...

Coğrafiya İnstitutu: Bu il Azərbaycanda havalar gec sərinləşir

Cəmiyyət Materials 9 Sentyabr 2016 14:37 (UTC +04:00)
Ötən illərlə müqayisədə bu il Azərbaycanda havaların sərinləşməsi nisbətən gec qeydə alınıb.
Coğrafiya İnstitutu: Bu il Azərbaycanda havalar gec sərinləşir

Bakı. İlhamə İsabalayeva - Trend:

Ötən illərlə müqayisədə bu il Azərbaycanda havaların sərinləşməsi nisbətən gec qeydə alınıb.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

Onun sözlərinə görə, Azərbaycanda adətən, sentyabr ayı daha sərin keçir: “Artıq 3 gündür ki, sərinlik hiss edirik. Dağlıq rayonlarda yağış yağmağa başlayıb. Bu da şimal-qərb istiqamətli hava kütləsinin qəfildən Azərbaycana daxil olmasının nəticəsidir. Ancaq Azərbaycanda adətən, avqustun 20-dən sonra havanın sərinləşməsi daha çox nəzərə çarpırdı. Bu il isə avqust ayı tamamilə isti, hətta çox isti olub”.

M.Həsənov deyib ki, adətən, avqustun 20-dən sonra havanın temperaturu 26-30 dərəcə isti olur. Amma bu il 32-39 dərəcə müşahidə edildi.

M.Həsənov sentyabrın ilk günlərində ucqar ərazilərə sulu qarın yağmasını da normal hal sayıb.

Onun sözlərinə görə, sulu qar dəniz səviyyəsindən 2200-2300 metrdən yuxarı olan ərazilərə yağıb: “Belə yerlərə avqustun sonunda da qarın düşməsi heç təəccüblü deyil. Sentybar ayı üçün isə dəniz səviyyəsindən 2200-2300 metrdən yuxarı olan ərazilərə qarın yağması adi haldır. Əgər dəniz səviyyəsindən 600-700 metrdən yuxarı olan ərazilərə - Qubaya, Şamaxıya qar yağsaydı, bu, çox təəccübli, anomal bir hal olardı”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti