...

Azərbaycanda informasiyanın yayılmasına yol verən xüsusi halların sayı artırılır

Cəmiyyət Materials 12 Aprel 2016 15:22 (UTC +04:00)
Azərbaycanda yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə məlumatların razılıq olmadan yayılması qadağan olunur.
Azərbaycanda informasiyanın yayılmasına yol verən xüsusi halların sayı artırılır

Bakı. İlhamə İsabalayeva-Trend:

Azərbaycanda yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə məlumatların razılıq olmadan yayılması qadağan olunur.

Trend-in məlumatına görə, Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında bildirilib ki, bununla əlaqədar "Kütləvi informasiya vasitələri haqqında" qanuna dəyişikliklər edilir.

Komitənin sədri Rafael Hüseynov bildirib ki, qanunun hazırkı variantına görə, cinayət etməkdə təqsirləndirilən yetkinlik yaşına çatmayanların və ya qanuni nümayəndələrinin razılığı olmadan onların şəxsiyyəti barədə hər hansı məlumatı yaymasına yol verilmir.

R.Hüseynov deyib ki, bu qanuna əlavənin edilməsini nəzərdə tutan dəyişiklikyə görə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada tərtib edilən və "İnformasiya əldə etmək haqqında" qanuna uyğun olaraq sənədləşdirilmiş informasiya hesab edilən cinayət təqibi üzrə icraat materiallarının surətlərini olduğu kimi yayılmasına yol verilməyəcək.

Bu, informasiyanın yayılmasına, informasiya mənbəyinin açıqlanmasına yol verilməyən xüsusi hallardan biri sayılacaq.

Qanuna edilən bu dəyişikliyin məqsədi "Kütləvi informasiya vasitələri haqqında" qanunu Cinayət-Prosessual Məcəlləsinə uyğunlaşdırmaqdır.

R.Hüseynov deyib ki, bu dəyişikliklər KİV-in işini məhdudlaşdırmaq demək deyil.

Onun sözlərinə görə, dəyişikliklərin edilməsində məqsəd həm də bəzi mətbuat vasitələrində hər hansı məlumatın vaxtından əvvəl, şişirdilmiş formada verilərək mövzunun daha arzuolunmaz nəticəyə çatmasının qarşısını almaqdır.

Qanuna təklif olunan dəyişikliklər Azərbaycanda insan hüquqlarına hörmətin çərçivəsinin daha da artırılmasına xidmər edəcək.

Müzakirələrdən sonra qanun layihəsi MM-in plenar iclasına tövsiyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti