Bakı. Trend:
Bu gün Şamaxı şəhər “Cümə” məscidində “Beynəlxalq Tolerantlıq Günü” münasibəti ilə “Tolerantlıq-Azərbaycan xalqının milli zənginliyi kimi” mövzusunda tədbir keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, komitənin Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Səbuhi Həsənov, QMİ-nin Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev, Şamaxı şəhər “Cümə” məscidi mərkəz dini icmasının üzvləri, Şamaxı və Qobustan rayonları üzrə qeydiyyatdan keçən dini icmaların sədrləri, ağsaqqallar və ictimaiyyət nümayəndələri iştirak edib.
Məruzələrdə bildirilib ki, Prezidentin 2016-cı ili “Multikulturalizm ili” elan etməsi dünya ictimaiyyətinə, intellektual qüvvələrə bir çağırışdır. Dövlət başçısı düşünülmüş bu addımı atmaqla Azərbaycan xalqının indiyə qədər yaşatdığı və bundan sonra da yaşadacağı dəyərləri elan edib. Natiqlər Azərbaycanın tolerantlıq və multikulturalizm modellərinin dünyaya uğurla təqdim edilməsini, məzhəblərarası tolerantlığın həyat tərzinə çevrildiyi ölkəmizdə müxtəlif inancların qarşılıqlı hörmət şəraitində yaşamasının tarixi ənənələrin və məqsədyönlü dövlət siyasətinin göstəricisi olmasını tədbir iştirakçılarının nəzərinə çatdırıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.