...

"İnsan hüquqlarının müdafiəsi dövlət siyasətinin əsas istiqamətlərindəndir" (FOTO)

Cəmiyyət Materials 17 İyun 2016 17:39 (UTC +04:00)
“İnsan hüquqlarının müdafiəsi Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi” mövzusunda elmi konfrans keçirilib.
"İnsan hüquqlarının müdafiəsi dövlət siyasətinin əsas istiqamətlərindəndir" (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin birgə təşkilatçılığı ilə 18 iyun – İnsan hüquqları gününə həsr olunmuş “İnsan hüquqlarının müdafiəsi Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi” mövzusunda elmi konfrans keçirilib.

Fondun İnformasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında keçirilmiş açılış mərasimində AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli, Konstitusuya Məhkəməsinin sədr müavini Sona Salmanova, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov çıxış ediblər.

Akademik İsa Həbibbəyli Azərbaycanda insan hüquq və azadlıqlarının təmin olunması sahəsində dönüşün ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra yarandığını söyləyib. O, ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsi və qorunması istiqamətində atılan addımlardan, ümummilli lider Heydər Əliyevin xidmətlərindən söz açıb, bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib.

Konstitusiya Məhkəməsi sədrinin müavini Sona Salmanova bildirib ki, müasir dövlətçiliyimizin memarı və qurucusu Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan, müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi ilə cəmiyyət və dövlət həyatında demokratik dəyişikliklər üçün geniş yol açılıb, insan və vətəndaş hüquq və azadlıqlarının təminatına, onların müdafiə mexanizmlərinə xüsusi yer verilib. Əsas Qanunun ən geniş fəsli məhz fundamental insan hüquq və azadlıqlarından bəhs edir.

Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, yarandığı gündən Bilik Fondu bir sıra sahələr üzrə, eyni zamanda, əhalinin hüquqi maarifləndirilməsi ilə bağlı bir sıra işlər görüb. Bu istiqamətdə fond tərəfindən müxtəlif tədbirlər həyata keçirilib. 2016-cı ildə Bilik Fondu 16 yerli, regional, beynəlxalq konfrans keçirib ki, onlardan dördü hüquqi məsələlərə həsr olunub. Fondda 700-dən çox mühazirəçi var. Onlardan 32-si hüquqşünasdır. Qurum tərəfindən ölkənin müxtəlif rayonlarında yaradılan Bilik evlərində təşkil edilən mühazirələrin əksəriyyəti hüquq məsələlərinə həsr olunub.

Tədbirin digər təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirən O.Səmədov konfransın işinə uğurlar arzulayıb.

Konfransda Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyevin “Azərbaycanda insan hüquqlarının təminatı hüququ müstəvidə”, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyevin “Azərbaycan Respublikasının Konstitusiyasında insan hüquqlarının müdafiəsi məsələsi və beynəlxalq standartlar”, Konstitusiya Məhkəməsi Aparatının Məhkəmə Qərarlarının icrasına nəzarət sektorunun müdiri İntiqam Eyvazovun “Konstitusiya nəzarəti insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi mexanizmlərindən biri kimi” mövzuların Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu da məruzələri dinlənilib.

Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dövlət İdarəçilik Akademiyasının, Polis Akademiyasının, Fövqəladə Hallar Nazirliyi Akademiyasının, Vergilər Nazirliyinin, Hüquq və İnsan Haqları İnstitutunun, Dövlət Gömrük Komitəsinin nümayəndələri məruzəçi qismində iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti