...

Azərbaycanda uşaq ana bətnində olarkən əməliyyat olundu (FOTO)

Cəmiyyət Materials 25 Yanvar 2016 13:29 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva-Trend:

Azərbaycanda uşaq ana bətnində olarkən böyrəyindən, dünyaya gəldikdən sonra isə sidik kisəsindən əməliyyat olundu.

Azərbaycan Tibb Universitetindən Trend-ə verilən məlumata görə, universitetin Tədris Cərrahiyyə Klinikasının mama-ginekologiya şöbəsinə 26 həftəlik hamiləliyi sonlandırmaq məqsədi ilə daxil olan hamilə qadın ultrasəs müayinələrindən keçərkən dölün sol böyrəyində inkişaf edən iri ölçülü kista aşkarlanıb. Kista getdikcə böyüyərək bütün qarın boşluğunu tamamilə tutub: "Pasientimiz klinikamıza müraciət olunan zaman ultrasəs müayinəsində döldə sol böyrək kıstasının ölçüsü 88,7 mm-ə çatmışdı. Belə ki, dölün öz bədən uzunluğu 221 mm idi. Dölün sol böyrək kıstası həm qarın boşluğundakı orqanları, həm də döş qəfəsindəki ağciyər və ürəyi sıxışdıraraq, ürək fəaliyyətini zəiflətmişdi. Ultrasəs müayinəsində dölün ana bətnində ürək çatışmazlıqdan dərialtı ödem izlənilirdi və ağciyərlərin, ürəyin ətrafında maye yığılmağa başlamışdı. Təcili müdaxilə etməsəydik, uşaq tələf ola bilərdi. Bu səbəbdən, dölün sol böyrək kıstasına təcili müdaxilə edərək, tək bir seansla təxminən 235 ml sidik (maye) çəkildi. Kistanın ölçüsü 90 mm-dən 21,8 mm-ə qədər kiçilmişdi və artıq dölün həyatı üçün təhlükə törətmirdi. Ürək, ağciyərlər və qarın boşluğundakı orqanların fəaliyyətləri bərpa olmuşdu. Hamilə xanım hər iki həftədən bir müayinələrə gələrək kistanın ölçüsü qeyd olunurdu və kistanın həcmi böyümədiyi üçün müdaxiləyə ehtiyac olmadı".

Məlumatda qeyd edilir ki, hamiləliyin 40-cı həftəsində mama-ginekologiya kafedrasının dosenti Şölə İsmayılova tərəfindən ana keysəriyyə əməliyyatı edilib və döl sağlam şəkildə dünyaya gəlib. Hazırda körpənin vəziyyəti yaxşıdır, evə buraxılması üçün hazırlıqlar görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti