...

Gündüz İsmayılov: "Beynəlxalq ekspertlər artıq etiraf edirlər ki...." (MÜSAHİBƏ)(FOTO)

Cəmiyyət Materials 19 May 2015 14:33 (UTC +04:00)
Mayın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İSESCO ilə birgə bu qurumun Mərakeşin paytaxtı Rabat şəhərindəki baş ofisində “Müsəlman dünyasında dinlərarası dialoq və mədəniyyətlərarası anlaşmanın təşviqi modelləri” adlı konfrans və “Azərbaycan - İslam mədəniyyətinin incisi” adlı foto sərgi keçirib. Konfransda DQİDK-nin sədr müavini Gündüz İsmayılovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Gündüz İsmayılov: "Beynəlxalq ekspertlər artıq etiraf edirlər ki...." (MÜSAHİBƏ)(FOTO)

Azərbaycan, Bakı, 19 may /Trend/

Mayın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İSESCO ilə birgə bu qurumun Mərakeşin paytaxtı Rabat şəhərindəki baş ofisində "Müsəlman dünyasında dinlərarası dialoq və mədəniyyətlərarası anlaşmanın təşviqi modelləri" adlı konfrans və "Azərbaycan - İslam mədəniyyətinin incisi" adlı foto sərgi keçirib. Konfransda DQİDK-nin sədr müavini Gündüz İsmayılovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

G.İsmayılovun Trend-lə söhbəti də elə bu barədədir.

- Gündüz müəllim, İSESKO ilə birgə belə bir konfransın və foto sərginin keçirilməsində məqsəd nə idi?

- Azərbaycan həqiqətlərini, xüsusilə xalqımızın yüz illiklər ərzində formalaşmış tolerantlıq ənənələrini və Azərbaycan hökumətinin beynəlxalq aləmdə dinlərarası dialoqa verdiyi dəstəyi ölkə daxilində və xaricdə təbliğ etmək Dövlət Komitəsinin fəaliyyət istiqamətlərindən biridir. Dövlət Komitəsi indiyədək bu istiqamətdə BMT, UNESCO, Avropa Şurası, Avropa Parlamenti, eləcə də İngiltərə, Fransa, Almaniya, habelə, Türkiyə və Pakistanda konfranslar keçirmiş və tarixi-dini abidələrimizin fotolarından ibarət sərgilər təşkil etmişdir.
İSESCO İslam dünyasının önəmli və nüfuzlu qurumlarından biridir. Bu təşkilatla Azərbaycan, o cümlədən Dövlət Komitəsi arasında sıx əməkdaşlıq mövcuddur. Bu baxımdan növbəti konfransın və foto sərginin İSESCO-da keçirilməsi təsadüfi deyildi.

- Sizcə, İSESCO Azərbaycanın tolerantlıq modelinin beynəlxalq aləmdə, xüsüsilə İslam dünyasında təbliğinə və nümunəvi model kimi qəbul edilməsinə necə töhfə verə bilər?

- Zaman keçdikcə sürətlənən, insanları və xalqları bir-birinə yaxınlaşdıran qloballaşma prosesi, sanki, onlar arasında inanc fərqliliyindən qaynaqlanan xüsusiyyətləri daha da dərinləşdirir. Hazırda biz dini ayrı-seçkiliyin gücləndiyi, bəzən dini və etnik qarşıdurmalara bilərəkdən rəvac verildiyi dünyada yaşayırıq. Belə bir dövrdə tolerantlığın, dinlər və mədəniyyətlərarası dialoqun təmin edilməsi həyati əhəmiyyət daşıyır.

Əgər dünyada tolerantlıq prinsipləri bərqərar olmasa, dinlərarası dialoq baş tutmayacaq. Çünki dialoqun baş tutması üçün öncə tərəflərin bir-birini qəbul etməsi lazımdır. Bü gün həm tolerantlıq prinsiplərinin bərqərar olması, həm də dinlərarası dialoqun reallaşması Qərblə yanaşı, İslam dünyası üçün də aktualdır. Üstəlik, İslam dünyasının məzhəblərarası dialoqa da ehtiyacı var. Təəssüf ki, İslam coğrafiyasındakı münaqişələrin bəzilərinin səbəbləri məhz məzhəb amili ilə bağlıdır. Belə bir vəziyyətdə Azərbaycan həm Qərb, həm də İslam dünyası üçün tolerantlıq baxımından nümunəvi modelə çevrilə bilər.

Təsəvvür edin ki, Amerika və Avropanın bəzi dairələrində İslamla bağlı aqressiv münasibət var. Hətta bəziləri İslam dininin qadağan edilməsini düşünür. Onlar elə zənn edirlər ki, İslam dini dözümsüzlüyü təbliğ edir, müsəlmanlar isə terroru dəstəkləyir. Təbii ki, bu, doğru deyil və İslama, müsəlmanlara qarşı ən azı ədalətsizlikdir. Çünki İslam sülh, əminamanlıq, birgə yaşayış dinidir. Əslində, Azərbaycanda tarixən tolerantlıq ənənələrinin formalaşmasında İslam dinin böyük rolu olub.

İndiki dövrdə Qərb İslam dünyasında konkret nümunələr axtarır. Əlbəttə, indiyədək müxtəlif nümunələr olub, amma onlar ya tam qəbul edilməyib, ya da özünü doğrultmayıb. Sevindirici haldır ki, artıq Amerika və Avropada bu sahədə ixtisaslaşmış ekspertlər Azərbaycanın onlar üçün nümunə ola biləcəyini etiraf edirlər. Azərbaycandakı tolerantlıq mühitinin nümunəvi model olduğunu beynəlxalq təşkilatların ekspertləri, nüfuzlu din xadimləri və diplomatlar da təsdiqləyirlər. Məsələn, Vatikanın dövlət katibi Tarçizio Bertoninin və ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Ənn Dersinin məşhur fikirlərini yəqin ki, çoxları xatırlayır. Onlar deyirdilər ki, Azərbaycan Qərbə təkcə neft, qaz deyil, həm də tolerantlıq ixrac edə bilər.

İslam dünyasına gəlincə, vəziyyət bir qədər fərqlidir. Çünki İslam dünyası üçün həm dinlərarası, həm də məzhəblərarası dialoq çox önəmlidir. Hazırda məzhəblər arasında ciddi problemlər mövcuddur. Ölkəmizdə müxtəlif məzhəblərin nümayəndələri əsrlər boyu bir yerdə yaşayıblar. Lakin nə vaxtsa onların arasında qarşıdurma, kiçik insident belə yaranmayıb. Müxtəlif məzhəblərin nümayəndələri eyni kənddə, eyni qəsəbədə, eyni şəhərdə yaşayıb, hətta eyni məsciddə ibadət ediblər. Onların arasında qohumluq və qardaşlıq əlaqələri yaranıb. İslam dünyasında bu cür nümunələr tapmaq çox çətindir. Ona görə də, Azərbaycan İslam dünyası üçün həm dinlər, həm də məzhəblərarası dialoq baxımından nümunəvi ölkədir.

İSESCO və qurumda çalışan ekspertlər bu həqiqəti anlayır və qəbul edirlər. Hətta İSESCO-nun baş katibi Əbdüləziz bin Osman əl-Tüveycri bizimlə görüşündə bildirdi ki, Azərbaycanın bu cür nümunəvi ölkə olması İslam dünyasının üstünlüyüdür. Məncə, Azərbaycanın tolerantlıq modelinin nümunə kimi təbliğ və qəbul edilməsində İSESCO ilə yaxından əməkdaşlığımız vacibdir. Bu sahədə həyata keçirilən işlərə İSESCO böyük töhfələr verə bilər.

- Konfransa və sərgiyə göstərilən maraq sizi qane etdimi?

- Qısa müddətdə hazırlanmasına baxmayaraq, Rabatda akkreditasiya olunmuş səfirliklərin əksəriyyətinin nümayəndəsi konfransa qatılmışdı. Hətta tədbirdə Türkiyə, Çin, Malaziya və Qana səfirləri şəxsən iştirak etdilər. Eyni zamanda, beynəlxalq təşkilatların ekspertləri, elm adamları və media nümayəndələri də konfransa ciddi maraq göstərdilər.

Bəzən konfranslarda Azərbaycanın tolerantlıq ənənələrindən və nümunələrindən danışırıq, ölkəmizin dinlər və mədəniyyətlərarası dialoqa verdiyi töhfəni izah edirik. Bunu ilk dəfə eşidən insanlar maraqla qarşılayırlar. Amma konfrans çərçivəsində foto sərgi ilə tanış olduqda isə vəziyyət tamamilə dəyişir. Çünki həmin insanlar Azərbaycan tolerantlığı ilə bağlı eşitdiklərini artıq əyani şəkildə görürlər. Bu, Azərbaycan həqiqətlərinin əyani şəkildə təbliğ edilməsi və qəbul olunması deməkdir. Məsələn, mən İSESCO-da konfrans çərçivəsində təşkil edilən foto sərginin açılışında bildirdim ki, Azərbaycanda yəhudiliyin təxminən 26 əsrlik, xristianlığın 2 minillik, İslamın isə 14 əsrlik tarixi var. Cənubi Qafqazın ən qədim kilsəsi və ən qədim məscidi Azərbaycandadır. Diplomatlar bunu eşidəndə çox təəccübləndilər. Hətta onlardan biri mənə dedi ki, üç səmavi dinin mənsubları arasında dialoqun baş tutması üçün yeni konsepsiyaya ehtiyac yoxdur, sadəcə, Azərbaycan təcrübəsini olduğu kimi tətbiq etmək lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti