Azərbaycan, Bakı, 29 aprel /Trend/
Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri İqtisadiyyat və Sənaye Nazirliyində olub. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, aprelin 28-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mesaad İbrahim Al-Sulaimi qəbul edib.
Görüşdə nazir Şahin Mustafayev Azərbaycan və Səudiyyə Ərəbistanı arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, qarşılıqlı rəsmi səfərlərin, xüsusilə Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda Səudiyyə Ərəbistanı Krallığına səfərinin ölkələr arasında əməkdaşlığın genişlənməsində əhəmiyyətini qeyd edib. Bildirilib ki, Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı arasında iqtisadi əlaqələr uğurla davam edir və bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensial var. Nazir Ş.Mustafayev neft-kimya, kənd təsərrüfatı, turizm, investisiya qoyuluşu, birgə investisiya fondunun yaradılması və s. sahələrdə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.
Səfir M.İbrahim ölkəsinin Azərbaycanla əməkdaşlığa önəm verdiyini, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb, iqtisadi sahədə əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb.
Görüşdə may ayında Səudiyyə Ərəbistanı Krallığının Ticarət və sənaye nazirinin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri, səfər çərçivəsində keçiriləcək biznes forum və ikitərəfli görüşlər barədə ətraflı müzakirələr aparılıb.