...

“Famelab” müsabiqəsinin qalibi Mirlan Kərimov: Bakı Ali Neft Məktəbinin qələbəmdə böyük rolu var

Cəmiyyət Materials 18 May 2016 11:41 (UTC +04:00)
Mirlan Kərimov 26 dekabr 1996-cı ildə Şamaxı rayonunda anadan olub. 2003-cü ildə Şamaxı rayon M.Hadi adına 9 saylı orta məktəbin birinci sinfinə gedib.
“Famelab” müsabiqəsinin qalibi Mirlan Kərimov: Bakı Ali Neft Məktəbinin qələbəmdə böyük rolu var

Bakı. Trend:

Bakı Ali Neft Məktəbinin (BANM) "Neft-qaz mühəndisliyi" ixtisası üzrə təhsil alan II kurs tələbəsi Mirlan Kərimov British Council və Qafqaz Universitetinin birgə layihəsi olan, Famelab - Şöhrət Labaratoriyası yarışmasının elm və ictimai sahədə işləyən, eləcə də texniki mütəxəssislər, elm, texnika, mühəndis, tibb və yaxud riyaziyyat sahələrində çalışan 18-35 yaş arası olan şəxslərin iştirak etdiyi və çoxsaylı yarışma iştirakçılarından yalnız 10 nəfərin iştirak üçün vəsiqə aldığı final mərhələsində I Yerin və "Ən çox rəğbət qazanan" Yerin qalibi olub.

Mirlan Kərimov 26 dekabr 1996-cı ildə Şamaxı rayonunda anadan olub. 2003-cü ildə Şamaxı rayon M.Hadi adına 9 saylı orta məktəbin birinci sinfinə gedib. O, 2009-cu ildən təhsilini Şamaxı rayon texniki, təbiət və humanitar təmayüllü liseydə davam etdirib.

2014-cü ildə həmin liseyin məzunu olub, o, qəbul imtahanlarında 660 bal toplayaraq Bakı Ali Neft Məktəbinin "Neft-qaz mühəndisliyi" ixtisasına qəbul olub. Özünün dediyinə görə, hobbiləri fizika, din və fəlsəfə əlaqələrini araşdırmaq, qurğular düzəltmək, rəsm və foto çəkmək, şeir və qəzəl yazmaqdır. İdmanı isə özünün həyat tərzi hesab edir. 5 il "taekwondo" və 3 il boks ilə məşğul olub. Dəfələrlə diplom və medallarla təltif edilib. İdmanda uğurları yetərincədir. Hal-hazırda MMA (mixed martial arts) ilə məşğuldur. Mirlana ilk sualımız bu müsabiqədə iştirakı və təqdim etdiyi mövzu ilə bağlı oldu:

- Əvvəllər "FameLab" haqqında eşitməmişdim. Bakı Ali Neft Məktəbinin "Elanlar" lövhəsində "FameLab"-ın elanını gördüyüm anda bunun mənim üçün ilk və ən böyük şans olduğunu anladım. Nəhayət ki, illərdir ən çox araşdırdıqlarımı və öyrəndiklərimi auditoriya qarşısında göstərmək şansım olacaqdı. Dərhal müraciət etdim və yarışın yarımfinal mərhələsində iştirak hüququ qazandım. Yarımfinal mərhələsində təqdim etdiyim mövzu Heyzenberqin qeyri-müəyyənlik prinsipi (Heisenberg's Uncertainty Principle) idi. Bildiyimiz kimi, bu prinsip Kvant fizikasının əsasını təşkil edir və mən də son 3 ildə kvant fizikasını çeşidli mənbələrdən araşdırmışam. Yarışmaya müraciət edərkən də tezisi yazmaq üçün mənbə kimi beynimi istifadə etdim, necə deyərlər, oturdum və yazdım. Finaldakı mövzum yarımfinaldakından çox fərqli bir mövzu idi. Bu klassik fizikadan bildiyimiz mexaniki dalğalar və rezonans bölməsi idi. Mən də düzəltdiyim çeşidli cihazlar və eksperimentlərlə fizikanın bu bölməsini auditoriyaya əyani şəkildə və sadə dildə izah etməyə çalışdım. Bu bölməni isə orta məktəb dövründə öyrənmişdim.

- Bəs öz qalibiyyətinə inanırdınmı?

- Bəli, inanırdım. Bu yarışmanın son dərəcə şəffaf aparıldığı haqqında artıq məlumatım var idi. İllərdir çəkdiyim əziyyətlərin artıq bu yarışmada öz bəhrəsini verəcəyinə inanırdım. Ətrafımdakı insanların mənə verdiyi dəstək isə ən böyük motivasiyam idi. Bəzi prinsiplər isə məni bu qələbəyə aparan yardımçılardan biri idi. Bildiyiniz kimi, Ali Məktəbdəki ixtisasım çıxış etdiyim sahədən fərqli sahədir. Seçimlərdə "İngilis dili" qiymətləndirmənin bir komponenti idi və 10 üzərindən 9 almışdım. Yəni Ali Məktəbdə sıfırdan öyrəndiyim ingilis dilinin qələbəmdə böyük rolu var. Ali Məktəbdə mənə öyrədilən yüksək səviyyəli ingilis dilinin növbəti mərhələdə, yəni dünya çempionatında da mənə çox yararlı olacağı danılmazdır.

- Gələcəkdə hər hansı bir kəşf barədə düşünürsənmi?

- Ümumiyyətlə, fizikanın və fizika üzərində araşdırmalarımın həyatımın hər anı ilə bağlı olacağını düşünürəm. Bir çox hallarda yeni bir şeylər tapıram, amma sonra onun artıq kəşf olunduğunu görürəm. Əsas odur ki, bu potensialı özümdə görürəm və hələlik işim bütün kəşf olunmuşları öyrənməkdir ki, nəyin kəşf olunmadığını bilim. Düzdür, bunu demək üçün hələki çox az şey bilirəm, amma ən böyük arzum fizika sahəsində Nobel mükafatını Azərbaycana qazandırmaqdır.

- Yarışma hansı təəssüratlarla yadda qalıb və Britaniyada keçiriləcək əsas mərhələdə hansı mövzuda təqdimat keçirəcəksən?

- Yarışmadan çox gözəl təəssüratlar əldə etdim. Birincisi, finalçıların hər biri, münsiflər heyəti və təşkilatçılar çox mehriban insanlar idilər və mən yeni dostlar əldə etdim. İkincisi, mənə verilən qiymətli hədiyyələr idi ki, bunlar da məni çox sevindirdi. Ən əsası isə, mən bir çox insanlara gerçəklikləri göstərdim və əminəm ki, onlar bunu anladılar və bundan sonra oxşar səhvləri etməyəcəklər. Həyatdakı prinsiplərim və insanlığa yararlı olmaq mənim üçün ən önəmli şeylərdir. Hələki hansı mövzuda çıxış edəcəyimə qərar verməmişəm. Böyük ehtimal ki, bu mövzü termodinamika, kvant fizikası və ya radioaktiv bölünmə mövzularından biri haqqında olacaq.

- Beynəlxalq yarışmada qalib olacağına nə qədər inanırsan?

- Düzü, qələbəmdən sonra məndə bir az rahatlıq hissi var idi. Artıq respublika birincisi olmaqla, öz-özümə "qalibiyyəti əldə etmisən"- deyirdim. Amma sonra ətrafımdakıların mənə verdikləri dəstək mənim çiyinlərimə sanki yeni bir yük qoydu. Artıq anladım ki, əslində əldə etdiyim birincilik hələ əsl qalibiyyət deyil, əsl qalibiyyətə aparan qapıdır. Azərbaycanın beynəlxalq arenada elm sahəsində uğurlu ola biləcəyini sübut etmək üçün əlimdən gələnin daha artığını edəcəyəm.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti