Azərbaycan, Bakı, 22 oktyabr /Trend/
Tanınmış Azərbaycan yazıçı-publisisti, fəlsəfə üzrə doktor Yunus Oğuzun dünən (21.10.2015) Tatarıstan Yazıçılar Birliyində (TaYB) möhtəşəm görüşü olub. Yunus Oğuzun ruscaya çevrilmiş bədii və elmi kitablarının təqdimat-müzakirəsi şəklində nəzərdə tutulan görüş, yazıçı ilə görüş xarakteri alaraq, çoxsaylı suallar, maraqlı fikir mübadiləsi və dialoqlarla müşiyət olunub.
Yerli vaxtla s.17.00-da, TaYB-nin böyük zalında başlayan tədbiri açıq elan edən TaYB başqanı, əməkdar incəsənət xadimi rafis Qorbanov, Tatarıstanın Azərbaycanla ədəbi əlaqələrinin dünəni, bugünü və gələcəyi haqqında fikirlərini bölüşərək, belə təqdimat-müzakirələrin qarşılıqlı ədəbi əlaqələrdə əvəzsiz rol oynadığını vurğulayıb.
Sonra Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, şair-publisist Əkbər Qoşalı çıxış edərək, cari ayın əvvəllərində Kazanda Türkcənin XI Uluslararsı Şeir Şölənində iştirakını xatırladaraq, yenidən Kazanda və TaYB-də olmaqdan məmnunluğunu ifadə edərək, Yunus Oğuzun kitablarının təqdimat-müzakirəsi ilə artıq TaYB ilə ən yeni dövr əməkdaşlıq mühitinin yarandığını, gələcəkyə yönəlik layihələr üzərində işlədiklərini qeyd edib.
Yunus Oğuz yaradıcılığına diqqəti yönəldən Ə.Qoşalı, onu çoxfunksiyalı, çoxvektorlu yaradıcılıq platformasına malik yazıçı-alim kimi xarakterizə edib. Fərqli mövzuları, fərqli məkan və zamaları bir müstəvi üzərində maddiləşdirə bilmək istedad və bacarığının, Y.Oğuzun sanki enerjini məqsədyönlü yönəldə bilmək keyfiyyəti şəklində təzahür etdiyini vurğuladı. Daha çox, tarixi romnlar müəllifi, ortaq türk dəyərlərini, türk tarixini, ümumən insanlıq tarixini ardıcıl, sistemli işləyən müəllif kimi tanınsa da, məhz passionarlıq nəzəriyyəsi, tarixə yeni baxış və s. mövzularını da həm elmi, həm də ədəbi əsərlərə çevirdiyini deyib.
Sonra TaYB başqanı R.Qorbanov, Yunus Oğuzu öz qəhrəmnları, mövzuları, ümumən əsərləri barədə fikirlərini bölüşməyə dəvət edib. Y.Oğuz onun timsalında Azərbaycan yeni nəsil aydınlarına, Azərbaycan ədəbiyyatına diqqət və məhəbbətə görə təşəkkür edib.
Yaradıcılığı barədə ən yaxşı sözü elə kitablarının özünün dediyinə inandığını vur-ğulayan Y.Oğuz, Tatarıstan tarixi, tatar qəhrəmanlarının timsalında yeni bir roman yazmağı planlaşdırdığını deməsi, gurultulu alqışlarla qarşılanıb.
Y.Oğuza çoxsaylı suallar ünvanlandıqdan sonra Xalq şairi Renat Xaris, əməkdar elm xadimi Albert Burxanov, görkəmli akademik İndus Rizakulı (Tagirov), akademik Engel Rizakulı, gənc şairlər Rifat Salih, Fanil Gilaji, "Vatanım Tatarıstan"ın əməkdaşı, şair-publisist Rəşit Minhac və başqaları çıxış edib, öz fikirlərini bölüşüblər. Cənab Engel Rizakulı rektoru olduğu "Avropa-Asiya" - "Dünya Kültürü" Uluslararası Humanitar Akademiyasının fəxri akademiki diplom və "çiyinliy"ini Y.Oğuza təqdim edib.
Y.Oğuz sonda bir daha TaYB başqanı Rafis Qorbanova, bütün çıxışçılara, öz maraqlı sualları ilə gecəyə rəng qatan iştirakçılara, bütövlükdə görüşdə iştirak edən hər kəsə könül dolusu təşəkkür edib, fəxri akademik diplomu ilə təltif olunmağın isə onunçün çox xoş sürpriz olduğunu bildirib.
Gecədə tatar sənətçiləri Azərbaycana və Tatarıstana həsr olunmuş mahnılar, şeirlər səsləndiriblər.
Belə görüşlərin gələcəkdə Bakıda da, Tatarıstanın, Azərbaycanın digər şəhərlərində də düzənlənəcəyinə istək və inam ifadə edilib.
Azərbaycanlı yazarlar öz kitabları ilə yanaşı, şeirləri artıq tatarcaya çevrilmiş Sona Vəliyevanın və Vasif Süleymanın kitablarını, habelə "Can Azərbaycan" şeirlər toplusunu TaYB kitabxanasına, eləcə də ədəbi çevirmə ilə məşğul olan ədiblərə bağışlayıblar.