...

Cəmiyyətdə qarşılıqlı hörmət və tolerantlıq mühitinin yaradılması, qorunması yolları

Cəmiyyət Materials 13 May 2016 17:08 (UTC +04:00)
Cəmiyyətin inkişafı üçün başlıca şərt sabitlik və sülhdür. Bunlar olmadan nəyəsə nail olmaq qeyri-mümkündür. Sabitlik və sülhün bərqərar etmək üçün isə cəmiyyətdə qarşılıqlı hörmət və tolerantlıq mühiti formalaşdırılmalıdır.
Cəmiyyətdə qarşılıqlı hörmət və tolerantlıq mühitinin yaradılması, qorunması yolları

Mübariz Qurbanlı

Azərbaycan Respublikası Dini Qurumlarla

İş üzrə Dövlət Komitəsinin sədri

Cəmiyyətin inkişafı üçün başlıca şərt sabitlik və sülhdür. Bunlar olmadan nəyəsə nail olmaq qeyri-mümkündür. Sabitlik və sülhün bərqərar etmək üçün isə cəmiyyətdə qarşılıqlı hörmət və tolerantlıq mühiti formalaşdırılmalıdır. Çünki XXI əsrdə monoetnik və təkkonfessiyalı cəmiyyət, demək olar ki, yoxdur (Əlbəttə, təcavüzkar Ermənistan bu baxımdan istisnadır). Başqa sözlə, tolerantlığı cəmiyyətin inkişafı baxımından ilkin şərt kimi də qəbul etmək olar. Bunun ən bariz nümunəsi Azərbaycandır.

Azərbaycan milli və dini baxımdan həmişə tolerant ölkə olmuşdur. Tarixən dinlərin və mədəniyyətlərin qovşağı olmuş ölkəmiz bu gün də öz missiyasını uğurla yerinə yetirir. Azərbaycan ərazisində məskunlaşmış dini-etnik qruplar burada özlərini nəinki yad hesab etməmiş, hətta yerli əhali ilə qaynayıb-qarışmışlar. Tolerantlığın Azərbaycanda çox möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi-mədəni kökləri mövcuddur. Azərbaycan xalqı daim bu bölgədə yaşayan insanlar arasında sülh və əmin-amanlıq şəraitinin yaradılmasına əvəzsiz tarixi töhfələr vermişdir. Dözümlülük, başqa dinlərin nümayəndələri ilə dinc yanaşı yaşamaq azərbaycanlıların milli mentalitetinin əsas xüsusiyyətlərindəndir. Ölkəmizdə tarixən İslam dini ilə yanaşı, Xristianlığa, Yəhudiliyə mənsub insanlar qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşamışlar.

Xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıdışı Ümummilli Liderimiz Heydər Əliyevin növbəti xilaskarlıq missiyasının başlanğıcı olmuşdur. Məhz Ulu Öndərin sayəsində milli-mənəvi dəyərlərə münasibət kökündən dəyişmiş, xalqın keçmişinə, milli adət-ənənələrinə, dininə dövlət səviyyəsində qayğı göstərilməyə başlanılmış, bu dəyişikliyin fonunda ölkədə etiqad, inanc azadlığı bərqərar olmuşdur. Vətəndaşların vicdan azadlığı Konstitusiyamızın 48-ci maddəsində öz əksini tapmış və Azərbaycan Respublikasının "Dini etiqad azadlığı haqqında" Qanununda geniş şəkildə təsbit olunmuşdur. Zaman keçdikcə cəmiyyətdəki inkişaf, qloballaşma nəticəsində sürətlə dəyişən və inkişaf edən dünyamızda insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunması, sosial rifahın daha da yüksəldilməsi, milli və ictimai təhlükəsizliyin daha etibarlı şəkildə təmin edilməsi istiqamətində qanunvericilik sistemində islahatların aparılması zərurətə çevrilmişdir.

Azərbaycan tarixən tolerantlıq, dini dözümlülük ənənələri ilə fərqlənsə də, tam qətiyyətlə deyə bilərik ki, beynəlxalq standartlara cavab verən tolerantlıq ölkəmizdə məhz Heydər Əliyevin xidmətləri sayəsində qurulmuşdur. Bu gün Azərbaycanda dövlət-din münasibətləri modeli çərçivəsində bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir.

Ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanılması da Ümummilli Liderin adı ilə bağlıdır. O, tolerantlığın, birgəyaşayış mədəniyyətinin İslam dininin və Azərbaycan xalqının xarakterik xüsusiyyəti olduğunu belə ifadə etmişdir: "Hesab edirəm ki, Azərbaycan xalqı özlüyündə, təbiətinə görə, öz xarakterinə görə yüksək tolerantlıq hissinə malikdir. Azərbaycan əhalisinin çox hissəsinin etiqad etdiyi müsəlman dinində, onun kökündə də tolerantlıq var".

Vətəndaşlarının böyük əksəriyyəti müsəlmanlar olan ölkəmizdə digər dinlərə də xüsusi qayğı göstərilir. Hələ 1920-ci ildə bağlanmış Jen Mironosets baş kilsəsinin binası 1991-ci ildə Rus Pravoslav Kilsəsinə verilmişdir. Azərbaycanda səfərdə olan Moskvanın və bütün Rusiyanın Patriarxı II Aleksi 27 may 2001-ci il tarixdə bu məbədi müqəddəs elan etmiş və ona baş kafedral kilsə statusu vermişdir. Kilsənin açılış mərasimində Ulu Öndər Heydər Əliyev, hökumət üzvləri, səfirliklərin nümayəndələri və dini icmaların başçıları iştirak etmişlər.

Eyni zamanda, ölkəmizdə 1997-ci ildə gürcü yəhudilərinin sinaqoqu bərpa edilmişdir. Ümumiyyətlə, Azərbaycan müstəqillik əldə etdikdən sonra buradakı yəhudi icması beynəlxalq yəhudi təşkilatları ilə əlaqələrini möhkəmlətmiş, öz dini məktəblərini, mədəniyyət mərkəzlərini, cəmiyyətlərini, qəzetlərini yaratmışlar. Bir faktı da xüsusilə vurğulamaq lazımdır ki, 2003-cü il martın 9-da Bakıda açılmış yeni sinaqoq Avropada ən böyük yəhudi məbədidir.
Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün də öz aktuallığını qoruyub saxlayır. Çünki bu dəyərlərin xalqımızın formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır. Bu gün milli dəyərlərimiz elliklə, bütün xalq tərəfindən, dövlətin öz himayəsi altında qorunur və daha da inkişaf etdirilir.

Azərbaycan öz mədəniyyəti, tarixi, adət-ənənələri ilə fəxr etməyə layiq az sayda dövlətlərdən biridir. Tolerantlığın dövlət strategiyası olaraq əsasını Ümummilli Lider Heydər Əliyev qoymuş, bu zəngin ənənə hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinin layiqli davamçısı olduğunu əməli addımları ilə sübuta yetirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli-mənəvi dəyərlərimizin qorunmasına və inkişafına yüksək səviyyədə diqqət və qayğı göstərir. Azərbaycanda dini və milli tolerantlığın tarixən mövcud olduğunu və bu tolerantlığın indiyə kimi qorunub saxlanılmasında Azərbaycan xalqının və İslam dininin misilsiz rol oynadığını vurğulayan Prezident İlham Əliyev bu fikrini belə şərh etmişdir:

"Tarixən dünya dinlərinin yayıldığı və dinc yanaşı fəaliyyət göstərdiyi qədim Azərbaycan torpağında yüz illərlə qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər sistemi formalaşmışdır. Diqqətəlayiq faktdır ki, ölkəmizdə həmişə yüksək tolerantlıq mühiti hökm sürmüş, heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməmişdir. Ayrı-ayrı etiqad və inanclara malik etnosların əsrlərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanılmasında Azərbaycan xalqının və İslam dininin misilsiz tarixi rolu danılmazdır".

Prezident İlham Əliyev son 13 ildə tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin dirçəldilməsinə, xüsusən də, tarixi-dini ziyarətgahların əsaslı təmirinə və yenidən qurulmasına xüsusi diqqət ayırmışdır. Maddi-mədəniyyət abidələrinin bərpası və mühafizəsini daim diqqət mərkəzində saxlayan dövlət başçısının sərəncamlarına uyğun olaraq son bir neçə ildə qədim tarixi abidələrin, ziyarətgahların bərpası ilə bağlı görülən silsilə tədbirlər dini-mənəvi dəyərlərə verilən yüksək qiymətin göstəricisidir. Təzəpir, Bibiheybət, Əjdərbəy məscidlərində geniş tikinti və yenidənqurma işləri həyata keçirilmiş, Gəncədəki İmamzadə kompleksi, Azərbaycan və Şərq memarlığının nadir incilərindən olan Şamaxı Cümə məscidi artıq dindarların istifadəsinə verilmişdir. İslam abidələrinin inşasından danışarkən 2014-cü ilin dekabr ayında açılışı olmuş Qafqazın ən böyük məscidini - memarlığında İslam dininin möhtəşəmliyini, bununla bərabər, Azərbaycanın milli, dini ənənələrə sadiqliyini nümayiş etdirən Heydər məscidini xüsusi vurğulamaq lazımdır. Ölkəmizin müxtəlif bölgələrindən gələn dindarların, ictimai xadimlərin, Şimali Qafqaz müftilərinin də iştirak etdiyi açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu məscidin müsəlmanların birliyini təsdiq edə biləcək bir simvola çevriləcəyini qeyd etməklə dövlətimizin din siyasətinin gələcək spektrlərini də cızmış oldu.

Azərbaycanda dini tolerantlıq mədəniyyətinin inkişaf etdirilməsində, milli-mənəvi dəyərlərimizin təbliğində Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın misilsiz xidmətləri vardır. Mehriban xanım Əliyeva hər zaman Azərbaycan həqiqətlərini beynəlxalq tədbirlərdə, ən yüksək tribunalardan xarici ölkə nümayəndələrinin diqqətinə çatdırır, xalqlar arasında dostluq münasibətlərinin, qarşılıqlı yardımlaşma və təcrübə mübadiləsinin vacibliyini daima vurğulayır. Onun rəhbərliyi altında Heydər Əliyev Fondu hər bir layihəsi ilə müxtəlif xalqlar arasında humanizm, həmrəylik və dözümlülük kimi bəşəri dəyərlərin bərqərar olmasına öz töhfəsini verməyə çalışır.

Uğurla həyata keçirilən "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində ölkədəki məscidlərdə, kilsələrdə, sinaqoqlarda təmir-bərpa işləri aparılır. Son 10 ildə Fondun dəstəyi ilə Bakının Mərdəkan qəsəbəsində XVI əsrə aid Pir Həsən ziyarətgahında, Binə qəsəbəsindəki Möhsün Səlim və İmam Rza məscidlərində, Buzovna qəsəbəsindəki Cümə məscidində, Mərdəkan qəsəbəsindəki Heydər Cümə məscidində, Gəncədə Həzrəti Zeynəb məscidi əsaslı təmir, bərpa və yenidənqurma işləri aparılmışdır. Qəbələdə isə 2013-cü ildə yeni məscid inşa olunaraq istifadəyə verilmişdir. 2007-ci ildə Bakıdakı Pravoslav kilsəsində təmir-bərpa işləri aparılmışdır. Bakıda yaşayan yəhudi uşaqları üçün "Xabad-Or-Avner" Təhsil Mərkəzi "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində Heydər Əliyev Fondu və "Or-Avner" Beynəlxalq Fondu tərəfindən inşa edilmişdir.

Hazırda Azərbaycanda formalaşmış dini tolerantlıq mühitinin qorunub saxlanması və onun daha da möhkəmləndirilməsində görülən işlər nəticəsində respublikamızda rəsmi olaraq 668 dini icma qeydiyyatdan keçmişdir. Bunlardan 643-ü İslam, 25-i qeyri-islam təmayüllü dini icmadır. Eyni zamanda, ölkəmizdə 13 kilsə, 7 sinaqoq fəaliyyət göstərir.

Ölkəmizdə dini zəmində münaqişələrin olmaması insanların sərbəst olaraq öz əqidə formasını seçməsi, dini dözümlülük və tolerantlıq şəraitinin yaradılması, bu uğurların bir çox beynəlxalq təşkilatlar, dünyada nüfuzlu din xadimləri və böyük ölkələr tərəfindən etiraf olunması Ümummilli Lider Heydər Əliyevin dini sahədə balanslaşdırılmış siyasətinin bu gün uğurla davam etdirilməsinin nəticəsidir. Prezident İlham Əliyevin xalqımızın dini dəyərlərinə, müxtəlif dinlərə və sivilizasiyalara hörmətlə yanaşması, milli-mənəvi dəyərlərə həssas münasibətin dövlət siyasətinin tərkibinə daxil edilməsi, ölkədə güclü tolerantlıq ənənələrinin daha da möhkəmləndirilməsi Azərbaycanı dünyada multikulturalizmin əsas mərkəzinə çevirmişdir.

Fəxrlə qeyd edə bilərəm ki, ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində həyata keçirilən siyasət dünya ictimaiyyəti tərəfindən diqqətlə izlənilir və yüksək qiymətləndirilir. Daim xalqımızın milli-mənəvi dəyərlərinin mütərəqqiliyini vurğulayan dövlət başçısı İlham Əliyev gələcək inkişafımızı zəngin tarixi keçmişə söykənən adət-ənənələrimizlə müasir ideyaların sintezində görməklə, ölkəmizdə milli-dini dəyərlərin qorunub saxlanılması istiqamətində ardıcıl işlər həyata keçirir. Bütün bunlar bir daha göstərir ki, Prezident İlham Əliyev tarixi keçmişimizin unudulmasına imkan vermir və çalışır ki, gələcək nəsillər xalqımızın milli-mənəvi dünyasına daha çox bağlı olsunlar.

...Zaman keçir və çox şeyi dəyişir. Amma dəyişməyən bir həqiqət var: tolerantlıq Azərbaycan xalqının xarakterik keyfiyyəti, Azərbaycan cəmiyyətinin nailiyyəti, dözümsüzlük burulğanında müvazinətini itirmiş dünyanın məqsədidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti