...

Bilik Fondunun könüllüləri Avropa Oyunlarında (FOTO)

Cəmiyyət Materials 17 İyun 2015 15:21 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu yarandığı gündən təkcə paytaxtda deyil, bütün ölkə ərazisində fəal maarifçilik tədbirləri həyata keçirir, ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatı, incəsənətinin təbliği ilə bağlı bir-birindən maraqlı layihələr reallaşdırır.
Bilik Fondunun könüllüləri Avropa Oyunlarında (FOTO)

Azərbaycan, Bakı, 17 iyun /Trend/

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu yarandığı gündən təkcə paytaxtda deyil, bütün ölkə ərazisində fəal maarifçilik tədbirləri həyata keçirir, ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatı, incəsənətinin təbliği ilə bağlı bir-birindən maraqlı layihələr reallaşdırır. Bu səbəbdən də artıq Fondun 2014-cü ildə təsis olunan Könüllülər Birliyi üzvlərinin sayı üç minə qədərdir. Azərbaycanın bütün rayonlarından olan gənclər Bilik Fondu Könüllülərinin sıralarını genişləndirməkdə davam edir.

Fondun İnformasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, Bilik Fondunun Könüllülər Birliyinin hər bir üzvü qatıldıqları bütün ictimai tədbirlərdə, fəaliyyətlərinin hər bir sahəsində ölkə prezidenti İlham Əliyevin könüllərə müraciətini rəhbər tutur: "Gənclər bizim gələcəyimizdir. Siz gələcəkdə Azərbaycanı idarə edəcəksiniz. Azərbaycanın uğurlu inkişafı sizdən asılı olacaqdır. Ona görə siz gənclər bilikli, savadlı olmalısınız. Bu gün dünyada hər şeyi bilik, savad həll edir. Hətta ölkələrin gücünü, potensialını indi bilik, savad həll edir. Texnoloji, elmi tərəqqi haradadırsa, inkişaf da oradadır. İntellektual cəhətdən böyük imkanlara malik olan ölkələr dünyada da öz mövqelərini möhkəmləndirirlər. Ona görə də bilik, savad hər bir gənc üçün - həm onun özü, həm də cəmiyyət üçün çox önəmlidir. Eyni zamanda, bizim gənclərimiz Vətənə bağlı, vətənpərvər olmalıdırlar və mən şadam ki, bu, belədir. Bizim gənclərimiz əsl vətənpərvər gənclərdir".

Kimdir könüllü? Heç bir maddi mənafe gözləmədən bacarıq, zaman və təcrübəsini, öz istəyi ilə, hər hansı bir ictimai təşəbbüs üçün istifadə edən vətənpərvər! "Könüllü fəaliyyət haqqında" Azərbaycan Respublikasının qanununda deyilir: "Könüllü - öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən ictimai faydalı fəaliyyəti şəxsən həyata keçirən Azərbaycan Respublikasının vətəndaşı, əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdir".

Könüllülük 19-cu əsrdə Birinci Dünya Müharibəsindən sonra qurmaq, yaratmaq həvəsi və enerjisi ilə dolu gənclərin təşəbbüsü əsasında yaranıb. Hazırda dünyanın 107 ölkəsində hər il 3000-dən çox könüllü layihələri gerçəkləşdirilir.

Bilik Fondunun Könüllülər Birliyinin üzvləri bu gün Azərbaycanda keçirilən birinci Avropa Oyunlarında yaxından iştirak edirlər.

Bu tarixi hadisənin bir parçası olmaq qürürvericidir

Bakı Slavyan Universitetinin məzunu Fəridə Hüseynova Bilik Fondu yarandığı vaxtdan könüllü kimi fəaliyyət göstərir. "Fondun Könüllülər Birliyinə qatılmağım tələbəlik həyatıma fərqlilik və daha çox aktivlik qatdı. Müxtəlif tədbirlərdə, konfranslarda iştirakım, cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlarla eyni mühiti bölüşmək sosial yönümdə təcrübəmi artırmağa təkan oldu. Dövlət müşaviri, akademik Kamal Abdullayevin rəhbərliyi ilə keçirilən "Kitabi-Dədə Qorqud" və Fridrix fon Dits - 200" beynəlxalq kollokviumunda iştirakım mənim üçün çox əhəmiyyətli idi. Türkiyə, Qazaxıstan, Rusiya, İtaliya, Gürcüstan, Latviya və Almaniyadan məşhur qorqudşünasların, türkoloqların, nəşriyyat rəhbərlərinin, araşdırmaçıların iştirak etdiyi tədbirlərdə qonaqlarla ünsiyyət qurmaq şansı qazandım. Bundan başqa Fondun "Fikir şənbəsi" klubunda müxtəlif mövzulu müzakirələrə qatılmaqla hər dəfə Azərbaycanın görkəmli şəxsiyyətləri, tarixi, mədəniyyəti ilə bağlı yeni informasiya əldə edirik. Bilik Fondunun fəal könüllüləri kimi mən də Bakı 2015 - Birinci Avropa Oyunlarında iştirak edirəm. Düşünürəm ki, könüllülük fəaliyyəti "təmənnasız" görülən işdən daha artıqdır, çünki könüllü olaraq gördüyümüz bu işi biz gənclər sevdiyimiz üçün, maraq dairəmizə uyğun gəldiyi üçün edirik. Könüllülüyün bizə qazandırdığı maddiyyatla ölçülmür, bu, gələcək karyeramız üçün böyük təcrübə qaynağıdır. Gimnastika oyunları üzrə yarışların təşkili komandasında fəaliyyət göstərirəm. Bu, mənim üçün olduqca əhəmiyyətlidir, ölkəmiz üçün önəmli tarixi bir tədbirin təşkilində iştirak etməkdən çox məmnunam. Avropanın müxtəlif ölkələrindən gələn idmançılarla işləmək məsuliyyətli işdir. Öhdəsindən gələcəyimizə inanıram!"

Bilik Fondunun fəal könüllüsü Vasif Hüseynzadə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alır.

"Bilik Fondunun könüllüsü olmaq mənə ən çox yeni dostlar tapmağa kömək edib. Bilik Fonduna könüllü olduğum gündən bəri ora məni cəlb edən ən vacib səbəblərdən biri səmimi və dostcanlı kollektiv olub. Bilik Fondunun könüllüsü olmaq bir çox mötəbər tədbirlərdə iştirak etməyimə və burada gördüyüm işlərdən təcrübə qazanmağıma səbəb olub. Könüllülük prinsipi yeniyetmə və gənclərin təmənnasız öz istəkləri ilə sosial əhəmiyyətli tədbirlərdə iştirak etməsidir. Bilik Fondunun təşkil etdiyi bir çox yerli və beynəlxalq tədbirlərdə iştirak etmişəm. Bu tədbirlərdən ən çox yaddaqalanı Azərbaycan Respublikası Prezident yanında Bilik Fondunun Beyləqanda keçirdiyi qorqudşünaslığın 200 illiyinə həsr olunmuş konfrans idi. Bundan əlavə, Fondun "Qardaşlaşmış məktəblər" layihəsində iştirak etmişəm. Bu layihənin məqsədi mənim çox xoşuma gəlir çünki, bölgələrdən olan məktəblilər arasında, sözün əsl mənasında qardaşlıq körpüsü yaranır. Bundan əlavə, şagirdlər və könüllülər Beyləqan rayonu N saylı hərbi hissəsi ilə tanış olduq və hətta əsgərlərlə birgə süfrə başında yemək də yedik. Bu cür tədbirlər biz gənclər və yeniyetmələrdə vətənpərvərlik ruhunu yüksəldir. Biz - Bilik Fondunun Könüllülər Birliyinin üzvləri Birinci Avropa Oyunlarına da könüllü kimi qoşulmuşuq. Könüllü kimi burada daha çox təcrübə qazanıram, bu da gələcək iş karyeramın qurulmasında çox böyük rol oynayacaq. Məncə, biz könüllülər Avropa Oyunlarına qatılmaqla asudə vaxtımızı daha da maraqlı keçiririk, çoxlu dostlar qazanırıq və həyatımıza rəng qatırıq. Protokol qrupunun üzvüyəm, belə böyük və önəmli bir tədbirin bizim ölkəmizdə keçirilməsinə mən də sevinirəm üstəlik tədbirlərdə iştirak edəcəyəm deyə çox xoşbəxtəm. Düşünürəm ki, burada qazanacağım təcrübə əsasında gələn il Braziliyanın Rio şəhərində keçiriləcək olimpiya oyunlarında da könüllü kimi işləmək şansına malik ola biləcəyəm".

Bakı Dövlət Universitetinin tələbəsi Pərviz Əfəndizadə də Bilik Fondunun fəal könüllülərindəndir.

Bilik Fondunun ofisində olduğum ilk gündən gülərüz və mehriban kollektiv məndə xoş təəssüratlar oyatmışdı və məlumat alanda ki, bu Fondun Könüllülər Birliyi var, tərəddüd etmədən bu imkandan yararlandım. Bilik Fondunun könüllüsü olmaq mənə könüllülük sahəsində təcrübəmi artırmaq, müxtəlif layihələrdə iştirak etməklə görkəmli şəxsiyyətlərlə ünsiyyətdə olmaq imkanı verdi, Bilik Fondu həyatımda yeni bir səhifə açdı.

Ümumiyyətlə, fikrimcə, hər hansı işə başlamazdan əvvəl onu sevmək lazımdır, əks halda, həm siz yorulursunuz, həm də işin effekti aşağı düşür. Könüllülük isə sizin öz istəyinizlə sevdiyiniz işi heç bir qarşılıq görmədən etməyinizdir, yəni bu işi görməyə sizi heç kim məcbur etmir.

Səmimi deyim ki, bu müddət ərzində Bilik Fondunun təşkil etdiyi o qədər tədbirdə iştirak etmişəm ki... Hər şənbə günü "Fikir Şənbəsi" Klubunda təşkil olunan müxtəlif mövzularda müzakirələr, Quba Məzarlığına xarici tələbələrlə birgə səfərimiz, Qocalar evini ziyarət etməyimiz, vaxtaşırı məktəbliləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına aparmağımız və Qarabağ Araşdırmalar Mərkəzində təşkil olunmuş "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, mərhələləri və həlli prespektivləri" proqramı üzrə qısamüddətli kurslarında iştirakım ən yaddaqalan tədbirlər arasındadır.

Mən həm də bir çox gənclərimiz kimi ölkəmizdə keçirilən ilk Avropa Oyunlarının könüllüsüyəm. Azərbaycan Respublikasının vətəndaşı və bir gənc kimi bu oyunlarda mənim də kiçik bir qatqım olmağını istədim, bu məqsədlə könüllü olmaq qərarı verdim bu tarixi hadisənin bir parçası olmaq qürürvericidir və hesab edirəm ki, Azərbaycan bu oyunları ən yüksək səviyyədə keçirəcək və Avropaya yeni bir təcrübə qazandıracaq".

Könüllülər bu tarixi hadisənin ölkəmiz üçün önəmini və dəyərini anlayaraq bu nəhəng idman bayramının təşkil olunmasında fəxrlə və qürurla çalışırlar. Ölkə başçısının inamı və etibarı onları daha da ruhlandırır: "Azərbaycan Avropanı qəbul etməyə hazırdır. Əminəm ki, dünya miqyasında ən gözəl Oyunları biz keçirəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti