...

İlham Əliyev: Beynəlxalq idman yarışlarının keçirilməsi Azərbaycanın gücünü, Azərbaycana olan hörməti göstərir

Cəmiyyət Materials 1 Sentyabr 2016 21:34 (UTC +04:00)
Beynəlxalq idman yarışlarının keçirilməsi Azərbaycanın gücünü, Azərbaycana olan hörməti göstərir
İlham Əliyev: Beynəlxalq idman yarışlarının keçirilməsi Azərbaycanın gücünü, Azərbaycana olan hörməti göstərir

Bakı. Trend:

Beynəlxalq idman yarışlarının keçirilməsi Azərbaycanın gücünü, Azərbaycana olan hörməti göstərir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparacaq Azərbaycan yığma komandalarının üzvləri ilə görüşündə deyib.

Dövlət başçısı qeyd edib ki, Bakıda artıq mötəbər beynəlxalq tədbirlərin keçirilməsi bir ənənəyə çevrilibdir: "Bildiyiniz kimi, Azərbaycanda Avropa, dünya çempionatları keçirilir və çox uğurla keçirilir. Azərbaycan artıq dünyada inkişaf etmiş ölkə kimi tanınır. Azərbaycana gələn qonaqların demək olar ki, mütləq əksəriyyəti öz vətənlərinə ən xoş təəssüratlarla qayıdırlar. Əminəm ki, bu Olimpiadada iştirak edəcək bütün şahmatçılar şəhərimizlə, ölkəmizlə tanış olacaqlar, bu iki həftə ərzində Azərbaycanı sevəcəklər və ondan sonra ola bilər ki, turist kimi də ölkəmizə qayıdacaqlar".

İlham Əliyev vurğulayıb ki, beynəlxalq idman yarışlarının keçirilməsi Azərbaycanın gücünü, Azərbaycana olan hörməti göstərir: "Ötən il birinci Avropa Oyunları çox böyük uğurla keçirilmişdir. Deyə bilərəm ki, Yay Olimpiya Oyunlarının səviyyəsində keçirilmişdir. Bu il “Formula-1” yarışı keçirilmişdir ki, bunun da auditoriyası 500 milyon insandır. Gələn il isə İslam Həmrəyliyi Oyunları keçiriləcək və bu gün Şahmat Olimpiadası başlayır. Mənə verilən məlumata görə, 175 ölkənin nümayəndələri Olimpiadada iştirak edəcəklər və bu, rekord göstəricidir. Azərbaycan da bu Olimpiadada 3 kişi, 3 qadın komanda ilə təmsil olunacaq. Mən sizə uğurlar arzulayıram. Siz müxtəlif beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil edirsiniz, yaxşı nəticələr göstərirsiniz. Bizim kişilərdən ibarət komandamız iki dəfə Avropa çempionu olmuşdur. Digər beynəlxalq yarışlarda yüksək yerlərə layiq görülmüşlər. Bizim aparıcı şahmatçılarımız həmişə yüksək reytinqlərlə bütün tanınmış şahmatçılar arasında yer tuturlar. Yəni, bizim ümidlərimiz var ki, bu yarışda da siz doğma Vətəndə ölkəmizi ləyaqətlə təmsil edəcəksiniz.

Bizim idmançılarımızın, şahmatçılarımızın, - demək istəyirdim ki, əksəriyyəti, amma belə çıxır ki, hamısı, - gəncdir, çox yaraşıqlıdır, gözəldir və bu, əslində müstəqil Azərbaycanın böyük uğurudur. Çünki siz müstəqil dövrdə formalaşırsınız, bəziləriniz müstəqillik dövründə dünyaya gəlibdir. Sizin gözəl gələcəyiniz var. Siz şahmatda artıq böyük uğurlara nail ola bilmisiniz və əminəm ki, həyatda bundan sonra da özünüz üçün layiqli yer tutacaqsınız və tutmusunuz. Bu gün göstərir ki, ancaq müstəqillik dövründə bizim xalqımız sürətlə, uğurla inkişaf edə bilər. Həm idman yarışlarında, bütün başqa sahələrdə müstəqillik dövrü, - əgər bütün Azərbaycan tarixini nəzərdən keçirsək, - ən uğurlu dövrdür. Nəyə görə? Çünki xalqımız azaddır, taleyimiz öz əlimizdədir. Biz Azərbaycanı inamla idarə edirik".

Prezident bildirib ki, Azərbaycan vətəndaşları müstəqilliyin bəhrəsini görürlər: "İdmanda, o cümlədən şahmatda bizim əsas uğurlarımız məhz müstəqillik dövrünə təsadüf edir.
Bu yaxınlarda Rioda Yay Olimpiya Oyunlarında bizim idmançılarımız rekord nəticə göstəriblər. Medalların sayına görə dünya miqyasında 14-15-ci yerləri bölüşürlər. Şahmatçılarımız da böyük zirvələrə çatıblar. Əminəm ki, gələcəkdə də siz həmişə bizi sevindirəcəksiniz".

İlham Əliyev deyib ki, şahmatın inkişafı Azərbaycanda dövlət siyasətidir: "Bütün şəhər və rayonlarımızda şahmat məktəbləri fəaliyyət göstərir. Bu ənənə hələ 1970-ci illərdə, o vaxt Azərbaycana rəhbərlik etmiş ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində şahmat məktəblərinin böyük əksəriyyəti ya bağlanmışdı, ya sıradan çıxmışdı, ya da ki hərracda satılmışdı. Onların yerində dükanlar, restoranlar açıldı. Çox təəssüfedici haldır. Ancaq ulu öndər Heydər Əliyev Azərbaycana qayıdandan sonra şahmata diqqət yenə də lazımi səviyyəyə qalxdı. Ulu Öndər o vaxt dəfələrlə bizim uşaq şahmatçılarımızla görüşmüşdür və rayonlarda şahmat məktəblərinin açılışlarında mən o məşhur şəkli həmişə görürəm - Teymur, Şəhriyar, rəhmətlik Vüqar, Qədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti