...

Tanınmış hüquq müdafiəçiləri I Avropa Oyunları ilə bağlı Azərbaycana qarşı aparılan kampaniyaya etiraz olaraq müraciət qəbul ediblər (FOTO)

Cəmiyyət Materials 26 May 2015 13:21 (UTC +04:00)
Azərbaycanın nüfuzlu hüquq müdafiə təşkilatlarının təşəbbüsü və tanınmış Trend Beynəlxalq İnformasiya Agentliyinin informasiya dəstəyi ilə Avropa Oyunları ilə bağlı "dəyirmi masa" keçirilib.
Tanınmış hüquq müdafiəçiləri I Avropa Oyunları ilə bağlı Azərbaycana qarşı aparılan kampaniyaya etiraz olaraq müraciət qəbul ediblər (FOTO)

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir İlkin İzzət/

Azərbaycanın nüfuzlu hüquq müdafiə təşkilatlarının təşəbbüsü və tanınmış Trend Beynəlxalq İnformasiya Agentliyinin informasiya dəstəyi ilə ilk Avropa Oyunları ilə bağlı "dəyirmi masa" keçirilib.

Trend Beynəlxalq İnformasiya Agentliyinin konfrans zalında keçirilən "dəyirmi masa"da müxtəlif mövqedə olan hüquq müdafiə təşkilatlarının rəhbərləri, o cümlədən Azərbaycan Demokratiyanın İnkişafı və İnsan Haqları Müdafiəsi Fondu, Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı, "Humanitar Tədqiqatlar" İctimai Birliyi, Azərbaycan İnsan Haqları Mərkəzi, "Hüquqi Yardım" İctimai Birliyinin rəhbərləri iştirak ediblər.

"Dəyirmi masa"da aparılan müzakirələrdən sonra müraciət qəbul olunub.

Azərbaycanda fəaliyyət göstərən hüquq müdafiəçilərinin ilk Avropa Oyunları ilə bağlı keçirdiyi "dəyirmi masa"nın iştirakçıları bu tədbirin ölkəmiz üçün əhəmiyyətli bir hadisə olduğunu dəyərləndiriblər.

Müraciət müəllifləri dünya miqyaslı hadisə - ilk Avropa Oyunlarına qarşı beynəlxalq səviyyədə başlanan qarayaxma kampaniyasına baxmayaraq, bu tədbirin reallaşması üçün Azərbaycanın öz səylərini azaltmadığını qeyd ediblər: "Avropa Oyunları bir neçə gündən sonra reallaşacaq və bu oyunların keçirilməsi Azərbaycan üçün geniş təbliğat imkanları yaradacaq".

Azərbaycanın müstəqillik əldə etdiyi dövrdən bu yana ölkədə insan haqları, söz azadlığı və dövlətçiliyin möhkəmlənməsində öz töhfəsini vermiş aparıcı hüquq müdafiəçiləri ilk Avropa Oyunlarına qarşı təşkil edilmiş hücumları müzakirə edərək bəyan ediblər ki, Oyunların keçirilməsinin ölkədə insan haqları sahəsində mövcud problemlərlə əlaqələndirilməsi cəhdi qəbuledilməzdir: "Təəssüf ki, I Avropa Oyunlarının Azərbaycanda keçirilməsini boykot etmək məqsədilə edilən təşəbbüslər uğursuzluğa məruz qaldıqdan sonra müxtəlif beynəlxalq dairələrdə Azərbaycana qarşı insan haqlarının pozulmasını əsas gətirməklə bundan vasitə kimi öz maraqları naminə istifadə edirlər".

Müraciətdə hüquq müdafiəçiləri bildiriblər: "Azərbaycanda insan haqlarının qorunması ilə məşğul olan təşkilatların rəhbərləri kimi bu problemləri hər zaman səsləndirmişik, onların həll olunması üçün dövlət strukturlarına tənqid və təkliflərimizi ünvanlamaqla bu problemlərin həllində öz tövhəmizi verməyə çalışmışıq. Məhz hüquq müdafiəçilərinin daim bu məsələlərin dialoq yolu ilə həlli istiqamətində səyləri qarşıya qoyulmuş məqsədlərə nail olunmasına ciddi təsir edib.

Təcrübəmizdən irəli gələrək bilirik ki, Azərbaycana qarşı bu kampaniya ümumilikdə problemləri dialoq yolu ilə həll etməklə nəticələr əldə etmiş hüquq müdafiəçilərinin fəaliyyətinin effektivliyinə ciddi zərbə vurur. Bu boykot kampaniyası heç də insan haqları ilə bağlı islahatların aparılmasına yönəlməyib, əskinə onları ilk Avropa Oyunları ilə əlaqəli şəkildə səsləndirməklə Azərbaycana təzyiq vasitəsi kimi istifadə olunmasına yol açır. Hesab edirik ki, ölkədə insan haqları ilə bağlı məsələlərin ilk Avropa Oyunları ilə əlaqələndirilməsi onların həll olunmasında ciddi dəyişikliklərə gətirib çıxarmayacaq.

Cəmiyyətimizin və ölkəmizin həyatında əsas rol oynayan hüquq müdafiəçiləri kimi ilk Avropa Oyunlarının uğurla həyata keçirilməsi üçün hər kəsin əlindən gələni əsirgəməməsinə çağırırıq və hesab edirik ki, tədbir ölkə üçün əhəmiyyətli və tarixi bir hadisəyə çevriləcək idman bayramıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti