...

Mətbuatın xəbər oğruları

Cəmiyyət Materials 21 Sentyabr 2015 11:27 (UTC +04:00)
Son vaxtlar yerli mətbuatda çalışan bəzi həmkarlarımız “istinad mədəniyyəti” ifadəsindən geninə-boluna istifadə edirlər. Səbəb aydındır. Sayt və ya hər hansı mətbu orqan, xəbər portalları tirajladıqları informasiyanı başqa bir mənbədən götürdüyü halda, istinad etməyi ya özlərinə sığışdırmır, ya da görməməzlikdən gəlirlər.
Mətbuatın xəbər oğruları

Azərbaycan, Bakı, 21 sentyabr /Trend Azər Niftiyev/

Son vaxtlar yerli mətbuatda çalışan bəzi həmkarlarımız "istinad mədəniyyəti" ifadəsindən geninə-boluna istifadə edirlər. Səbəb aydındır. Sayt və ya hər hansı mətbu orqan, xəbər portalları tirajladıqları informasiyanı başqa bir mənbədən götürdükləri halda, xəbəri yayımlayan qurum mənbəyə istinad etməyi ya özlərinə sığışdırmır, ya da görməməzlikdən gəlirlər.

İstinad mədəniyyətinin pozulması problemi ilə əksər hallarda cəmiyyətdə nüfuzu olan, geniş oxucu auditoriyası ilə sayılıb-seçilən agentliklər, xəbər portalları üzləşirlər. Daha açıq desək, yerli mətbuatda kütləvi xəbər oğurluğu bu gün adi hala çevrilib.

Dünya mətbuatında qəbul olunmuş təcrübə var. Hər hansı KİV digərindən məlumat götürərək, bu məlumatı öz qəzetində, jurnalında, internet saytında və s. yerləşdirirsə, mütləq məlumatın ilkin mənbəyinə istinad edir. Bu, normaldır. Əksinə, bu çox yaxşı təcrübədir. İnsanlara lazım olan informasiyanın daha sürətlə çatdırılmasına xidmət edir. Amma bu o demək deyil ki, başqa bir mətbu orqanın informasiyasını özününküləşdirib, nöqtə, vergülünə belə dəymədən öz adına çıxasan.

Trend son dövrlər aparıcı informasiya resurslarının əsas qayğılarından birinə çevrilmiş mövzunu - "informasiya oğurluğu" mövzusunu araşdırmağa çalışıb.

Modern.az portalının baş redaktoru Elşad Eyvazlı hesab edir ki, əksər saytlar bu yolla öz mövcudluqlarını qorumağa çalışırlar: "Bu gün 1000 manat xərc çəkib, sayt yaratmaq mümkündür. Amma bu saytı ayaqda saxlamaq, ictimai rəyə təsir edə bilmək böyük enerji və maliyyə tələb edir. Bunu edə bilmədiklərinə görə, başqa saytların xəbərlərini "kopyalayır" və gündəmdə qalmağa çalışırlar. Təbii ki, başa düşürlər ki, ucdantutma bütün xəbərlərə istinad edilsə, o halda onların fəaliyyətinə maraq olmayacaq. Bu səbəbdən bəzi hallarda digər portalların xəbərlərini öz adlarına çıxmağa çalışırlar. Amma unudurlar ki, bu yolla uğur qazanmaq və oxucuları aldatmaq mümkün deyil".

"Oxucu üçün qətiyyən maraqlı deyil ki, xəbəri istehsal edən mənbə kimdir?" deyən baş redaktorun sözlərinə görə, buna qarşı mübarizə ciddi nəticə verməyəcək: "Bəzən bir şirkət digər şirkətin istehsal etdiyi məhuslun üzərindəki etiketi dəyişərək, bunu öz adına çıxır. Dəfələlə görmüşük ki, bu məsələ məhkəmə predmeti olur. Amma xəbər portalları arasında bu ənənə yoxdur. Digər tərəfdən, bu bir vicdan məsələsidir. Modern.az portalında belə hal olmayıb. Biz hansı istinad xəbəri veririksə, həmin xəbəri hansı mənbədən aldığımızı qeyd edirik. Pessimist olmağa əsas yoxdur. Onsuz da bu cür saytlar sürətlə zəifləyir və bir müddətdən sonra sıradan çıxırlar. Yaxşı olar ki, aparıcı xəbər agentliklərinin rəhbərləri bir araya gələrək, buna qarşı ictimai qınaq yaradacaq tədbirlər barədə düşünsünlər".

"Azadİnform"un baş redaktoru Niyaz Niftiyev bildirib ki, son aylar bu məsələdə vəziyyət daha pis forma alıb: "Xəbər istehsalına deyil, daha çox "kopyalama" prinsipi ilə işləyən internet resurslarının əksəriyyəti bu ənənədən belə mədəni istifadə edə bilmirlər. Daha doğrusu, xəbər istehsal edən saytların xəbərlərini istinadsız verərək, onların məhsullarına sahib çıxırlar. Əlbəttə, bu xoşagələn hal deyil və ciddi problemdir. Bir ara bu məsələ aktuallaşdı və problemlər nisbətən yoluna qoyuldu. Amma son zamanlar yenə də əvvəlki vəziyyət yaranıb. Çıxış yolu mütləqdir. Bunu hər kəsin öz vicdanına buraxmaq lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti