...

Heydər Əliyev Mərkəzinin maketi Rusiya Dövlət Ermitajında sərgilənir (FOTO)

Cəmiyyət Materials 29 İyun 2015 15:32 (UTC +04:00)
İyunun 27-də Rusiyanın Sankt-Peterburq şəhərindəki Dövlət Ermitajında tanınmış memar Zaha Hadidin retrospektiv sərgisi açılıb.
Heydər Əliyev Mərkəzinin maketi Rusiya Dövlət Ermitajında sərgilənir (FOTO)

Azərbaycan, Bakı, 29 iyun /Trend/

İyunun 27-də Rusiyanın Sankt-Peterburq şəhərindəki Dövlət Ermitajında tanınmış memar Zaha Hadidin retrospektiv sərgisi açılıb.

Trend-in məlumatına görə, müəllifin layihəsi əsasında inşa olunmuş Bakıdakı Heydər Əliyev Mərkəzinin maketi də ekspozisiyada nümayiş etdirilir.

Dövlət Ermitajı və Zaha Hadid Studiyasının birgə təşkil etdiyi sərgidə ümumilikdə 300-dək maket, çertyoj, heykəl və dizayn obyektləri təqdim olunur. Ekspozisiyada Z.Hadidin 1980-ci illərdəki eksperimental eskizləri, ilk reallaşdırılan və uğur gətirən layihələri və təbii ki, son illərdəki işləri nümayiş etdirilir. Sərgidə Heydər Əliyev Mərkəzi ilə yanaşı, memarın layihəsi əsasında inşa olunmuş Çinin Quançjou operası, Romanın XXI əsr Milli İncəsənət Muzeyi (MAXXI), Londonun Su İdman növləri Mərkəzi və digər tikililərin maketləri yer alıb.

Qış sarayının "Nikolay" zalında açılmış sərgi sentyabrın 27-dək davam edəcək.

Qeyd edək ki, böyük britaniyalı Z.Hadid müasir dünya memarlığının ən məşhur simalarından biridir. O, "Pritzker" mükafatını almış ilk qadın memardır.

Xatırladaq ki, Z.Hadidin layihəsi əsasında inşa olunmuş Heydər Əliyev Mərkəzi 2014-cü ildə London Dizayn Muzeyinin "İlin dizaynı" mükafatına layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti