...

Trend BİA və AZERNEWS qəzeti Vaşinqtonda nüfuzlu media forumunda (FOTO, VİDEO)

Cəmiyyət Materials 3 İyun 2015 12:26 (UTC +04:00)
Vaşinqtonda KİV peşəkarları üçün nüfuzlu tədbir keçirilir.
Trend BİA və AZERNEWS qəzeti Vaşinqtonda nüfuzlu media forumunda (FOTO, VİDEO)

Azərbaycan, Bakı, 3 iyun /Trend/

Vaşinqtonda KİV peşəkarları üçün nüfuzlu tədbir keçirilir. Trend xəbər verir ki, nəşriyyat dünyasının liderləri, o cümlədən Azərbaycanın Trend BİA və AZERNEWS qəzeti ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən 67-ci Beynəlxalq Mətbuat Konqresində (67th World News Media Congress) bir araya gəliblər.

Belə böyük miqyaslı tədbirdə dünyanın 80 ölkəsi ilə yanaşı, Azərbaycan KİV-nin iştirakı faktiki olaraq milli mətbuatımızın bu günki yüksək səviyyəsini əks etdirir.

Konqres iştirakçıları arasında "The New York Times", "Agence France-Presse", "The Washington Post", "Financial Times", "Associated Press" və başqa məşhur mətbuat orqanları var.

Tədbirdə menecment, media qarşısında duran biznes məsələləri, həmçinin yeni biznes modelləri və gəlir mənbələri müzakirə edilir. Konqresdə 80 ölkədən min nəfərdən çox media nümayəndəsi iştirak edir.

Konqres çərçivəsində redaktorlar, mətbuat qurumlarının reklam rəhbərləri və başçılarının iştirak etdiyi 22-ci Beynəlxalq Redaktorlar Forumu (22nd World Editors Forum) və 25-ci Beynəlxalq Reklam Forumu (25th World Advertising Forum) keçirilir.

22-ci Beynəlxalq Redaktorlar Forumunda redaktorlar, menecerlər və jurnalistlər üçün əhəmiyyətli məsələlərə və problemlərə toxunulur. Bununla yanaşı, yeni təşəbbüslərə, trendlərə, jurnalistlərin təhlükəsizliyi və davamlı inkişafı kimi məsələlərin yer aldığı problemlərin həlli yolları müzakirə edilir.

25-ci Beynəlxalq Reklam Forumu naşirlərin, reklam menecerlərinin illik toplantısıdır. Tədbirdə onlayn media qurumları və qəzet mətbuatında işçilərin məvacibinin artırılması strategiyası və məsələləri müzakirə edilir.

Konqres Washington Hilton Hoteldə keçirilir. ABŞ hökuməti adından konqres iştirakçıları qarşısında hökumətin nümayəndəsi Tomas Şennon çıxış edib. O, qonaqları salamlayıb və konfransın işində uğurlar arzulayıb.

Konqres çərçivəsində həmçinin AZERNEWS qəzeti və Trend BİA-nın stendlərinin təqdim olunduğu böyük media strukturlarının sərgisi keçirilib.

Dünyanın nüfuzlu KİV nümayəndələri ilə görüşü çərçivəsində Trend BİA-nın baş redaktoru Vaqif Şərifov həmkarlarına Azərbaycanın siyasi-iqtisadi inkişafı, Ermənistanın Azərbaycana qarşı təcavüzü, ölkənin regionda lider rolu və Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan regional və kontinental əhəmiyyətli layihələr barədə məlumat verib.

AZERNEWS qəzetinin baş redaktoru Sevil Mikayılova öz növbəsində bildirib ki, Azərbaycanın hər iki nəşri konqresdə yüksək səviyyədə təqdim olunur: " Trend BİA və AZERNEWS qəzetinin stendləri "The New York Times", "Agence France-Presse", "Financial Times" kimi nüfuzlu qəzetlərin qonşuluğunda yerləşir. Bu da növbəti dəfə keçirilən tədbirin və Azərbaycan mediasının iştirakının əhəmiyyətini göstərir".

S.Mikayılovanın sözlərinə görə, keçirilən tədbir zamanı konqres iştirakçılarına Bakıda keçiriləcək I Avropa Oyunlarının təqdimatı nümayiş etdirilib. Təqdimat iştirakçıların böyük marağına səbəb olub.

S.Mikayılova qeyd edib ki, nüfuzlu dünya nəşrlərinin rəhbərlərinin iştirak etdiyi belə tədbirlər Azərbaycan, onun uğurları, eyni zamanda, ölkə ərazisinin işğal edilməsi, qaçqın və məcburi köçkünlərin problemləri, Dağlıq Qarabağ münaqişəsi haqqında dünya ictimaiyyətinə obyektiv və qərəzsiz məlumat çatdırmağa imkan yaradır.

Bundan başqa, belə tədbirlər ikitərəfli əlaqələrin inkişafı, dünya mediası ilə münasibətlərin qurulması üçün platforma kimi istifadə edilir.

Trend BİA və AZERNEWS qəzetinin stendində böyük monitorda Azərbaycan, onun son illərdəki uğurları və nailiyyətləri, I Avropa Oyunları, ölkədə yaradılmış nəqliyyat, energetika və sosial infrastrukturlar, Bakıda və regionlarda aparılan abadlıq işləri barədə məlumat yayımlanır. Bu məlumatlar Azərbaycanı tanıdır, habelə ilk növbədə ölkə haqqında daha dolğun informasiyaları dünyanın nüfuzlu nəşrlərinin nümayəndələrinə çatdırmağa imkan yaradır. Bundan başqa, tədbirdə iştirakçılara bukletlər və çap məhsulları paylanılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti