiləri və valideynlər arasında körpə və az yaşlı uşaqların qidalandırılması üzrə təlim kampaniyalarının keçirilməsi tövsiyələr arasındadır.

Sorğunun nəticələrindən irəli gələn bir sıra tövsiyələr artıq "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti