...

Qönçələrin çiçək dünyası – Məktəblilərin rəsm sərgisi keçirilir

Cəmiyyət Materials 17 Noyabr 2015 16:19 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və AMEA Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə “Qönçələrin çiçək dünyası” adlı sərginin açılış mərasimi olub.
Qönçələrin çiçək dünyası – Məktəblilərin rəsm sərgisi keçirilir

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və AMEA Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə "Qönçələrin çiçək dünyası" adlı sərginin açılış mərasimi olub.

Tarix Muzeyində təşkil olunmuş sərgidə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının və Hövsan Mədəniyyət Evinin uşaq rəsm dərnəyinin 6-13 yaş arası üzvlərinin çəkdikləri 67 rəsm nümayiş olunub.

Açılış mərasimində iştirak edən Milli Azərbaycan Tarixi Muzeyinin direktoru əməkdar elm xadimi, akademik Nailə Vəlixanlı sərginin açılışı münasibəti ilə iştirakçıları təbrik edib və balaca rəssamlara uğurlar arzulayıb.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov rəhbərlik etdiyi qurumun təşəbbüsü ilə vaxtaşırı uşaqlar və yeniyetmələr arasında yaradıcılıq müsabiqələrinin və sərgilərin keçirildiyini xatırladıb. Belə tədbirlərin istedadlı məktəbliləri daha da həvəsləndirdiyini, gənclərin yaradıcılığını stimullaşdırdığını vurğulayan O.Səmədov bundan sonra da uşaqların həm intellektual, həm də yaradıcı baxımdan inkişafı üçün hərtərəfli şərait yaradılacağını deyib.

Tədbirdə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru, əməkdar incəsənət xadimi Dilarə Əliyeva, Hövsan Mədəniyyət Evinin direktoru Vasif Rəhimov, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev, rəssamlar, jurnalistlər, məktəblilər iştirak ediblər.

Sərginin təşkilində xüsusi rolu olan Uşaq Filarmoniyasının rəssamı Gilan Əzizxanlı və Bilik Fondunun məsləhətçisi Şəlalə İsmayılova yetişməkdə olan gənc nəslin estetik tərbiyəsində belə sərgilərin böyük rolu olduğunu deyiblər.

Açılış mərasiminin sonunda balaca rəssamlara təşəkkürnamələr və hədiyyələr təqdim olunub. Sərgi ilin sonunadək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti