...

Azərbaycanı təxribatçı hədələrlə geri çəkilməyə məcbur etmək mümkün deyil

Cəmiyyət Materials 7 Noyabr 2015 13:52 (UTC +04:00)
Azərbaycanı hər zaman bölmək istəyənlər olub. Bu istiqamətdən yola çıxaraq fəaliyyətlərini vətəndaşları üz-üzə qoymaq üzərində qurmağa çalışıblar. Amma göründüyü kimi, onlar da, arxalarında duranlar da hər zaman məğlub olublar
Azərbaycanı təxribatçı hədələrlə geri çəkilməyə məcbur etmək mümkün deyil

Azərbaycan xəbərlər xidməti

Azər Niftiyev - Trend:

Azərbaycanı hər zaman bölmək istəyənlər olub. Bu istiqamətdən yola çıxaraq fəaliyyətlərini vətəndaşları üz-üzə qoymaq üzərində qurmağa çalışıblar. Amma göründüyü kimi, onlar da, arxalarında duranlar da hər zaman məğlub olublar. Bu dəfə də belədir...

Din adı altında fəaliyyət göstərən qruplaşmaların, birliklərin çoxu dini parçalamaq, insanlar arasında nifaq toxumu səpmək məqsədilə yaradılıb. Bunu istər digər dövlətlərin, istərsə də ölkəmizin təcrübəsində görürük.

Azərbaycanda hökm sürən dini tolerantlıq mühiti, insanların inanclarına hörmətlə yanaşılması bəzi təxribatçı dini qruplar üçün göydəndüşmə fürsət olub və onlar bu imkandan öz məqsədləri üçün mümkün qədər yararlanmağa çalışırlar. Hesab edirlər ki, "Din pərdəsi"nə bürünüb, istənilən təxribatı törədə, iğtişaşlar yarada bilərlər.

Amma unudurlar ki, Azərbaycan demokratik dəyərlərə sadiqlik nümayiş etdirdiyi kimi, qanunun aliliyini hər şeydən üstün tutur və daxildə təxribatçı niyyətlərini işə salmaq istəyən, kütləvi itaətsizliyə səsləyən bütün çağırışları ifşa etməyə hazır və qadirdir.

Müqəddəs dini kitabları təhrif etməklə məşğul olanlar, iradəsiz insanları "canlı meyit", "könüllü kamikadze" olmağa təhrik edənlər bütün bəşəriyyətin probleminə, başağrısına çevriliblər.

Onlar hər yerdədirlər. Az inkişaf etmiş ölkələrdə də, dünyaya meydan oxuyan super gec dövlətlərdə də. Sanki şeytan cildinə girib, onların qiyafəsində dünyanı parçalamağa çalışırlar. Qəddarlığı yayırlar, insanları üz-üzə qoyurlar.

Ötən gün Sabunçu rayonu ərazisində bir qrup şəxsin keçirdiyi aksiya göstərdi ki, sürətlə inkişaf edən Azərbaycanın uğurlarını həzm edə bilməyən qüvvələr "din faktoru"ndan da yararlanmağa çalışırlar.

"Saqqalını bir az artıq uzat, daha çox pul verək" məntiqini dünyaya yayanlar, "əbədi rahatlıq" adı altında insanlığa "təcavüz" edənlər Azərbaycanı bu faktorla da hədəfə alırlar.

Dini çağırışlarla gündəmə gəldilər, siyasi hədələr səsləndirdilər. Ancaq heç nəyə nail olmadılar. Çünki Azərbaycan həmişə bu sınaqlardan üzüağ çıxıb.

Qüdrətli, müasir, inkişaf edən Azərbaycanı hər hansı təxribatçı bəyanat və hədələrlə geri çəkilməyə məcbur etmək mümkün deyil. Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır və Azərbaycan xalqı öz seçimini edib. Bu seçimə qarşı dayananların, hakimiyyəti devirməyə çağırış edənlərin aqibətini isə qanunun aliliyi diktə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti