Bakı. İlhamə İsabalayeva - Trend:
Bakıda 2016-2017-ci dərs ili üçün övladlarının orta məktəblərin I sinfinə qəbulu məqsədilə www.mektebeqebul.edu.az saytı vasitəsilə 33 725 valideyn elektron qeydiyyatdan keçib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Arzu Tairquliyeva Trend-ə bildirib ki, 2016-2017-ci dərs ili üçün I sinfə şagird qəbulunun elektron sistem vasitəsi ilə həyata keçirilməsi prosesinə martın 1-dən başlanılıb. Artıq Bakı şəhəri üzrə I sinfə qəbul müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara elektron qeydiyyat başa çatıb. Elektron qeydiyyatdan keçən 28 247 nəfər valideyn məktəb, lisey və gimnaziyalara sorğu yerləşdirib. Onlardan 24 559 nəfəri övladlarının təhsil alması üçün ümumtəhsil məktəblərini, 3688 nəfəri isə lisey və gimnaziyaları seçib.
Bu günə olan rəsmi məlumata əsasən, 17 287 nəfər oğlan, 15 268 nəfər qız I sinfə qəbul üçün elektron sistemdə qeydiyyatdan keçirilib. Onlardan 2838 nəfəri 6 yaşı tamam olmayanlardır.