Bakı. İlhamə İsabalayeva - Trend:
"Ağrılı məsələ bir pilləkən qəfəsində 7-8 mənzil yerləşdirilən yaşayış binalarının layihələndirilməsidir. Bu mənzillərin əksəriyyətinin bir otaqlı olması gələcəkdə bir sıra məişət problemlərinin yaranmasına gətirib çıxara bilər".
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Trend-ə verilən məlumata görə, bunu Komitənin sədri Abbas Ələsgərov Bakı şəhəri rayonlarının İcra Hakimiyyəti başçılarının müavinləri və baş memarları ilə görüşündə deyib.
Eskiz layihələrini hazırlayan memarların səriştəsizliyindən, şablon layihələrdən istifadə etməsindən danışan komitə sədri bildirib ki, bu gün öz işinə etinasiz yanaşan bu layihəçilər standart olaraq 16 mərtəbəli binalar layihələndirməklə, bir çox hallarda isə artıq hazır olan layihələrinə kosmetik düzəlişlər etməklə işlərini bitmiş hesab edirlər. Г-şəkilli və yaxud 10-14 mərtəbəli bina layihələri bu gün demək olar ki, yox səviyyəsindədir: “3D modellərin qurulması ilə bir sıra hallarda tikintidə qeyri-peşəkar olan investorların gözünə kül üfürməklə onlarda özləri barədə yüksək rəy yaratmağa çalışırlar. 3D modellər ayrı bir binanı təsvir etməklə yekunlaşmamalı, bütün dünyada olduğu kimi, onu şəhərsalma baxımından tam xarakterizə etməlidir. Təqdim edilmiş eskiz layihələrindəki fasadlar isə dözülməz vəziyyətdədir”.
A.Ələsgərov bu məsələdə heç bir güzəştin mümkün olmayacağını, fasadların estetik cəhətdən mükəmməl hazırlanmalı olduğunu və ümumi bir ansambl yaratmalı olduğunu kəskin şəkildə diqqətə çatdırıb.
Komitə sədri qeyd edib ki, “Nöqtəvi”, “pərakəndə” tikinti layihələri xroniki xəstəlik olaraq qalır: ““Pilot layihə” çərçivəsində əgər qəzalı hər hansı bir binanın – məsələn yataqxananın, təxirəsalınmadan sökülməsinə ehtiyac yaranmışdırsa, onun yerində təcili bir yaşayış binasının tikintisinə razılıq verilməsi mümkündür. Lakin bu yalnız sonradan qısa bir zamanda müvafiq ərazinin planlaşdırma işlərinin yerinə yetirilməsi, ona qədər isə həmin ərazidə heç bir tikinti fəaliyyətinin həyata keçirilməməsi şərtilə mümkündür”.
A.Ələsgərov bildirib ki, məhəllələrin tikinti planlaşdırma layihələrinin (5 ha-ya qədər, lakin 1 ha-dan az olmamaqla) əsas şəhərsalma normativləri əsasında hazırlanması tövsiyə olunur. Daha sonra Komitənin tabeliyindəki qurumun planlaşdırma işini həyata keçirərək reqlament müəyyənləşdirdiyi ayrı-ayrı sahələr tikinti şirkətlərinə təklif olunmalı, orada yerləşdiriləcək obyetklər üzrə planlaşdırma həllərinin tələblərinə tam cavab verən eskiz layihələri hazırlanmalıdır. Bu zaman investorlarla işin bütün ağırlığı və məsuliyyəti icra hakimiyyətlərinin öhdəsinə düşür.