...

Coğrafiya İnstitutu: Sürüşmə ərazilərindəki fəallıq kəskinləşəcək (ÖZƏL)

Cəmiyyət Materials 6 Sentyabr 2016 10:43 (UTC +04:00)
Yaxın günlərdə havaların yağıntılı keçəcəyinin proqnozlaşdırılması ilə əlaqədar bəzi sürüşmə ərazilərinin fəallaşacağı gözlənilir.
Coğrafiya İnstitutu: Sürüşmə ərazilərindəki fəallıq kəskinləşəcək (ÖZƏL)

Bakı. İlhamə İsabalayeva - Trend:

Yaxın günlərdə havaların yağıntılı keçəcəyinin proqnozlaşdırılması ilə əlaqədar bəzi sürüşmə ərazilərinin fəallaşacağı gözlənilir.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib.

O qeyd edib ki, son günlər ərzində havanın yağıntılı keçməsi və yaxın 1 həftə ərzində də havanın yağıntılı keçəcəyinin gözlənilməsi yalnız çaylarla bağlı deyil, həm də sürüşmə əraziləri ilə bağlı problemin yaranmasına - ərazilərin fəallaşmasına gətirib çıxara bilər.

Hazırda ölkə ərazisindəki sürüşmə sahələrində nisbi fəallaşmanın olduğunu deyən E.Əlizadə bildirib ki, amma 1 həftə ərzində yağıntılar davam edərsə, problemin kəskinləşəcəyini gözləmək olar.

İnstitutun direktor müavinin sözlərinə görə, sürüşmə ərazilərinin fəallaşması Böyük Qafqazın cənub-şərq yamacında, xüsusilə İsmayıllı, Şamaxı zonasında və Böyük Qafqazın şimal-şərq yamacında - Şabran, Xızı, Siyəzən, Quba zonasında, qismən isə Qusarda, eyni zamanda Lənkəran zonasında gözlənilir: “Hazırda nisbi fəallaşma var. Amma onu hələ ki, biz hiss edirik, oradakı sakinlər hiss etmir. Bu 1 həftə ərzində də rütubətli hava davam edərsə, orada fəallaşmanı gözləmək olar. Bakı-Şamaxı-İsmayıllı yolunda, Bakı-Şamaxı-Ağsu yolunda, eyni zamanda Gədəbəy-Daşkəsən zonasında, xüsusilə Gədəbəydəki sürüşmə sahələrində fəallaşma gözləmək olar”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti