Bakı. Trend:
Gəncə şəhərində bu gün "Gənclər evi"nin açılışı olub.
Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, "Gəncə Avropa Gənclər Paytaxtı 2016" layihəsinin rəsmi açılış mərasimindən sonra Gəncədə "Gənclər evi" istifadəyə verilib.
Açılışda iştirak edən Avropa Gənclər Paytaxtlarının Şəbəkəsinin rəhbəri Andras Farkas və Rusiya Gənclər Təşkilatlarının Milli Şurasının rəhbəri Anton Şaparin də Gəncənin Avropa Gənclər Paytaxtı olmasını yüksək qiymətləndiriblər. Tədbirlərin ölkələr arasındakı əlaqələrin genişləndirilməsində böyük rol oynayacağını, Gəncənin istənilən beynəlxalq tədbirə yüksək səviyyədə ev sahibi edə biləcəyini vurğulayıblar.
Heydər Əliyev parkında inşa edilən dördmərtəbəli "Gənclər evi"ndə idman zalları, müxtəlif dərnəklərin fəaliyyət göstərməsi üçün otaqlar və konfrans zalı inşa edilib. Burada gənclərin asudə vaxtının səmərəli təşkili üçün hər cür şərait yaradılıb.
Qeyd edək ki, açılış mərasiminə İrlandiya, İtaliya, Portuqaliya, Macarıstan, Polşa, Rumıniya, Sloveniya, Yunanıstan, Bolqarıstan və digər ölkələrdən nümayəndələr dəvət olunublar.
Proqrama Gəncə şəhərindəki Gənclər Evinin və "Gəncə - Avropa Gənclər Paytaxtı 2016" İctimai Birliyinin ofisinin açılışı, müxtəlif sərgilərin təşkili, Avropa Paytaxtları Şəbəkəsinin görüşü, "Qadınlar zirvədə" layihəsinin təqdimatı və digər tədbirlər də daxildir.
"Avropa Gənclər Paytaxtı" layihəsi ilk dəfə 2009-cu ildə Avropa Gənclər Forumu tərəfindən irəli sürülüb. Layihənin məqsədi yerli və xarici gənclər təşkilatlarının beynəlxalq əməkdaşlığının inkişaf etdirilməsi, Avropa gənclər paytaxtları seçilmiş şəhərlərin aid olduğu ölkələrin gənclər təşkilatları milli şuraları arasında təcrübə mübadiləsinin aparılmasıdır.
Avropanın ilk gənclər paytaxtı 2009-cu ildə Niderlandın Rotterdam şəhəri seçilib. Daha sonra Turin (İtaliya), Antverpen (Belçika), Braqa (Portuqaliya), Maribor (Sloveniya), Saloniki (Yunanıstan), Kluj Napoca (Rumıniya) Avropa gənclər paytaxtları olub. Gəncə bu estafeti qəbul edən 8-ci şəhərdir. Onun 2016-cı ildə "Avropa Gənclər Paytaxtı" seçilməsi barədə qərar 2013-cü il aprelin 10-da Yunanıstanın Saloniki şəhərində elan edilib.