...

Azərbaycanda xidmət sahəsində yeni innovasiyalar tətbiq edilə bilər

Cəmiyyət Materials 18 Sentyabr 2015 10:41 (UTC +04:00)
Bakı Beynəlxalq İnnovasiyalar Forumuna ev sahibliyi edir.
Azərbaycanda xidmət sahəsində yeni innovasiyalar tətbiq edilə bilər

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir İlkin İzzət/

Bakı Beynəlxalq İnnovasiyalar Forumuna ev sahibliyi edir.

Trend xəbər verir ki, Bakıda "ASAN xidmət"in İnnovasiyalar Mərkəzi və "ADA" Universitetinin təşkilatçılığı ilə "World Summit Award" və "Grand Jury" tədbiri keçirilir.

Fotumun açılışında çıxış edən WSA-nın sədri Piter Bruk qeyd edib ki, tədbirin məqsədi BMT-nin WSIS (World Summit on the Information Society) gündəminə əsasən yerli informasiya cəmiyyətinin kreativliyini və müxtəlifliyini nümayiş etdirmək və cəmiyyətdə güclü təsiri olacaq rəqəmsal həll yollarını tapmaqdır.

ADA Universitetinin prorektoru Muhammadu Kah bildirib ki, istəyirik ki, mövcud innovasiyaları göstərib qiymətləndirək. ADA isə bu layihəyə kompüter elmləri və mühəndisliyi istiqamətində dəstək verir.

İki hissədən ibarət üç günlük tədbirin bu gün keçirilən birinci hissəsində ictimaiyyət üçün açıq Forum təşkil edilib. Forumda sahibkarlarla xarici ekspertlər bir araya gələrək innovasiya, sahibkarlıq, informasiya cəmiyyəti barəsində öz görüş və prespektivlərini bölüşüblər.

İkinci hissədə isə dünyanın hər bir yerindən göndərilmiş 400-ə yaxın tətbiq arasından 40 qalib seçilməsi üçün "Grand Jury" sessiyası baş tutacaq. 21 beynəlxalq ekspert Birləşmiş Millətlər Təşkilatının üzvü olan hər bir dövlət tərəfindən "World Summit Award"a göndərilən tətbiqləri dəyərləndirəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) İnformasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov deyib ki, əsl məqsəd dünyadakı mövcud innovasiyaların təcrübəsini öyrənmək, onları müzakirə etmək və Azərbaycanda tətbiqinə nail olmaqdır.

Eyni zamanda, bir çox dövlətlər ASAN xidmət modelinin tətbiqində maraqlıdırlar: "Bu müsabiqədə Azərbaycandan 6 layihə iştirak edir. Onlardan biri ASAN ödəniş sistemi layihəsidir. Biz bu müsabiqəyə təqdim olunmuş layihələrin ən uğurlularını seçəcəyik. Onların hər hansı birinin dövlət və ya özəl sektorda xidmətlərin göstərilməsi sahəsində Azərbaycanda tətbiq etmək, innovasiyaların ölkədə inkişafına təkan vermək istəyirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti