Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İnformasiya təminatı sektorunun məsləhətçisi Ramilə Qurbanlı
Bu yerlər mənə "Dədə Qorqud" filmini və Beyrəklə sevgilisinin yovşan vaqeəsini xatırlatdı.
Heç ağlıma da gəlməzdı ki, uşaqlığımın bal kimi şirin vaxtlarında ayaqlayıb üstündən o tərəf bu tərəfə qaçıb oynadığım, bəzən "alaqdır, həyəti pis göstərir" deyə, kökündən qazıb atdığımız yovşanın qoxusunu bir gün müşkü-ənbər kimi ciyərlərimə çəkəcəm. Bir yağışlı gündə aran Qarabağda, Ağcabədi ərazisində olan Qalatəpə (qədim Ayniana - Yunan) deyilən yerdə islandığından qoxusu bir az da təravətlənmiş yovşan mənə nələr yaşatdı, bir özüm bilirəm, bir də Tanrım. Gözlərimi yumub həsrət qaldığım, yağmalanmış yurd yerimi xəyalən qarış-qarış gəzib-dolaşıb qayıtdım.
Qalatəpədən Dağlıq Qarabağın dağları görünür, bəzən duman gəlib alır oraları, bəzən isə çəkilir və yamyaşıl dağlar bütün gözəllikləri ilə insanı maqnit kimi çəkir. Kaş, elə həmişə oraları yalnız duman alaydı - düşünürsən, düşmən əlinə keçməyəydi...
Qarqar çayın da zümzüməsi üsyan edirmiş kimi gəlir adama, daha zümzümə deyil, hayqırtıdır onun səsi, oradan gəlir - dağlardan, işğal altında olan Xocalı tərəfdən. Elə bil oralarda gördüklərini bizə hayqırıb danışır, onu bu zülmdən qurtarmağımız üçün bizlərə üsyan edir.
Ağcabədiyə 42 nəfərlik heyətlə getmişdik. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Multikulturalizm Mərkəzinin və Bakı Slavyan Universitetinin təşkilatçılığı ilə azərbaycanlı tələbələrimizlə yanaşı, müxtəlif xarici ölkələrdən (İtaliya, Polşa, Ukrayna, Pakistan, Türkiyə, Qazaxıstan) gəlib Bakının ali məktəblərində təhsil alan tələbələri "Qafqaz Albaniyasına səyahət" layihəsi çərçivəsində ora aparmışdıq, məhz Ağcabədidəki Qalatəpəyə. Niyə bu əraziyə?
Azərbaycan tarixinin qədim və erkən dövrlərini əhatə edən Qafqaz Albaniyası özünün antik yaşayış məskənləri ilə hal-hazırda hamının dıqqətini cəlb edir. XX əsrin son rübündə Azərbaycanın müasir sivilizasiyanın ən qədim beşiklərindən olduğunu dünya elminə sübut edən arxeoloq-alimlərimiz, tariximizin açılmamış səhifələrini araşdıraraq, Azərbaycan tarixinin öyrənilməmiş səhifələrinin izi ilə gedib antik və erkən orta əsrlər şəhər mədəniyyətini tədqiq ediblər. Antik şəhərlər üzə çıxardıblar. XX əsrin 70-ci illərindən başlayaraq, bu məsələ Azərbaycan arxeoloqlarının diqqətini cəlb etsə də Azərbaycanda, qədim dövrdə, salınmış antik yaşayış məskənləri ciddi şəkildə son illərdə arxeoloqlarımız tərəfindən öyrənilməyə başlayıb. Mənbələrdə göstərilən koordinatlara uyğun olaraq, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun "Çöl tədqiqatları" sektorunun müdiri, tarix üzrə fəlsəfə doktoru Təvəkkül Əliyevin rəhbərlik etdiyi Mil-Qarabağ arxeoloji ekspedisiyası 2008-ci ildən etibarən Qalatəpədə tədqiqatlar aparmağa başlayıb və aparılan arxeoloji qazıntılar bu abidənin antik və orta əsrlərə (e.ə.III - b.e.-nın XIII əsrinin əvvəllərinə) aid şəhər məskəni olduğunu təsdiq edib. Tədqiqatlar zamanı Qalatəpədə (Ayniana -Yunan) aşkar edilmiş nekropoldan əldə edilən artefaktlar Azərbaycanın qədim əhalisinin - albanların Ellin-Roma aləmi ilə sıx əlaqələrini göstərib. Bütün bu tarixi faktları, Qalatəpədə qazıntı nəticəsində aşkar edilən nekropolu əyani surətdə xarici ölkə tələbələrinə və öz gənclərimizə göstərmək üçün Ağcabədiyə getmişdik.
Avtobusda yolboyu xalq mahnılarımızı oxuyur, bəstəkar mahnılarına keçir, xarici tələbələr də bizə qoşulurdular. Mahnıları bütöv olmasa da, nəqərat hissələrini öyrədə bilmişdik onlara, təkrar-təkrar oxuyurdular bizimlə. Uşaqlar öz aralarında kim çox şeir bilir müsabiqəsi keçirdilər, kino musiqilərimizi ifa etdilər. Filmlərimizin məşhur sitatlarını biri deyir, o biri tapırdı, çox şeir bilən və deyilən sitatın hansı filmdən olduğunu tapan tələbə növbəti səyahətimizdə iştirak etmək hüququ qazanırdı.
Bu minvalla gedib təyin olunan yerə çatdıq - Ağcabədiyə. Bizi qarşılayan Bilik Fondunun Ağcabədidəki nümayəndəsi Anar Qasımov, Ağcabədi Mədəniyyət və Turizm şöbəsinin müdiri Rza Quliyev, Tarix Diyarşünaslıq Muzeyinin direktoru Nərminə Əkbərova birlikdə Qalatəpəyə yağışda-palçıqda qalxa biləcək maşın tədarükü gördülər. İki ayrı-ayrı maşınlara oturub Qalatəpəyə yol aldıq.
Qalatəpə ekskursiyasına bələdçilik edən Təvəkkül Əliyev Mil-Qarabağ düzündə - Ağcabədi rayonunun Salmanbəyli kəndindən 3,5 km şimal-qərbdə, Qarqarçayın sağ sahilində yerləşən, ümumi sahəsi 26 ha malik olan, Azərbaycanın qədim dövr tarixinin səslərindən olan Qalatəpə (Ayniana -Yunan) yaşayış məskəni haqqında maraqlı məlumatlar verdi. Havanın çox soyuq olmasına, yağış çisələməsinə rəğmən, heç kim "qayıdaq" kəlməsini dilə gətirməyi ağlının ucundan belə keçirmirdi, çünki həm verilən məlumatlar çox maraqlı idi, vətənimizin tarixinin sirlə dolu, bizə məlum olmayan səhifələrini gözlərimiz önündə canlandırırdıq, həm də bol oksigen, yaşıllığın qoxusu bizi valeh etmişdi. Tərcüməçilərimiz Təvəkkül müəllimin danışdıqlarını xarici tələbələrə tərcümə edirdilər, arabir onların verdikləri suallar təkrarçılığa səbəb olurdu, xarici tələbələrlə birgə tarixi faktları təkrarən dinləməli olsaq da, bu, bizi qətiyyən darıxdırmırdı, əksinə qarşısında durduğumuz heyratəmiz məkanı daha çox öyrənmək istəyirdik.
Təvəkkül Əliyev danışırdı ki, Azərbaycan ərazisində salınan antik şəhərlər haqqında ilk məlumatı antik müəlliflərdən olan Strabon verib və o, öz əsərlərində Qafqaz Albaniyasının Uti vilayətində Aynian (Enian) şəhərinin adını çəkib. Sonralar, IX-XIII əsr ərəbdilli qaynaqlar da Bərdə ilə Beyləqan arasında yerləşən Yunan adlı şəhər haqqında məlumat verib. Aparılan arxeoloji qazıntılar belə bir həqiqəti göstərib ki, bu şəhərdə insanlar b.e. əvvəllərindən etibarən yaşamağa başlamış və monqolların Azərbaycana ilk yürüşündən sonra digər çoxsaylı məskənlər kimi bu antik şəhərdə də həyat sönmüşdü.
Arxeoloq bu yaşayış məskəninə məxsus olan antik nekropolda 14 küp və 3 torpaq qəbrin tapıldığını da dedi. Bu qəbirlərdən alban tayfalarının gündəlik həyatını, məşğuliyyətini, dünyagörüşünü əks etdirən faktiki materialların aşkar edildiyini bildirdi. Respublikamızda arxeoloji turizmin inkişafının vacibliyini qeyd edən T. Əliyev bu abidənin əzəmətli görkəmi, Qarqarçay yatağının füsunkar görünüşü, ətrafda Yantəpə, Üçtəpə kimi məşhur abidələrin, qədim meşə qalığının olması, rayon mərkəzinə yaxınlığını göstərərək, onun arxeoloji turizm üçün əhəmiy-yətindən də danışdı. Xarici tələbələrə dağlardan görünən, erməni işğalında olan Dağlıq Qarabağdakı abidələrimizdən, yataqlardan danışan alim, əvvəldən, mənim Sizlərə söhbət açdığım yovşanın tibbi əhəmiyyətindən də söz açdı. Və bütün bunlar çox maraqlı oldu.
Maarifçilik missiyası məqsədi ilə "Qafqaz Albaniyasına səyahət" layihəsi çərçivəsində təşkil olunmuş Ağcabədi səfəri, 42 nəfərlik heyətə həm zövqü-səfa yaşatdı, həm də çox böyük məlumat almağa vəsilə oldu. Bu nə başlanğıc deyil, nə də son, layihə hələ davam edir.