Bakı. Elçin Hüseynov - Trend:
"Azərbaycan Jurnalistlər Şəbəkəsi" (AJŞ) və "ACT Azərbaycan" araşdırma şirkəti “Mətbuata xidmət edənlər” layihəsinin icrasına başlayıb. Layihənin əsas məqsədi 22 iyul Milli Mətbuat Günü ərəfəsində il ərzində mediada fəaliyyəti ilə fərqlənmiş ən yaxşı mətbuat katibləri və jurnalistlərin adlarını müəyyənləşdirməkdir.
Bu barədə Trend-ə AJŞ-də bildiriblər.
Bunun üçün layihə çərçivəsində jurnalistlər və mətbuat katibləri arasında sorğu keçiriləcək və sorğunun nəticələrinə görə ən çox qiymət toplayan media nümayəndələri və mətbuat katiblərinin adları ictimaiyyətə açıqlanacaq.
Layihə çərçivəsində media ilə əlaqələrin qurulmasında dövlət və özəl sektorda ən məhsuldar çalışan mətbuat katibləri 100 jurnalist arasında keçirilmiş anket sorğusu əsasında müəyyənləşdirləcək.
Eləcə də, anket sorğusuna cəlb olunacaq 50-dən çox mətbuat katibi beş mövzu (siyasət, iqtisadiyyat, sosial, mədəniyyət və idman) üzrə il ərzində ən məhsuldar media nümayəndələrinin adlarını qeyd edərək ən yaxşı jurnalistlərin adlarını müəyyənləşdirəcək.
Layihənin nəticələri 22 iyul Mətbuat Günü ərəfəsində açıqlanacaq. Azərbaycan Jurnalistlər Şəbəkəsi İB-nin www.ajn.az İnternet ünvanına daxil olaraq layihə barədə daha ətraflı məlumat əldə etmək mümkündür.