...

Bu gündən müəllimlərin yerdəyişməsi üzrə ərizə qəbulu başlayır

Cəmiyyət Materials 1 İyun 2015 13:58 (UTC +04:00)
Bu gündən Təhsil Nazirliyi tərəfindən müəllimlərin yerdəyişməsi üzrə elektron ərizələrin qəbuluna başlanılıb.
Bu gündən müəllimlərin yerdəyişməsi üzrə ərizə qəbulu başlayır

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Bu gündən Təhsil Nazirliyi tərəfindən müəllimlərin yerdəyişməsi üzrə elektron ərizələrin qəbuluna başlanılıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, təhsil nazirinin "Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə" 29 aprel 2015-ci il tarixli, 511 nömrəli əmrinə uyğun olaraq keçirilən müsabiqəyə 3511 vakant yer çıxarılıb. Həmin yerlərdən 3202-i (91%) Azərbaycan bölməsi, 309-u (9%) isə rus bölməsinə aiddir. Ən çox vakant yer kimya (449 yer, 13%), ibtidai sinif (440 yer, 13%), biologiya (387 yer, 11%), fizika (359 yer, 10%), coğrafiya (341 yer, 10%) fənləri üzrə elan edilib.

Vakant yerlər daha çox Bakı şəhəri (473 yer, 13%), Cəlilabad (205 yer, 6%), Lerik (202 yer, 6%), Laçın (197 yer, 6%) və Quba rayonlarının (184 yer, 5%) ümumi təhsil müəssisələrindədir. 2400 (68%) vakant yerə həvəsləndirmə tədbirləri tətbiq edilir.

Müsabiqədə iştirak etmək istəyən namizədlər www.miq.edu.az saytına, eləcə də Təhsil Nazirliyinin rəsmi internet saytında (www.edu.gov.az) "Müəllimlərin işə qəbulu" səhifəsinə daxil olmaqla qanunvericilik üzrə zəruri sənədlər, təlimatlar (elektron ərizənin doldurulması üçün video təlimat və təlimat, test suallarının cavablandırılması üçün təlimat), müsabiqə materialları (müsahibə proqramı, test nümunələri, simulyativ test) və vakansiyalar ilə tanış ola bilərlər. Namizədlər müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçərək elektron ərizə doldurmalıdırlar.

Müəllimlərin yerdəyişməsi üzrə elektron ərizələrin qəbulu iyunun 10-da saat 23:59-da başa çatacaq.

Müəllimlərin yerdəyişməsi yekunlaşdıqdan sonra yenidən müəyyənləşdirilmiş vakant yerlərə iyulun 1-dən müəllimlərin işə qəbulu üzrə sənəd qəbuluna başlanılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti