Bakı. İlhamə İsabalayeva - Trend:
Bu gün Beynəlxalq Muğam Mərkəzində Birləşmiş Millətlər Təşkilatı (BMT) Sivilizasiyalar Alyansının bu il aprelin 25-27-də Bakıda təşkil olunacaq 7-ci Qlobal Forumunun könüllüləri ilə görüş keçirilib.
Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, Forumun Təşkilat Komitəsinin sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, forumun paytaxtımızda keçirilməsi ilə bağlı 2014-cü il sentyabrın 26-da BMT Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı Dostlar Qrupunun nazirlər toplantısında qərar qəbul edilib. Ölkə başçısı İlham Əliyev 24 iyul 2015-ci ildə 7-ci Qlobal Forumun keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb. Nazir onu da diqqətə çatdırdı ki, ölkəmizin sivilizasiyalar və mədəniyyətlərarası dialoqa töhfələri və Sivilizasiyalar Alyansının Qlobal Forumun Bakıda keçirilməsinin önəmi nəzərə alınaraq Prezident İlham Əliyev tərəfindən 2016-cı il Azərbaycanda "Multikulturalizm ili" elan edilib.
BMT-nin himayəsi altında iki ildən bir keçirilən tədbirin dünyanın müxtəlif ölkələrində uğurla baş tutduğunu deyən Əbülfəs Qarayev bildirdi ki, belə beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkilində könüllülərin üzərinə böyük yük düşür. Forumla bağlı müxtəlif universitetlərin tələbələrindən ibarət 423 nəfər könüllü seçilib. Azərbaycanın beynəlxalq tədbirlər keçirməkdə böyük təcrübəsinin olduğunu deyən nazir könüllüləri həmişə olduğu kimi bu Forumda da fəal olmağa çağırdı.
Məlumat verildi ki, tədbir üç gün müddətində Bakıdakı Konqres Mərkəzində və Heydər Əliyev Mərkəzində keçiriləcək. Tədbirə 120 ölkədən 2500 qonağın gələcəyi gözlənilir. Bir sıra ölkələr prezidentlər və nazirlər səviyyəsində təmsil olunacaq. Bu münasibətlə BMT-nin baş katibi Ban Ki-Moon da ölkəmizə səfər edəcək.
Tədbirin dünya üçün önəminə diqqət çəkən Əbülfəs Qarayev bildirdi ki, Qlobal Forumun toplantıları beynəlxalq televiziyalar və internet vasitəsilə 6 dildə canlı yayımlanacaq. Eyni vaxtda müxtəlif salonlarda 8 tədbir keçiriləcək.