Bakı. Trend:
Bakı Ali Neft Məktəbində (BANM) İndoneziya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fananinin rəhbərlik etdiyi və bu ölkənin dövlət qurumlarının, ali təhsil müəssisələrinin rəhbər işçilərindən və professor-müəllim heyətindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib.
Bu barədə Trend-ə BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
BANM-in Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov Ali Məktəbin rektoru Elmar Qasımovun adından qonaqları salamlayaraq onları Azərbaycanda və bu ali təhsil müəssisəsində görməkdən məmnun olduğunu dilə gətirib. O, BANM-in yaranma tarixi, fəaliyyəti, bu ali təhsil müəssisəsinin beynəlxalq əlaqələri, tədris prosesi haqqında təqdimatla çıxış edib, qonaqlara ətraflı məlumat verib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə yaradılmış Ali Məktəbdə qısa vaxtda ölkə başçısının “Neft kapitalını insan kapitalına çevirməliyik” çağırışının reallaşdığını bildirib.
Səmimi qəbula görə təşəkkür edən İndoneziya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fanani nümayəndə heyətinin Bakıda keçirilən İndoneziya Mədəniyyət Festivalında iştirak etmək məqsədilə Azərbaycana səfər etdiklərini, təmsil etdiyi ölkənin elm və təhsil sahəsində Azərbaycan universitetləri ilə əməkdaşlıqda maraqlı olduğunu və bu əməkdaşlığa dəstək verməyə hazır olduğunu bildirib.
Qonaqlar BANM-də olmaqdan məmnunluqlarını dilə gətirərək belə görüşlərin ikitərəfli əlaqələrin inkişafına böyük töhfə verəcəyini qeyd ediblər. Görüşdə universitetlərarası gələcək əməkdaşlıq əlaqələrinin qurulması, həmçinin təhsil və elm istiqamətində qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.